Bildiyimiz kimi yerli özünüidarəetmə forması olan bələdəiyyələr Azərbaycan Respublikası Konstitusiyası, tərəfdar çıxdığı beynəlxalq müqavilə, habelə ölkə qanunları ilə səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edən bir qurumdur. Bələdiyyələr ölkədə vətəndaş cəmiyyətinin bir forması olmaqla dövlət və cəmiyyət qarşısında məsuliyyət daşıyırlar. Onlar yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin həllinə bilavasitə cavabdehdirlər. Bu baxımdan ölkəmizdə bələdiyyələrin özünəməxsus idarəçilik funksiyası və əhəmiyyəti vardır. Fəaliyyəti ilə diqqət çəkən bələdiyyələrdən biri də Qazax rayonu Şıxlı bələdiyyəsidir. Pərvanə Musayeva 1977-ci ilin may ayında rayonun Şıxlı kəndində dünyaya gəlib. Orta təhsilini Şıxlı kənd tam orta məktəbində, ali təhsilini isə Mingəçevir Dövlət Universitetinin iqtisadiyyat fakültəsində başa vurub. 2001-2011-ci illərdə Qazax MRX-da İnzibati şöbənin mühəndisi vəzifəsində çalışıb. 2016-cı ildə Birinci Şıxlı kəndli-fermer təsərrüfatı yarandığı vaxtdan əmək fəaliyyətini burada davam etdirib. Pərvanə xanımın bu müəssisənin açılışı ilə bağlı xoş unudulmaz xatirələri vardır. "Açılışda ölkə Prezidenti İlham Əliyev də iştirak edirdi. Birlikdə şəkilər çəkdirdik, cənab İlham Əliyevin tövsiyələrini dinlədik. O şəkilləri əziz bir xatirə kimi hələ də qoruyub saxlayıram" – söyləyir Pərvanə xanım. 2020-ci ilin oktyabr ayına kimi burada işləyən Pərvanə xanım 2021-ci ilin sentyabr ayından Birinci Şıxlı bələdiyyəsində sədr müavini və mühasib olaraq çalışıb. 2025-ci ilin yanvar ayında ölkəmizdə keçirilən bələdiyyə seçkilərində səsvermənin ümumi yekunlarına əsasən bələdiyyə sədri seçilib. Pərvanə xanım:"Respublika Prezidentinin vətəndaşlara göstərdiyi qayğının təməlində ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili dayanır. Mən də bu prinsipi öz iş rejimimdə rəhbər tutaraq daima vətəndaş amilini önə çəkmiş, sakinlərin problemləri ilə yaxından maraqlanmış, bu problemlərin həlli istiqamətində əlimdən gələni əsirgəməmişəm. Yəqin ki, çalışdığım müddət ərzində hər zaman məhz belə də olacaq" – deyir. Pərvanə xanım məlumat üçün onu da bildirdi ki, Nazirlər Kabinetinin sərəncamına əsasən Birinci Şıxlı və İkinci Şıxlı kənd bələdiyyələri birləşərək ümumi Şıxlı bələdiyyəsi yaradılıb. Bu isə daha böyük məsuliyyət deməkdir. Bələdiyyə tərəfindən burada yaşayan şəhid ailələrinə və qazilərə xüsusi diqqət göstərilir. Vaxtaşırı mövcud şəraitin imkan verdiyi dərəcədə onlara maddi və mənəvi yardımlar olunur. Son günlərdə şəhid Emil Kərimovun atası İlqar Kərimova və digər şəhid atası Elvar Omarova 200 manat məbləğində maddi yardım edilib ki, bu da onların inşa etmək istədikləri şəhid bulağının çəkilməsinə köməklik xarakteri daşıyır. Həmçinin aztəminatlı ailələrə də bələdiyyə tərəfindən maddi  dəstək olunub. Bələdiyyənin gördüyü işlər sırasında daxili imkanlar hesabına aparılmış kənd ara yollarına qum-çınqılın tökülməsi, eyni zamanda zibilliyin təmizlənməsi, kənd qəbiristanlığının təmizlənərək səliqə-sahman yaradılması və s. işləri də misal çəkmək olar. Bu işlərin görülməsində "Dost" mərkəzinin də köməyini vurğulamaq yerinə düşərdi. Pərvanə xanım qeyd etdi ki, xalqa, əhaliyə şərəflə xidmət etmək hər bir səlahiyyət sahibinin mənəvi rahatlığıdır. Mənəvi rahatlıq isə insanın xoşbəxtliyi deməkdir. Bu baxımdan o hər zaman özünü xoşbəxt hiss edib. Çünki işi, əməli ilə məhz xalqının, əhalinin firavanlığı üçün çalışıb. 

Gülağa Cəfərov

Keçmiş SSRİ və Jurnalistlər

Birliyinin uzvu

Daxil olundu: 13.01.2026 » Oxundu: 595
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!