Ayağa dur, Azərbaycan, səninləyəm!
M.Araz

““Sözə çevrilən duyğular” şeirlər kitabımla poeziya dünyasının sakinlərinin – həssas qəlbli, poetik ruhlu insanların görüşünə gəldim. Ümid edirəm ki, bu kitab ruhunuzu oxşayacaqdır. Oxuyan gözləriniz işıqlı, duyan qəlbiniz sevinc dolusu olsun”, - deyən bir şairin – şair Zaur İlhamoğlunun kitabı qarşımdadır. Bu kitab Z.İlhamoğlunun üçüncü kitabı, oxucuları ilə üçüncü görüşüdür. Mən şairin “Bu həyat dediyin” adlı birinci kitabını oxumuş, kitabdakı şeirlər haqqında fikirlərimi söyləmişdim. “Sözə çevrilən duyğular” kitabını da oxudum, şairin dediyi kimi danışan duyğuları, zümzümə edilən fikirləri, pıçıldayan hissləri həssaslıqla Z.İlhamoğlu şeirlərinin vurğunu olan bir oxucu kimi duydum, düşündüm və öz fikirlərimi sizlərlə - onun sevimli oxucuları ilə bölüşmək istədim.
“Sözə çevrilən duyğular” kitabını vərəqləyirəm. Kitabdakı şeirlər üç başlıqda verilib:
1. Vətənpərvərlik şeirləri
2. İctimai-siyasi şeirlər
3. Sevgi şeirləri
“Vətənpərvərlik şeirləri” adı altında verilən şeirlərdə şairin elimizə, yurdumuza, şəhidlərimizə - hər qarış torpağımız uğrunda şirin canından keçən igidlərimizə olan münasibətinin poeziya dili ilə verilməsinin şahidi oluram. Kitabın ilk səhifəsində verilmiş “Müharibə olmasın” şeiri diqqətimi cəlb edir. Şeirdə şair müharibənin törətdiyi fəlakətləri, dünyada ağalıq etmək istəyən savaş hərislərinin, savaşın riyakar iblislərinin niyyətlərini göstərməklə yanaşı öz arzularını da poetik şəkildə (poeziyanın dili ilə) ifadə edir:
Götürün sərhədləri ölkələr arasından,
Xilas edin bəşəri savaş macərasından.
Bütün istehkamları dağıdın, yıxın, sökün,
Əvəzində kimsəsiz körpələr evi tikin.
Küçədə böyüməsin o “qanadsız mələklər”,
Yoxsa bizi gözləməz işıqlı gələcəklər.
Əridin silahları, bir oyuncaq yaradın,
Körpələrin üzündə bir az gülüş oyadın.
Müharibələr fəlakət gətirir. Cavan gəlinləri ərsiz, ata-anaları oğulsuz, bacıları qardaşsız, uşaqları atasız qoyur. Bunlar hamı kimi şairi də düşündürür, kədərləndirir. Niyə axı analar oğulsuz, gəlinlər ərsiz, bacılar qardaşsız qalsın?! Niyə körpələr göz yaşı, ata həsrəti ilə böyüsün?! Olmazmı ki:
Analar ürəyində övlad dağı çəkməsin,
Bacılar “qardaş” deyib gözündən yaş tökməsin.
Gəlinlər göz yaşıyla ərsiz həyat sürməsin,
Bir ömür yas saxlayıb saçını ağ hörməsin.
Atasızlıq acısı yaşamasın uşaqlar,
Yoxsa bir ömür boyu ürəyi yara bağlar.
Şairin arzusu budur ki:
Bir də bəşər görməsin qara buludlarını,
Əsgər ölümlərini, şəhid tabutlarını.
Güllə səsi yerinə “Vağzalı” səsi gəlsin,
Həyətlərdə hüzn yox, toy mağarı düzəlsin.
Nə olardı, ilahi, bizim işıqlı cahan
Müharibə görməsin heç bir vaxtı, heç bir an.
Nə olar insanların gözü yaşla dolmasın,
Müharibə olmasın!
Müharibə olmasın!
Müharibə neçə-neçə ailəyə sağalmaz yaralar vurub. Elə ailələr var ki, körpə ata şəhid olandan sonra dünyaya gəlib. Neçə-neçə cavan, savadlı gənclərimiz ailə qurmadan həyatdan köçüblər. “Xudayar”, “Şəhid qadın”, “Şəhid atası”, “Şəfqət bacısı”, “Şəkiyə şəhid gəlir”, “Kəndimizin şəhidləri”, “Cənab mayor”, “Elçin”, “Elnur zirvəsi”, “İki min yeddi yüz səksən üç şəhid” şeirlərində şair bunlara ürək ağrısı ilə münasibətini bildirir. Eyni zamanda belə igid oğlanları olan Vətənin öz düşmənlərinə qalib gələcəyi, doğma ata-baba yurdlarına sahib olacağına inam bu şeirlərin ideyasını təşkil edir. “Şəhid qadın” şeirində
Şəhid qadın,
Neçə-neçə yaralanmış əsgərimin
yarasına məlhəm oldun.
Gecə-gündüz qayğı çəkdin,
diqqət etdin, həmdəm oldun.
Sən onlara həyat verdin,
Yaralardan sağaldılar.
Onlar yenə düşmənlərin
Gözlərində dağ oldular.
Neçə igid həyatına dönə bildi
O şəfalı əllərinlə, -
deyərək müharibədə ölümlə üz-üzə duran əsgərlərimizə həyat verən, onları ölümün pəncəsindən xilas edən həkimlərimizə, tibb bacılarımıza olan ehtiramını bildirir. “Şəfqət bacısı” şeirində
Gün olsun zəfər çalaq,
Mən də tər bənövşədən
Sənin başının üstdən
Səpim, şəfqət bacısı.
Hələliksə izn ver,
Yaralı əsgərimə
Şəfa verən əlindən
Öpüm, şəfqət bacısı,
deyən şair “Gözün aydın”, “Azərbaycan”, “Qarabağın üçrəngli səması” şeirlərində artıq qalib yurdun qalib vətəndaşı kimi sevinclə qələbəmizdən söz açır:
Gözün aydın, uca xalqım,
Gözün aydın, məmləkətim.
Od millətim,
Odlar yurdum.
Şirürəkli cəsur ordum
Tariximin səhifəsinə
“Biz qalibik” kəlməsini yaza bildi.
...Yağı düşmən sinəsində od qaladı,
Otuz ilin həsrətini, qübarını
pərən saldı, parçaladı.
...Gözün aydın, öz oğlunu
Bu vətənçün qurban verən anam mənim,
Öz ərini bu torpaqçün qurban verən
bacım mənim, sonam mənim.
Gözün aydın, atasını itirənim,
Oğlum mənim, qızım mənim,
Qundağında dil açmayan, körpəm mənim,
Balım mənim, duzum mənim.
...Gözün aydın, ana yurdum,
Ulu Turan.
Gözün aydın, Azərbaycan!

“Qarabağın üçrəngli səması” şeirində eyni fikrin şahidi oluruq.
Keçdi daha qan-qadalı, kədər dolu o illər,
Arzum budur həmin illər bir də geri dönməsin.
Qarabağın səmasında dalğalanan bayrağım
Ucaldığı ucalıqdan əsla yerə enməsin!
Azərbaycanın görkəmli sənətkarları, alimləri həmişə dilimizə həssaslıqla yanaşmış, bu dili sevməyi, dilimizin qədrini bilməyi təbliğ etmişlər. Sevimli şairimiz B.Vahabzadə ana dilimizə aid məqalələrində, şeirlərində “Dil yoxsa, millət də yoxdur” fikrini təbliğ etmiş, ana dilinin hər bir xalqın milli varlığının birinci göstəricisi olduğunu söyləmişdir. Dilə aid gözəl şeirlər yazılandan sonra bu mövzuya toxunmaq, müraciət etmək çətin olsa da, Z.İlhamoğlu da bu mövzuya müraciət etmiş, “Mənimlə dilimdə danış” şeirini yazmışdır. Vətənimizə qonaq gəlmiş əcnəbiyə müraciətlə yazılmış bu şeirdə dilimizi qorumağın hamımızın vətəndaşlıq borcu olduğunu xattırladan şair hər kəlməsi xəzinə olan dilimizin xalqımız üçün, millətin varlığı üçün əsas amil olduğunu vurğulayır.
Mən borcluyam öz dilimi yaşatmağa,
Yüksəltməyə, ucaltmağa.
Bu dil mənə babalardan ərməğandır,
Bu dil mənim varlığımdan bir nişandır.
Bu dil mənim varım, yoxum,
Bu dil mənim azım, çoxum.
Bu dil mənim hər şeyimdir,
Bu dil mənim gerçəklərdən üstün
olan gerçəyimdir.
“Sevin Azərbaycanı” şeirində isə şair vətən deyəndə övlad dağı çəkən anaları, qardaş acısı çəkən bacıları, yetimliklə yaşayan qanadsız mələkləri xatırlayır, cavan gəlinlərin ahını, fəryadını eşidir. Bütün bunların arxasında vətən sevgisi dayanır. Çünki vətənin vətən kimi yaşamağı onun övladlarının vətən sevgisindən asılıdır.
Anam kimi müqəddəs varlığımdır o mənim,
Əvəzsizdir dünyada
mənim doğma vətənim.
Öz halınıztək bilin vətənin hər halını,
Sevin hər tərəfini.
...Qoymayın ki, bu vətən yadlara tapdaq ola,
Qoymayın ki, kimlərsə bu yurda ortaq ola.
Kimlərinsə əlləri bu vətənə yönələ,
Qoy bəşər anlasın ki, ölməmişik biz hələ.
Sevin Azərbaycanı,
Sevin Azərbaycanı!
Vətəni üçün canından keçən şəhidlərimizdən iftixarla söz açan, dilinə, millətinə məhəbbətlə sevə-sevə şeirlər yazan,
Budur mənim tək bildiyim, tək düşüncəm,
Nə qədər ki yaşayıram, mən ölüncə
Vətənimin yanındayam,
Millətimin yanındayam,
Dövlətimin yanındayam!
deyən şairə cansağlığı və yaradıcılığında uğurlar arzulayıram.

Səhər Nəsib qızı Rzayeva
təqaüdçü müəllim

Daxil olundu: 05.10.2026 » Oxundu: 27
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!