Hər bir insan gördüyü işin dəyərini müəyyən etdiyi zaman öz məsuliyyətini anlayır. Özünü hansı sahədə gördüyünü hiss etmək isə bəzən vaxt, zaman alır. Axtardığını tapanda, özünü lazım olduğu sahədə görə biləndə isə yalnız irəliyə doğru yol almağa başlayır. Bu yol hamar da ola bilər, daşlı-kəsəkli də. Əsas odur ki, ürəkdə təpər olsun və bu yolun doğruluğuna inanasan. Onda zəhmət bahasına uğur da qazanmaq, müvəffəqiyyət də əldə etmək mümkündür. Təki öz işini sevəsən və ondan mənəvi rahatlıq tapa biləsən. Lənkəran Maşın Sınaq Stansiyasının direktoru Şahin Ağayev də məhz öz işini sevən və bu yolda uğura doğru inamla addımlayan insanlardandır.

Şahin Ağayev 1979-cu il aprel ayının 29-da dünyaya göz açıb. Orta təhsilini başa vurduqdan sonra Lənkəran Dövlət Universitetinə qəbul olub və 2000-ci ildə universiteti riyaziyyat-informatika ixtisası üzrə bitirib. Şahin müəllim əmək fəaliyyətinə Lənkəran Elektrik Şəbəkəsində başlayıb, həmçinin Regional şəbəkədə çalışıb. Daha sonra əmək fəaliyyətini Bank sistemində davam etdirən Şahin müəllim 8 il Maliyyə departamentində xəzinədar işləyib. Nəhayət 2023-cü ildə Lənkəran Maşın Sınaq stansiyasına direktor təyin edilib. O, harada işləməsindən, hansı sahədə çalışmasından asılı olmayaraq hər zaman öz işinə məsuliyyətlə yanaşmış, xidmət etdiyi sahənin ciddiyyətini dərindən hiss edərək peşəkarlıq nümayiş etdirə bilmişdi. Kənd təsərrüfatının inkişafına xidmət edən Maşın Sınaq Stansiyası isə sanki onun çoxdan arzusunda olduğu və özünü daha rahat etdiyi bir sahə idi. İlk gündən işə böyük məsuliyyətlə yanaşan Şahin müəllim burada sanki özünü tapmışdı. Elə ona görə də özünü bacarıqlı və peşəkar bir mütəxəssis kimi göstərməyi ilk günlərdən bacardı.

"Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxaldan asılılığın azaldılması, eyni zamanda ixrac potensialının artırılması üçün kənd təsərrüfatının inkişafı prioritet sahələrdəndir. Aqrar sahənin inkişafı üçün fermerlərə hərtərəfli dəstək göstərilir. Hətta fermerlərin bir sıra xərclərini dövlət öz üzərinə götürür. Bizim vəzifəmiz fermerlərə daha yaxından köməklik göstərmək, onların yüksək məhsul əldə etmələrinə yardımçı olmaqdır" – deyir Şahin müəllim.

Sınaq Maşın Stansiyasının əsas işi yay mövsümündə, yəni biçin vaxtı texnikalara baxmaq üçün manitorinqlər keçirmək, nasaz texnikaların düzəldilməsi üçün köməklik göstərməkdir. Məlum məsələdir ki, müasir dövrümüzdə heç bir sahəni texnikasız təsəvvür etmək olmaz. Xüsusən də kənd təsərrüfatında texnikanın xarab olması birbaşa işin axsaması deməkdir. Bu isə yolverilməzdir. Şahin müəllim məlumat üçün bildirdi ki, texnikalar daha çox işlək yerlərdə xarab olur və buna görə də bu məsələyə xüsusi diqqət yetirilir.

Lənkəran Maşın Sınaq Stansiyası 1967-ci ildən fəaliyyətə başlayıb. Ölkə müstəqillik əldə etdikdən sonra bir çox sahələrdə olduğu kimi bu müəssisədə də müəyyən dəyişikliklər yaranıb və stansiya 1997-ci ildə Respublika Kənd Təsərrüfatı Nazirliyinin ixtiyarına verilib. Hazırda müəssisədə 18 işçi qüvvəsi çalışır. İşçilərin hər birinin peşəkarlığı və əməksevərliyi haqqında xoş sözlər demək mümkündür və belə nümunəvi işçilərindən biri də baş mühasib Elşad Mahmudovdur.

Həqiqətən, Şahin müəllimin də dediyi kimi, uğur o zaman əldə olunur ki, hər kəs öz işinə məsuliyyətlə yanaşsın və ümumi işin xeyri üçün çalışsın. Öz işində bu prinsipi əsas götürən Lənkəran Maşın Sınaq Stansiyasında olduğu kimi.

Gülağa

Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Daxil olundu: 03.09.2024 » Oxundu: 79
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!