"Ağsu rayonu kənd təsərrüfatı rayonudur. İqtisadiyyatında heyvandarlıq, taxılçılıq, pambıqçılıq, meyvə və tərəvəzçilik mühüm yer tutur. Respublikada aqrar islahatların gedişi ilə əlaqədar rayonda mal-qaranın özəlləşdirilməsi prosesi başa çatdıqdan sonra heyvandarlığın inkişaf səviyyəsi də xeyli artmışdır. Rayon əhalisinin böyük əksəriyyətinin, yəni, 70 faizdən çoxunun məşğulluğu kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlıdır. Mövcud qanunvericiliyə uyğun olaraq rayon ərazisində 10 yerli özünüidarəetmə orqanı olan bələdiyyə yaradılmışdır. Bütün bələdiyyələr Nizamnamə hüquqlarından istifadə edərək şəhər və kənd bələdiyyələrinin Milli Assosasiyasında birləşmişlər. Bələdiyyələrin büdcəsinin formalaşmasının əsasını torpaqların icarəyə, istifadəyə və mülkiyyətə verilməsi təşkil etmişdir. Ağsu Növcü bələdiyyəsi bir sıra ətraf kəndləri, o cümlədən Növcü və Yuxarı Növcü yaşayış məntəqələrini əhatə edir. Yerli icra və bələdiyyə orqanları tərəfindən bələdiyyə ərazisində sakinlərlə mütəmadi görüşlər keçirilir, problemlər dinlənilir və həlli yolları müzakirə olunur". Bu sözləri Ağsu rayon Növcü  Bələdiyyəsinin sədri Niyaməddin Dəmirov söylədi. 2025-ci ildən bələdiyyə sədri seçilən Niyaməddin müəllim əmək fəaliyyətinə iş adamı olaraq kənd təsərrüfatı sahəsindən başlamışdır. O, qardaşları ilə birlikdə özlərinə məxsus olan 60 hektarlıq torpaq sahəsində mal-qara yemi üçün buğda, qarğıdalı, yonca və s. bitkilərin əkib-becərilməsi ilə, bir sözlə, kənd təsərrüfatı işləri ilə məşğul olmuşdur. Tanışlıq üçün bildirək ki, Niyaməddin müəllim 1977-ci ildə Ağsu rayonunun Qaravəlli kəndində dünyaya gəlib. Orta məktəbi başa vurduqdan sonra Bələdiyyənin idarə edilməsi ixtisası üzrə ali təhsil alıb. O, artıq təhsil aldığı sahədə çalışır və ötən ildən Ağsu rayon Növcü bələdiyyəsinin sədridir. Rayonun Axundlu, Bəyimli, Çiyni, Dədəli, Ərəbsarvan, Göydəlləkli, Hacıqədirli, Xəlilli, Qaravəlli, Qasımbəyli, Məlikçobanlı, Mustafalı, Növcü və Yuxarı Növcü kəndləri birləşərək Növcü bələdiyyəsinin ərazisini təşkil edir. Növcü bələdiyyəsinin tərkibində olan bu kəndlərdə ümumilikdə 9 min 500 əhali yaşayır. Bələdiyyənin məqsədi bu insanların rifah halını daha da yaxşılaşdırmaqdır. Bunun üçün əsas şərtlərdən biri yolların hamar və rahat olmasıdır. Niyaməddin müəllim qeyd etdi ki, kəndin əsas və ara yollarına, həmçinin qəbiristanlıq yoluna qum, çınqıl tökülür və növbəti mövsümdə də bu işləri davam etdirmək nəzərdə tutulub. Kəndlərdə yolların abad olması əsas şərtlərdən biridir. Yay mövsümündə isə su məsələsi ən vacib işlərdən hesab edilir. Bölgənin əsas su mənbəyi Girdiman çayıdır. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə burada yeni Şirvan kanalı çəkilir. Kanalın istifadəyə verilməsi su probleminin həlli üçün böyük dəstək olacaqdır. Bələdiyyənin ərazisindi 8 şəhid ailəsi, 14 nəfər qazi və xeyli sayda müharibə iştirakçıları vardır. Onlara xüsusi diqqət g.östərilir. Xüsusən şəhid ailələrinə mütəmadi olaraq yardımlar edilir.  Şəhid ailələrinin hər biri üçün bələdiyyə tərəfindən 2 hektar əkin sahəsi ayrılıb. Onu da qeyd edək ki, Növcü bələdiyyəsinin tərkibində olan hər kənddə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq şəhid bulaqları inşa edilmişdir. Rayonun Bilal Əfəndi kəndində bulaqdan gələn sudan daha çox istifadə olunur.  Niyaməddin müəllim öz söhbətində bəzi problemlərdən də söz açdı. Qeyd etdi ki, bələdiyyənin DSMF-yə 26 min manat borcu vardır. Növcü bələdiyyəsinin isə heç bir borcu olmayıb. Borc birləşən kənd bələdiyyələrinin hesabına yaranıb. Əmlak və torpaq vergiləri vaxtında verilərsə, borclar tamamilə ödəniləcək. Daha bir məsələni də qeyd etmək yerinə düşərdi ki, Niyaməddin müəllimin verdiyi məlumata görə həyətyanı torpaq sahəsinin qiyməti əvvəllər 45 manat idisə, indi sotu 600 manata qədər artıb. Bu isə alıcı qıtlığının yaranmasına səbəb olur. Bu ilin 7 ayı ərzində torpaq məsələsi ilə bağlı cəmi 2 nəfər müraciət edib.

Gülağa CƏFƏROV,

Keçmiş SSRİ və Azərbaycan  

Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 21.07.2026 » Oxundu: 52
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!