Hörmətli oxucular! Mən qədim elm, mədəniyyət ocağı, sənətkarlar yurdu Şəkimizin Azərbaycana bəxş etdiyi görkəmli şəxsiyyətlərin bir neçəsi haqqında məqalələr yazmış, onlar haqqqında fikirlərimi sizinlə bölüşməyi özümə mənəvi borc bilmişəm. Azərbaycanın dilbər guşələrindən biri, duzlu, məzəli lətifələri, qonaqpərvər insanları ilə seçilən Şəki həm də tarixi şəhərdir. Şəhərin yuxarı hissəsində qala divarları, dairəvi Alban məbədi, Ölkəşünaslıq muzeyi, Xan sarayı və müxtəlif abidələr yerləşir. Şəhərin Yuxarıbaş adlanan bu hissəsi 6 mart 1968-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə memarlıq qoruğu, tarixi hissəsi isə Şəki Xan sarayı ilə birlikdə 2019-cu ildən YUNESKO-nun irsi siyahısına daxil edilmişdir. Maraqlıdır ki, Şəkinin bütün tarixi şəxsiyyətləri bu ərazidə doğulub, ilk təhsillərini də burada almışlar. Belə tarixi şəxsiyyətlərdən biri də Azərbaycan kinosunda özünəməxsus xidmətləri olan Rasim Ocaqovdur.
Qarşımda bir kitab var. “Mənim mübarizə üsulum səmimi filmlər çəkməkdir” deyən, Azərbaycan kinosunda öz filmləri ilə tarix yazmış Rasim Ocaqova həsr olunan “Sənətkar ömrü xatirələrdə” kitabı. Kitabı oxumağa başlayıram. Kitabın müəllifi 25 ildən artıq çalışdığı Texniki Yaradıcılıq Mərkəzinin R.Ocaqovun 85 illiyi münasibətilə adının dəyişdirilib Şəki şəhər R.Ocaqov adına Uşaq-Gənclər İnkişaf Mərkəzi olacağından fəxrlə söz açır, oxucularla səmimi söhbətə başlayaraq keçirdiyi müsabiqələrin, açıq dərslərin onu R.Ocaqov haqqında daha geniş, ətraflı məlumat toplamağa həvəsləndirdiyini deyir. Nəhayət, dahi sənətkarımız və gözəl insan haqda topladığım və sizinlə bölüşdüyüm bu xatirələr sizin də qəlbinizdə özünə yer tapacaq”,- deyərək “Sənətkar ömrü xatirələrdə” kitabını bizə təqdim edir Xavər xanım Səmədova. Müəllif oxucularla söhbətini gənc şair Zaur İlhamoğlunun R.Ocaqov haqqında yazdığı “Rejissor” şeiri ilə başlayır.
Çalışıb bir kiçik lent parçasında
Böyük xatirələr çəkdi rejissor.
Bir anı yaddaşa köçürmək üçün
Neçə zamanından keçdi rejissor.

Düşsə də bu yolda bəzən çətinə,
O xilaf çıxmadı öz sənətinə.
Bir çox istedadın qabiliyyətinə
Gözünü ümidlə dikdi rejissor.

Can qoydu sənəti ucaltmaq üçün,
Yatmış duyğuları oyatmaq üçün,
Adi bir səhnəni yaratmaq üçün
Yüz dəfə hey ölçüb-biçdi rejissor.

Heyif, çox işləri vurmadı başa,
Əcəl baxmır axı ömürə, yaşa.
Çox şeyi əbədi yazıb yaddaşa
Əbədi dünyadan köçdü rejissor.
2018-ci ildən R.Ocaqovu daha yaxından tanımaq və tanıtmaq üçün onun haqqında daha çox məlumat toplamağı qarşısına məqsəd qoyan X.Səmədova onun sinif yoldaşları, tanışları, qonşuları, dostları, hətta onun çəkdiyi filmlərdə iştirak edən aktyorlarla görüşüb, dəfələrlə Bakıya gedib. Bütün bu gərgin əməyin nəticəsində “Sənətkar ömrü xatirələrdə” kitabı ərsəyə gəlib.
X.Səmədova R.Ocaqovun anadan olmasının 85 illiyi münasibətilə onun adını daşıyan Şəki şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbəri kimi dərnək üzvləri ilə birlikdə “Şəki, mən səni çox sevirəm” adlı müsabiqə proqramı hazırlayıb, açıq dərs keçirib. Müsabiqə üçün dərnək üzvləri iki videoçarx hazırlayıblar. Bu videoçarxlarda sənətkarın yaşadığı ev, valideynlərinin uyuduğu Məhəmməd Əfəndi qəbiristanlığının görüntüləri, yaşadığı binalara vurulmuş xatirə lövhələri öz əksini tapıb. Hətta dərnək üzvləri “Həm ziyarət, həm ticarət” filminin çəkildiyi evlə də tanış olublar. Sənətkarın 90 illik yubileyi münasibətilə dərnək üzvləri M.Füzuli adına 3 saylı orta məktəbdə “Rasim Ocaqovla bir gün” adlı maraqlı bir dərs və gözəl bir albom hazırlayıblar. Yubiley tədbiri həm Uşaq-Gənclər İnkişaf Mərkəzi, həm də Şəki şəhər İcra Hakimiyyəti tərəfindən möhtəşəm şəkildə təşkil olunub və qeyd edilib. Tədbirdə sənətkarın ailə üzvləri, dostları, tanışları, sənət yoldaşları və şəhər ictimaiyyəti fəal iştirak ediblər. Tədbir iştirakçıları sənətkarın həyatı, şəxsiyyəti barədə geniş məlumat alıblar.

Şəkidə yaşlı nəslin nümayəndələri iki həkimdən həmişə fəxrlə, məhəbbətlə danışırlar. Bunlardan biri əslən Lənkərandan olan, təyinatla Şəkiyə işləməyə göndərilən Mirqasım həkimdir. O, Şəkiyə işləməyə gələn gündən ömrünün sonuna qədər burada yaşayıb. Nə qədər insana şəfa verib, onları amansız ölümün pəncəsindən xilas edib. İkincisi isə yaşlı nəslin nümayəndələrinin dünyaya göz açdığı anda ilk qarşılaşdığı insan, şəkililərin məhəbbətlə Samiyə bacı deyə çağırdıqları ginekoloq Samiyə həkimdir. Şəkidə bu iki həkimi həmişə sevə-sevə xatırlayırlar. Amma çox az adam bilir ki, onlar R.Ocaqovun valideynləridir. Kitabda bu ziyalı ailəsi barədə geniş məlumat verilib.

Kitabda Şəki ziyalılarının çoxunun xatirələri toplanıb. Hacı Cabir Xəlifəzadənin söylədikləri də oxucular üçün maraqlıdır. Bu xatirədə Şəkinin tanınmış ziyalılarının- Bəxtiyar Vahabzadə, Şirməmməd Hüseynov, Rasim Ocaqov, Emin Sabitoğlu, Teymur Xəlilov və Məmmədkərim Məmmədovun adları çəkilir. Kitabdakı bütün xatirələr müəyyən başlıqlar altında verilib. Kitabın tərtibatı gözəldir.
Respublikanın Əməkdar müəllimi Bəşarət Yusifov “Sənətkar ömrü xatirələrdə” kitabını oxuduqdan sonra belə deyir: “Mən kitabda adı çəkilən R.Ocaqov haqqında xatirələr söyləyən şəxslərin çoxunu şəxsən tanıyıram. R.Ocaqov Şəkidə, istərsə də onun kəndlərində tanınmış, çox məşhur, savadlı, insanlara ən çətin anlarda belə sağlamlıq bəxş edən bir həkim ailəsində dünyaya göz açmışdır. Təbii ki, belə insansevər, qayğıkeş ailədə dünyaya göz açan R.Ocaqov da Azərbaycan tarixində iz buraxan, yaddaşlara əbədi həkk olunan nəsə bir iş görməli idi. Həyat elə gətirdi ki, o bir kinorejissor kimi yetişdi və çox məşhur kinofilmlərin çəkilişini həyata keçirərək respublikamızın tanınmış simalarından birinə çevrildi.
Düşünürəm ki, Şəkinin tanınmış simaları haqqında çox kitablar yazılıb. Ancaq R.Ocaqov haqqında oxuduğum bu kitab hələlik birincidir. Buna görə kitabın müəllifinə dərin təşəkkürümü bildirirəm”.
Şəkimizin Azərbaycan kinosuna bəxş etdiyi ölməz sənətkar R.Ocaqovu oxuculara daha yaxından tanıtdığı üçün “Sənətkar ömrü xatirələrdə” kitabının müəllifi X.Səmədovaya təşəkkür edir və bu kitabın gənclərimiz, oxucularımız üçün maraqlı olacağına inanıram.

Səhər Nəsib qızı Rzayeva
Filoloq, təqaüdçü müəllim

Daxil olundu: 28.09.2025 » Oxundu: 832
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!