Təbiəti ölkəmizin sənət əsəri hesab edilən, flora və faunanın unikal dünyasını özündə birləşdirən, Azərbaycanın şimalında son yaşayış məntəqəsi olan, Böyük Qafqaz dağlarının ətəklərində, dəniz səviyyəsindən 715 m. yüksəklikdə yerləşən  Qusar rayonu 1930-cu ildə Quba əyaləti bölünən zaman yaranıb. Güman edilir ki, bu ərazilərdə insan məskənləri eramızdan əvvəl, II minilliyin sonunda meydana gəlib. Qusar Azərbaycanımızın ən dilbər guşələrindən biri olmaqla yanaşı, təbiətinin zənginliyi, əsrarəngiz gözəlliyi ilə bütün dünya səyyahlarının, xarici turistlərin də diqqətini cəlb etməkdə, hüsnünə heyran qoymaqdadır. Qusar ilin bütün fəsillərində özünəməxsusluğu ilə seçilir. Ona görə də insanlar hər zaman bu gözəl diyarda istirahət etməkdən, təbiətlə baş-başa qalmaqdan, təbiətin əsrarəngizliyini gözü dolusu seyr etməkdən xüsusi zövq alır. Bu tələbatı nəzərə alaraq Qusarda yaradılmış istirahət məkanlarının sayı ildən-ilə artmaqdadır. Onlardan biri də Qusar Olimpiya İdman Kompleksidir.
Qusar Olimpiya İdman Kompleksi 2008-ci ilin sentyabr ayından fəaliyyətə başlayıb. Şəhərin ən mənzərəli yerində, meşə kənarında tikilmiş bu kompleks 14 hektar ərazidə yerləşir və əsas korpusun ümumi sahəsi 5 min kvadratmetrdir. Bu korpusda 2 geniş idman salonu, 25 metrlik üzgücülük hovuzu, stolüstü oyunlar üçün otaqlar, trenajor salonu, yeməkxana, yardımçı otaqlar və s. yerləşir. Kompleksdə idmanın taekvondo, cüdo, stolüstü tennis, üzgüçülük, boks, kikboksinq, kimnastika, mini futbol, voleybol, yunan-Roma güləşi, ağır atletika və sair növləri üzrə məşq zalları vardır. İdman salonunun tamaşaçı tutumu 1531 nəfərdir.
Qusar Olimpiya İdman Kompleksinin direktoru Razi Mustafayevdir. Razi müəllim 1985-ci ildə Qusar rayonunun Piral kəndində dünyaya gəlib. Gözünün ilk gördüyü doğma diyarın gözəllikləri, təbiətin füsunkarlığı olub. Bəlkə elə ona görə də bütün ömrünü Qusarın daha çox tanınmasına, məşhurlaşmasına sərf etməyi qarşısına məqsəd qoyub. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bitirdikdən sonra yenidən Qusara dönüb və burada idman sahəsində çalışaraq qusarlı uşaqların idmanın sirlərinə daha dərindən bələd olmaları, müxtəlif arenalarda peşəkarlıq nümayiş etdirmələri üçün çalışıb. Razi müəllim 2008-ci ildə Qusar Şahmat Məktəbində məşqçi-müəllim işləyib. 2022-ci ildə məktəbin direktoru vəzifəsinə yüksəlib. 2025-ci ilin may ayından Qusar Olimpiya İdman kompleksinə diretor təyin olunub.
Kompleksin 32 işçi qüvvəsi vardır və bunlardan 5-i məşqçi-müəllimdir. Burada çalışan titullu idman müəllimlərindən Elşən müəllimin və digərlərinin adını çəkmək yerinə düşər.
Razi müəllim ki, qeyd etdi ki, Respublikanın Gənclər və İdman naziri Fərid Qayıbov bu kompleksdə kadr seçiminə qarşı çox diqqətlidir və heç vaxt da bu sahədə yanılmayıb. Kompleks hər zaman onun nəzarətindədir/ və qayğısını əsirgəmir.
Məlumat üçün onu da bildirək ki, kompleksdə istirahət etmək üçün nəzərdə tutulmuş hotel-kotteclərin sayı 40 ədəddir, 160-a yaxın isə yataq yeri vardır. Burada hər bir kəs istədiyi vaxt gəlib dincələ bilər. Kompleksdə insanların özlərini komfort hiss etmələri üçün hər cürə şərait yaradılıb. Yüksək zövq və gözoxşayan dizayn təbiətin gözəlliyi ilə həmahənglik yaradır. Burada istirəhət edən hər kəsin ağlında yalnız bir fikir formalaşır: – Həyat gözəldir və yaşamağa dəyər!

Söhbəti apardı: Gülağa
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 18.07.2025 » Oxundu: 874
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!