
Su həyat üçün vacib olan dörd ünsürdən biridir. Həyatı susuz təsəvvür etmək mümkün belə deyil. Torpağa can verən, onu yaşadan, təbiəti var edən suyun dəyəri heç nə ilə ölçülə bilməz. Xüsusən kənd təsərrüfatı sahəsində çalışan insanlar bu dəyəri daha yaxşı bilirlər.
Göyçay Suvarma Sistemləri İdarəsinin müdiri Orxan Mahmudovla da söhbətimiz əsasən bu mövzuda oldu. Orxan müəllim idarənin gördüyü işlərdən söhbət açaraq bildirdi ki, burada məqsəd kənd təsərrüfatı sahələrini mütəmadi olaraq su ilə təmin etmək, əkin sahələrinin suvarılmasında heç bir maneənin olmaması üçün gərəkli işləri vaxtında və keyfiyyətli icra etməkdir.
Orxan Mahmudov 1983-cü ildə Göyçay rayonunda dünyaya göz açıb. Orta təhsilini doğulduğu rayonda aldıqdan sonra ali məktəbə qəbul olub. Ali təhsilini başa vurduqdan sonra isə əmək fəaliyyətinə başlayıb. 2003-2007-ci illərdə Göyçay İctimai İaşə idarəsinin müdiri vəzifəsində çalışıb.
2007-2009-cu illərdə Beynəlxalq Bankın Ucar şöbəsinin müdiri, 2009-2014-cü illərdə Göyçay Nəzarət təşkilatının müdiri işləyib. 2014-cü ildən əmək fəaliyyətini Göyçay şəhər nümayəndəliyində davam etdirib. 2023-cü ildən isə Göyçay Suvarma Sistemləri idarəsinə müdir təyin edilib.
İdarədə 200-ə yaxın işçi qüvvəsi çalışır. Orta aylıq əmək haqqı 400-500 manat civarındadır. İdarə bütün lazımı avadanlıqlarla təmin olunub. Bu il isə təzə bir traktor da verilib. Orxan müəllim məlumat üçün bildirdi ki, bu yaxınlarda rayonun Şəkili və Qarabağlar kəndləri ərazisində olan suvarma arxlarında lil və çöküntülərdən təmizləmə işləri aparılıb. Həmçinin Alxasabad, Qızılağac kəndlərində də suvarma arxları lil və çöküntülərdən təmizləmə işləri görülür. Bu il həmçinin mənbəyini su anbarlarından götürən Qarayazı beton kanalında və ətrafında fəhlələrin əl əməyi ilə ətraf kol-kosdan təmizlənmişdir. İncə kəndi ərazisində 300 hektara yaxın əkin sahəsini suvarma suyu ilə təmin edən beton kanalda lildən təmizləmə və kol-kosdan təmizləmə işləri aparılıb. Ümumiyyətlə, idarədə cari il üçün lazım olan təmir və abadlıq işləri başa çatıb. Həmçinin rayonun kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən fermerlər yay mövsümündə lazımı qədər su ilə təmin olunmuşlar.
Orxan müəllim qeyd etdi ki, kənd təsərrüfatının inkişafında su və meliorasiya sisteminin peşəkarcasına aparılması önəmli rol oynayır. Xalqın rifahı, məhsul bolluğu isə birbaşa kənd təsərrüfatının inkişafından asılıdır. Bu baxımdan suvarma sistemləri idarələrinin üzərinə böyük məsuliyyət düşür. Çünki vaxtında və keyfiyyətlə aparılmayan suvarma, daha dəqiq desək, susuzluq bütün əkin sahələrinə sərf olunan əməyin zay olması deməkdir. Ona görə də suvarma arxlarının vaxtında təmizlənməsi, su bolluğu üçün lazımı şəraitin yaradılması əsas şərtdir. Göygöl Suvarma Sistemləri idarəsində çalışan insanlar vətənpərvər, xalqını, dövlətini sevən, ən əsası isə öz işinə məsuliyyətlə yanaşan və peşəkar insanlardır. Ona görə də idarəmizin xidmət etdiyi ərazilərdə su ilə bağlı heç bir problemimiz yoxdur. Bu isə rayonumuzun kənd təsərrüfatı məhsullarının bolluğuna bir vəsilədir.
Gülağa C.
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü