Həyatının yarıdan çoxunu hakimlik peşəsinə həsr edən Maşallah Şirvanov Lənkəran torpağının yetirməsidir. Doğulduğu torpağın fəxri ziyalısı olan, ömrünü təkcə öz ailəsi, yaxınları, doğmaları üçün deyil, bütöv xalqı üçün yaşayan, zamanından hamıya zaman ayıran, sevincləri bölüşüb, kədərlərə şərik olan, hər kəsin hakim Şirvanov kimi tanıdığı Maşallah müəllim hazırda yaşı ilə bağlı olaraq təqaüddədir. Maşallah müəllimi el-obanın, dost-tanışın, onunla təmasda olan hər kəsin gözündə ucaldan onun sadəliyi və təvazökarlığı ilə yanaşı, həm də nəfsinin quluna çevrilməməsi, qanun keşikçisi olaraq əsl hakim ömrü yaşaması, millətini və dövlətini canı qədər sevməsidir. Maşallah müəllim ayrı-ayrı illərdə respublikamızın müxtəlif bölgələrində çalışıb. Hər yerdə də öz işinə olan məsuliyyəti, peşəkarlığı, xalqına, ölkəsinin vətəndaşlarına olan sevgisi, qayğıkeşliyi, insanlara qarşı anlayışlı olması və digər müsbət insani keyfiyyətləri ilə hər kəsin xətir-hörmətini qazanıb. Maşallah müəllim dövlətini sevən, qanunlara əməl edən bir insandır. O hər zaman dövlətimizə və dövlətçiliyə sadiq bir insan olub. Bütün hakimlik fəaliyyəti dövründə Ümummilli Lider Heydər Əliyev ideyalarını əldə rəhbər tutaraq yüksək peşəkarlıq nümayiş etdirib. Ulu Öndərin Azərbaycanda müstəqil məhkəmə sisteminin qurulmasına, insan hüquqları və azadlıqlarının müdafiəsinə yönəlmiş düşüncələri ilə hakimlərdən peşəkarlıq, obyektivlik və dürüstlük, həmçinin məsuliyyət və dövlətçilik ideallarına sadiqlik tələbini bacarıqla yerinə yetirib. Bu haqda Maşallah müəllim belə deyir: «Azərbaycanda hüquqi dövlət qurmaq, insan hüquqlarına hörmət etmək və ədalətli cəmiyyət yaratmaq Ümummilli Lider Heydər Əliyevin siyasi ideallarının mərkəzində dayanmışdır. Ədalətin, qanunçuluğun üstün olduğu dövlətdə yaşamaq hər zaman hər bir xalqın arzusu olmuşdur. Hakimlərin yüksək peşəkarlığa, biliyə və etik dəyərlərə malik olmasının vacibliyini qeyd edən qüdrətli şəxsiyyət, Ulu Öndər Heydər Əliyev ədalət mühakiməsinin güclü, müstəqil dövlətin təməli olduğunu öz çıxışlarında dəfələrlə vurğulamışdır. Bu fikirlər onun Azərbaycanda hüquqi dövlət quruculuğuna verdiyi tarixi töhfələrin, ədalətli cəmiyyət ideallarının ən bariz ifadəsidir. Unutmaq olmaz ki, müstəqil Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyev bizim hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi liderdir. O, Azərbaycan və dünya tarixində silinməz iz qoymuş şəxsiyyətlərdəndir. Bu gün də Ulu Öndərin ideyaları onun layiqli davamçısı, qalib sərkərdəmiz, respublika Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mən fəxr edirəm ki, məhz belə bir dövlətə xidmət etmişəm və Azərbaycan kimi bir ölkənin vətəndaşıyam». 

Gülağa Cəfərov

Keçmiş SSRİ və Azərbaycan

Jurnalistlər birliyinin üzvü

Daxil olundu: 02.01.2026 » Oxundu: 721
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!