Gədəbəy rayon Qoşabulaq bələdiyyəsinin sədri Rasim Ələkbərov torpağa bağlı bir insandır. Rasim müəllim ölkəmizin ən dilbər guşələrindən olan bu əsrarəngiz diyarda dünyaya göz açıb və özünü dərk edən gündən doğulduğu torpağın gözəllikləri ilə göz-gözə gəlib. İlk gündən qəlbində doğulduğu torpağa qarşı böyük məhəbbət hissi yaranıb və bu böyük sevgi onu torpağa bağlayıb. Bəlkə elə buna görə də arzusu, amalı doğma yurdunun çiçəklənməsi, inkişaf və tərəqqisi üçün çalışmaq olub. Orta təhsilini başa vurduqdan sonra Gəncə Dövlət Universitetinə qəbul olub. Ali təhsilini bitirdikdən sonra isə yenidən doğma kəndinə dönən Rasim müəllim burada əmək fəaliyyətinə başlayıb. Bu haqda Rasim müəllim belə deyir: «Atam Şəmil kişi bu kəndin sovxozunda briqadir idi. Xəstəliyi ilə bağlı son günlərdə vəzifəsini icra edə bilmədi. Mən isə ali təhsilimi başa vurandan sonra onun yerində briqadir işlədim. Elə o vaxtdan da, necə deyərlər, ilişib sovxozda qaldım. 1994-96-cı illərdə isə Qoşabulaq sovxozunun direktoru vəzifəsində çalışdım. 1996-cı ildən sonra islahat komissiyasında işləmişəm, eyni zamanda paralel olaraq fərdi təsərrüfatla məşğul olmuşam. 2004-cü ildən iş fəaliyyətimi bələdiyyə sahəsində davam etdirmişəm. Müəyyən fasilələrlə Qoşabulaq bələdiyyəsinin sədri olmuşam. Son seçkilərdə yenidən Qoşabulaq bələdiyyəsinə sədr seçilmişəm». Rasim müəllim məlumat üçün bildirdi ki, Qoşabulaq bələdiyyəsi 6 nümayəndəliyi və 9 kəndi birləşdirir. Qoşabulaq bələdiyyəsinə birləşən kəndlər Çanaqçı, Nərimankənd, Moruxlu, Samanlıq, Qoşabulaq, Pəriza-manlı, Totuqlu, Rəmə və Tərs yer kəndləridir. Bu kəndlərdə görülən işlər əsasən daxili imkanlar hesabına aparılır. Məhz bu yolla kənd ara yollarına çınqıl tökülüb, təmirə ehtiyacı olan 1990-cı illərin şəhid qəbirlərinin başdaşıları təzələnib, məzarları səliqəyə salınıb və su çəkilib. Ehtiyacı olanlara maddi yardımlar olunub. Qoşabulaq bələdiyyəsinin ərazisində 3 şəhid ailəsi vardır. Bütün şəhid ailələri kimi onlar da dövlətimizin diqqət və qayğısından yararlanırlar. Bələdiyyədə yığılmış pul vəsaitlərini isə ancaq işçilərin maaşlarına və DSMF ilə vergiyə ödəmələrimizə icazəmiz var, – deyir Rasim müəllim. Qoşabulaq bələdiyyəsinin gələcəklə bağlı prespektiv planları vardır. Kənd bələdiyyələri birləşəndən sonra bələdiyyənin vergi və DSMF borclarının yaranması bu planların həyata keçirilməsini bir qədər ləngidir. Bu borclar ödənildikdən sonra bütün prespektiv planlar həyata keçiriləcək. «Bunun üçün var qüvvəmizi sərf edəcəyik ki, əhalimiz daha firavan, daha rahat yaşasın. Qoşabulaq bələdiyyəsinin suya heç bir ehtiyacı yoxdur. Çünki burada Allahın neməti olan çoxlu bulaqlar var. Kəndimizin Qoşabulaq adlanması da məhz bu faktın doğruluğunu əks etdirir». Rasim müəllimin fikrinə tamamilə şərikik. Həqiqətən də təbii su böyük bəxşişdir və Allahın əvəzsiz nemətidir. Bu lütfkarlığı dəyərləndirmək və ondan lazımı şəkildə istifadə etmək isə hər bir kəsin insanlıq borcudur. İnanırıq ki Qoşabulaq bələdiyyəsinin bütün əməkdaşları bu işin öhdəsindən ləyaqətlə gələcək və qarşıya qoyduqları prespektiv planlarını şərəflə yerinə yetirəcəklər.
Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər birliyinin uzvü
