,,   "Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala rayon komitəsi rayondakı ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlərin və digər təhsil işçilərinin sosial-iqtisadi hüquqlarını və peşə maraqlarını qorumağı özünün əsas vəzifəsi hesab edir. Komitənin fəaliyyəti əsasən əmək münasibətlərinin düzgün tənzimlənməsi, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, həmçinin mədəni, maarifləndirici və ictimai tədbirlərin təşkilindən ibarətdir. Həmçinin istirahət imkanlarının təşkili, sanatoriya-kurort yollayışlarının verilməsi, həssas qruplar və gənclərlə iş sahəsində həyata keçirilən tədbirlər də komitənin əsas fəaliyyət istiqamətlərindəndir. Komitə öz üzvləri ilə daimi ünsiyyət saxlayır, həmrəylik və sosial ədalət prinsipləri əsasında fəaliyyətini davam etdirir. Komitə rayon ərazisində fəaliyyət göstərən 60 təhsil müəssisəsindən ibarət ilk həmkarlar ittifaqı təşkilatını və 2300-ə qədər ittifaq üzvünü özündə birləşdirir. Ümumiyyətlə, komitənin fəaliyyət istiqamətləri mədəni-kütləvi, idman və intellektual inkişaf tədbirlərinin təşkili; yeni üzvlərin cəlb edilməsi, ittifaq üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi; əməyin mühafizəsi, layiqli iş yeri və uyğun təhsil şəraitinin yaradılması; ittifaq üzvlərinin əmək, sosial-iqtisadi hüquqları və qanuni mənafelərinin qorunması; ittifaq üzvlərinin sağlamlığının qorunması və asudə vaxtlarnın səmərəli təşkil və sairədən ibarətdir". Bu sözləri Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala rayon komitəsinin sədri Könül Məmmədova bizimlə görüşündə söylədi və komitənin iş fəaliyyətinin nədər ibarət olduğu istiqamətində tanışlıq xarakterli açıqlama verdi. Könül xanım 1986-cı ildə Neftçalada ziyalı ailəsində anadan olub. Orta təhsilini də məhz burada başa vurub. Daha sonra Azərbaycan Xarici Dillər Universitetində ali təhsil alıb, həmçinin magistraturanı bitirib. Əmək fəaliyyətinə "Xəzər" MMC-də kadrlar şöbəsinin rəisi olaraq başlayan Könül xanım, 2018-2026-cı illərdə Heydər Əliyev Mərkəzinin direktoru vəzifəsində çalışıb. 2026-cı ilin yanvar ayında Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala rayon komitəsinin sədri seçilib. İki qız və bir oğul anası olan Könül müəllimə həm də evinin qayğıkeş xanımı, məktəbli övladlarının məsuliyyətli tərbiyəçisidir. Komitə haqqında ətraflı məlumat verən Könül xanım bildirdi ki, komitə bütün üzvlərinə hər zaman xüsusi həssaslıqla yanaşır. Aztəminatlı müəllimlər isə həmişə diqqət mərkəzindədir. Komitəyə ərizə ilə müraciət edən hər bir üzvə lazımı yerlərə istirahətə getmək üçün yollanışlar verilir. Bu il 70-dən yuxarı müəllim müxtəlif kurort və sanatoriyalara göndərilib. Komitə üzvləri arasında 52 şəhid ailəsi, müharibə veteranı və qazi vardır. Onlara xüsusi diqqət göstərilir və vaxtaşırı maddi və mənəvi dəstək olunur. Komitə tərəfindən keçirilən ən yaddaqalan tədbirlər sırasında 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü, 8 Mart Beynəlxalq Qadınlar Günü, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Zəfər Günü, Novruz bayramı, Azərbaycan Silahlı Qüvvələr Günü, Qurban bayramı və s. vardır.  Ümumiyyətlə,  ölkəmizə məxsus bütün bayram və əlamətdar günlər komitə tərəfindən təntənəli şəkildə qeyd edilir. Təqaüdə çıxan hər bir üzv üçün də xüsusi tədbir keçirilir və onlara xatirə hədiyyələri təqdim edilir. Onu da qeyd edək ki, 50-60 yaş yubileylərinin keçirilməsi də unudulmur və  belə yubiley tədbirlərinin keçirilməsi burada artıq bir ənənə şaklini alıb. Könül xanım daha diqqətçəkən bir məsələdən də söz açdı və bildirdi ki, komitədə "Həmkarlarımızı tanıyaq" adlı layihə həyata keçirilir. Burada xüsusi istedadı olan təhsil işçilərinin əl işləri, yaradıcılığı ilə bağlı nümunələr və s. sərgilənir və müəllifləri tanıdılır. Bu isə müəllimlərin pedaqoji fəaliyyəti ilə yanaşı, həm də onların yaradıcı işə olan marağını daha da artırır. Könül xanım onu da dedi ki, komitə üzvlüyündən çıxan 14 nəfər yenidən üzvlüyə geri qaytarılıb. Bunu isə burada komitə üzvlərinə göstərilən diqqət və qayğının nəticəsi kimi dəyərləndirmək daha doğru olardı.

Gülağa CƏFƏROV,

Keçmiş SSRİ və Azərbaycan

Jurnalistlər Birliyinin uzvu

Daxil olundu: 11.09.2026 » Oxundu: 12
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!