Şeirləri Azərbaycan, Türkiyə, İran (Təbriz), Özbəkistan, Qırğızıstanda nəşr olunan, “Ziyadar”, “İlin vətənpərvər şairi”, “Qızıl qələm” mükafatlarına layiq görülən Z.İlhamoğlunun “Sözə çevrilən duyğular” kitabında verilən şeirlərə münasibətimi bildirmək, fikrimi sizlərlə - oxucularla bölüşmək istəyi keçdi ürəyimdən. Bundan əvvəlki məqaləmdə kitabda verilən “Vətənpərvərlik şeirləri” haqqında yazmışdım. İndi isə “İctimai-siyasi şeirlər” başlığında verilmiş şeirlər haqqında fikrimi bildirəcəyəm. Bu bölmədə 77 şeir verilib. Bu şeirlərin hamısı mövzusu, ideyası, məzmunu ilə diqqətimi cəlb edir. Şeirlər o qədər ruhumu oxşayır ki, bilmirəm, hansından söz açım, hansını təhlil edim. Bu bölmədəki ilk şeir “Mən elə bir şairəm ki” şairin əsas məramını, hisslərini oxucu üçün aydınlaşdırır. Əsl şairin misraları ürəyinin səsindən düzülməlidir. Əsl şair insanların arzularını bilən, yaşamaq üçün öz misraları ilə onlara ruh verəndir. Əsl şairin var-dövləti, başı göylərə dəyən ev-eşiyi olmur. Əsl şair məddah, yaltaq olmur. O, haqqı danışır, haqqı yazır, qələmi ilə döyüşür, şəhid ailəsinin dərdini, acısını öz dərdi bilir. Əsl şair üçün xoşbəxtlik oxucu sevgisidir. Şairin özünün də dediyi kimi
Mən elə bir şairəm ki,
Misraları düzmüşəm
Ürəyimin səsindən.
Şeirlərim yaranıb
içimdən doğan sonsuz
yaratmaq həvəsimdən.
İnsanları görmədən ürəkləri oxudum.
Mən sözü naxış edib
söz xalçası toxudum.
...Bəzən göz yaşlarımı misralara boşaltdım.
Həmin o misralarla kimlərəsə ruh verib,
kimlərisə yaşatdım.
Mən hər bir oxucunun göstərdiyi sevgini
bir xoşbəxtlik sanmışam.
Şair üçün ən böyük sevgi hesab edilən
oxucu sevgisini sağ ikən qazanmışam.
Bu bölmədəki şeirlərdə şair hadisələrə fəlsəfi münasibətini bildirir.
İnsanın zəkası, insanın ağlı
İnsanı məhv edən qüvvəyə döndü.
İnsan zəkası, insan ağlı ağıllı işlərə, ağıllı kəşflərə yönəlməlidir. Amma Allahın əliylə yaranan insan Allahlıq iddiasına düşərsə, dünyanı dağıdacaq silahlar, atom bombası, daha nələr, nələr yaradılarsa,
Gələcək yaratdı öz əlləriylə,
İmkanlar gözünə sonsuz göründü.
İnsanın zəkası, insanın ağlı
İnsanı məhv edən qüvvəyə döndü.
Özü öz bəxtini yazmaq istədi,
Bilmədi bir zaman qələmi sına.
Allahın əliylə yaranan insan
Düşərmiş Allahlıq iddiasına.
Amma düşünməyir qoca dünyanın
Əzəldən köksündə bir qanunu var:
“Bir gün ağlasığmaz olan yüksəklik
Bir gün də uçulub tamam məhv olar”.
Bu qaçış, bu sürət, bu cür estafet
Dünyanı içindən dağıdacaqdır.
Şair xeyirxah, sadə, kömək istəyənə kömək edən insanları sevir. Elə insanlar var ki, içində böyük bir dərdi ola-ola yenə də gələcəyə ümidlə baxır, ürəyi həyat eşqiylə döyünür. Şair ürəyi köksündə sevgiylə döyünən, həyat eşqiylə alışıb yanan, kimsəyə kin bəsləməyən, içindən sel kimi qara qanlar axsa da, bunu kimsəyə bildirməyən, aza qane olan insanları qiymətləndirir, onların xoşbəxt olmasını arzulayır. “Bir insan tanıdım” şeirində belə insanların ümumiləşdirilmiş surətini yaradır.
Çox acı yaşatmış bu həyat ona,
İçindən sel kimi axar qara qan.
Gəl ki heç zaman
Hələ bir kimsəyə bildirməz bunu,
Həyatın acılar yaşatdığını,
İçində böyük bir dərd olduğunu.
İnsanlıq hissləri qəlbinə hakim,
İnsanlıq duyğusu qəlbini sarmış.
Sən onu gördükcə düşünürsən ki,
Gör onun nə gözəl ürəyi varmış?!
Kaş ki bu həyatda elə insanlar
Çox ola hər zaman, çox ola hər an.
Gözəllik bürüyər bütün dünyanı,
Dərd çəkməz bizim bu işıqlı cahan.
Kitabı vərəqlədikcə şairin şeirlərində ailə dəyərlərinə verilən qiymət diqqətimi cəlb edir. “Ata heykəli”, “Mənə anamı verin”, “Anasız qaldığım gündən”, “Anamın ağ saçları”, “Anasızlıq”, “Bacı” şeirlərində bir oğulun, bir vətəndaşın öz doğmalarına, ailə üzvlərinə münasibəti, onlara verdiyi dəyər oxucunu düşündürür. Bu şeirləri oxuyan oxucu fikirləşir ki, vətən sevgisi də elə ailədən başlayır. Ailəsini sevən vətənini də sevir, onu qoruyur, lazım gələndə onun yolunda şəhid də olur.
“Ata” şeirində şair ataya elə bir heykəl qoyulmasını istəyir ki, o heykəldə atanın əlinin qabarı, üzünün qırışları, alnındakı tər damcıları, bir də dünyanı zəhmindən titrədəcək zəhmli baxışları əks olunsun. Ata heykəli adi qaya parçasından yox, qranitdən yonulsun.
Bir ata heykəli ucaldın
Dünyanın mərkəzində.
Uca,
Qamətli,
Möhtəşəm,
Əzəmətli.
Bütün kainat görə bilsin.
Kəhkəşanlar ayağına döşənsin,
günəş önündə salam verə bilsin.
Adi qaya parçasından yox,
Qranitdən oyun.
...Bir ata heykəli ucaldın.
Gəlib-gedən nəsillər
heyrətlə tamaşa etsin
bu möhtəşəm əsərə.
Baxsın, şahid olsun
Ata adlı müqəddəs varlığa
verilən dəyərə.
Bu möhtəşəmlik
möhtəşəmlik versin kainata.
Altından yazın qızıl hərflərlə:
“Bütün dövrlərin peyğəmbəri – Ata”.
Anaya aid yazdığı şeirlərdə ana qayğısı, ana laylası, analı dünyanın gözəlliyindən söz açan şair anasızlığın gətirdiyi böyük ağrını da gizlətmir.
Əsl acı nədir bildim
Anasız qaldığım gündən.
Yüz dəfə ölüb dirildim
Anasız qaldığım gündən.
Doluydum, boşa çevrildim,
Gözləri yaşa çevrildim.
Qanadsız quşa çevrildim
Anasız qaldığım gündən.
Şair həyatda hər şeyindən keçməyə hazırdır. Təki bir dəfə anasını görsün. “Mənə anamı verin” şeirində çəkdiyi ana həsrətindən qurtulmağın yolunu “Anasızlıq” şeirində dediyi kimi anasının məzarını ziyarət etməklə tapır.
Heyif, deyəmmirəm anasızam mən,
Ürəyim sınıqdır, qəlbim şikəstə.
Anasız dünyama, anasızlığa
Təskinlik tapıram məzarı üstdə.
Görəsən, həyatda elə bir qüvvə varmı ki, anasızlıq dərdini az da olsa azaltsın, ata həsrətilə yanan ürəyə su səpsin, təskinlik versin. Şeiri oxuyanda qəribə hisslər keçirdim. Atalı, analı günlərimi xatırladım. İndi ata-anamın qəbrini ziyarət etməklə təskinlik tapıram. Allaha şükür edirəm ki, sevincimi böləcək, dərdimi deyəcək bacım var. Zaur İlhamoğlunun “Bacı” şeirində dediyi kimi
Ax, bacı ürəyi, bacı ürəyi,
Səndəki o böyük ürəyə bir bax.
Gör necə saf hisslər, saf duyğularla
Sinənin altında o döyünərmiş.
Mən elə bilirdim, belə bir ürək
Həyatda anamın ürəyidir tək.
Demə, Ulu Tanrı anadan sonra
O böyük ürəyi bacıya vermiş.
Duyğular insanın iç dünyasıdır. Bu iç dünyada baş verənlər: insanın çəkdiyi ağrılar, acılar, kədər, qəm, sevgi, hörmət hissi, ananın balasına olan sonsuz sevgisi, laylası, hamısı sözlərlə ifadə olunur. Duyğuları sözlərə çevirəndə başqa bir dünya yaranır. Vətən sevgisi, sevirəm kəlməsi ən gözəl duyğuların ifadəsi deyilmi? Şair insanın duyğularına fəlsəfi məna verib onu necə gözəl sözlərlə, şeir dili ilə oxuculara çatdırır.
Duyğu insanların iç dünyasıdır,
Başqa bir dünyadır,
başqa bir cahan.
Ürək də döyünür duyğular ilə,
Demək, yaşayırsan həyatda hələ
İçində duyğular yaşandığı an.
Bəzən gözlərdən yaş axıda bilir,
Səni inim-inim inlədə bilir
Duyğular sözlərə çevrilən zaman.
Cahanı yerindən oynada bilir,
Bəşəri kökündən tərpədə bilir
Duyğular sözlərə çevrilən zaman.
Şairin hər bir şeiri oxucunu düşündürür. “Nə qədər ki sağam”, “Düşün”, “Qəlbinə dəymə”, “Ağıl elədir ki”, “Yatma, insan oğlu”, “Ürəkdir bu”, “Gənclik nəğməsi”, “Sınmış budaq”, “Kamil insan”, “Şair ömrü” və s.
“Bir müəllim ayrılır” şeirində doğma məktəbdən, sevimli şagirdlərindən ayrılan müəllimin keçirdiyi hisslər, şairin müəllimə verdiyi qiymət diqqəti cəlb edir.
Necə gözəlmiş dünya,
Necə gözəlmiş aləm?!
Hələ şagirdləri var –
Doğma balası kimi sevdiyi uşaqları...
İndi gözəl yerlərdən gəlir səs-soraqları.
Demək, müəllim kimi çəkdiyi əziyyəti,
zəhmət getməyib hədər.
O sevinc, fərəh hissi
ona elə bəs edər.
Şagirdlərin uğuru, şagirdlərin zəfəri
onun öz uğurudur, onun öz zəfəridir.
Hər uğur onun üçün
Axan alın təridir.
“Həkim” şeirində şair həkimliyin müqəddəs olduğunu söyləməklə yanaşı həkimlərə xitabən deyir:
Yuxusuz gecələr, yorulmaz əmək –
İlahi, siz necə fədakarsınız?
Bəşər xəstə düşər, siz olmasanız,
Dəyərli həkimlər, əziz həkimlər,
Yaxşı ki, yaxşı ki, sizlər varsınız!
Şairin ən böyük arzusu budur ki, hamının vətəni bir olaydı, sərhədlər olmayaydı, xəstəliklər olmayaydı, insanlar kasıb, varlı zümrələrə bölünməyəydi.
Nə müdhiş müharibə, nə də savaş olaydı,
Nə də ki insanların gözündə yaş olaydı,
Nə də kimsə qəfildən gülləyə tuş olaydı.
Mərmilər olmayaydı, qəlpələr olmayaydı.
Kitabı vərəqləyib şeirləri oxuduqca hər misradakı fikir oxucunu düşündürür.
1) Hər kəsin yeri var, gəl saxla yadda,
Sən də öz yerini qoru həyatda.
Kiminin varlığı ayaqlar altda,
Kiminin varlığı göz üstündədi.
2) Yüz incəliyə qərq olur ömründəki hər gün,
Zahirdə olan incəliyi göz görə mümkün,
Daxildə olan incəliyi görməyin üçün
Ağlın gözü lazım.
3) Yetər daha müdhiş müharibələr,
Atılan güllələr,
Səpilən qəlpələr.
Bu müharibələrdən yaranan zəhərli hava
Sönən ocaqlar,
Dağılan evlər,
Solan çiçəklər.
Yetər! Yetər!
Bir az da təmiz hava ilə döyünsün ürəklər.
Açın dünyanın pəncərəsini!
Açın! Açın!
4) Uyuşa bilmədi qış öz adına
Fəsillər yerini dəyişib, nədir?
Deyirlər, həmişə belə olacaq,
Səbəbi qlobal istiləşmədir.
Bu qış qar yağmadı bizim tərəfə,
Ruhu oxşamadı qış mənzərəsi.
Bahara az qaldı, eşidiləcək
Baharın nəğməsi – qaranquş səsi.
Misalların sayını artırmaq olar. Ən yaxşısı budur ki, şeir həvəskarları, şeirlərin vurğunu olan oxucular bu kitabı oxuyub düşünsünlər, mənəvi zövq alsınlar. Mən isə Z.İlhamoğlu şeirlərinin vurğunu olan bir oxucu kimi
Özünə dəyər ver, öz dəyərini
Düşünmə kimsənin dəyərindən az.
Özünü dəyərsiz bilsən, həyatda
Kiminsə yanında dəyərin olmaz
deyən şairə yaradıcılığında yeni-yeni uğurlar arzulayıram.
Səhər Nəsib qızı Rzayeva
təqaüdçü müəllim
