Lənkəran Regional 1 saylı Meşə Təsərrüfatı Mərkəzinin direktoru Habil Əliyev 2024-cü ildən bu vəzifədə çalışır. O, 1977-ci ildə Lerik rayonunun Brədi kəndində dünyaya gəlib. Orta məktəbi doğulduğu kənddə başa vurub və və elə həmin il Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olub. 2013-cü ildə ali təhsilini bitirib və Lerik rayon Kapital bankında əmək fəaliyyətinə başlayıb. Bir müddətdən sonra əmək fəaliyyətini Dövlət Sosial Müdafiə Mərkəzinin sosial müavinət və ünvanlı yardım şöbəsində məsləhətçi olaraq davam etdirib. 2018-ci ilin iyul ayından isə Dövlət Sığorta Komissiya Şirkətində işləyib. Artıq iki ildir ki, Meşə Təsərrüfatı Mərkəzinin direktorudur. Bu Mərkəz Lənkəran, Astara, Lerik meşə ərazisinə xidmət edir. Mərkəzin ümumi ərazisi 68 min 900 hektardan artıqdır. Habil müəllim bildirdi ki, əvvəllər mərkəzin ərazisi daha çox idi. Lakin Hirkan Milli Parkı yarananda bu ərazilərin bir hissəsi Milli Parkın ixtiyarına verilib. Bu ərazinin təbiəti, flora və faunası çox zəngin və əsrarəngizdir. Ərazilərdə adi heyvanlarla yanaşı, "Qırmızı kitab"a düşmüş canlılar da vardır. Onlardan bəbir, canavar, çöl donuzu, müxtəlif növ çöl quşları və s.-ni göstərmək olar. Ərazidə "Qırmızı kitab"a düşən təkcə heyvan və quşlar deyil, müxtəlif ağac və bitkilər də vardır. Bunlara misal olaraq dəmirağac, palıd, qızılağac, Lənkəran akasiyası, müalicə əhəmiyyətli müxtəlif kol bitkiləri və s. nümunə göstərmək olar. Ərazidə meşələrin bərpası və yaşıllıqların artırılması məqsədi ilə burada tinglik təsərrüfatları da fəaliyyət göstərir. Lənkəranda üç, Astarada bir və Lerikdə bir tinglik olmaqla, ümumilikdə beş tinglik təsərrüfatı vardır. Tingliklərdə regionun təbiətinə məxsus olan fidanlar yetişdirilir. Bunlardan cökə, şam ağacı, palıd və s. ağacları nümunə göstərmək olar. Ərazidə icarəyə verilmiş meşə əraziləri vardır ki, burada feyxua, naringi, apelsin və s. regiona məxsus meyvələr yetişdirilir. Habil müəllim qeyd etdi ki, mərkəz tərəfindən ərazidə qanunsuz meşə qırıntıları törədənlərə qarşı ciddi mübarizə aparılır və qanun pozuntusu aşkar edildikdə cərimələr tətbiq edilir. Yay mövsümündə isə meşələrin yanğından qoruması ən əsas iş prinsplərindən birinə çevrilir və xidmət daha da gücləndirilir. Regional Meşə Təsərrüfatında 120-dən yuxarı işçi qüvvəsi çalışır. Onların hər biri peşəkarlığı, öz işinə qarşı olan məsuliyyəti, zəhmətsevərliyi, təbiətə qarşı olan sevgisi ilə diqqət çəkirlər. "Meşə təsərrüfatının əsas vəzifələrindən biri meşələrin bərpası və yeni meşəliklər salınmasıdır. Ümumiyyətlə, meşə təsərrüfatı dedikdə meşələri öyrənmək, qeydiyyata almaq, yeni meşələr salmaq, onları yanğından, xəstəlik və zərərvericilərdən qorumaq, meşələrin qoruyucusu və sutəmizləyici funksiyasını saxlamaqla, xalq təsərrüfatının meşə materialına olan tələbatını ödəmək məqsədilə meşələrdən səmərəli istifadə olunması nəzərdə tutulur. Meşələr insanların yanacaq, dərman və texniki xammal, yeyinti məhsulları s. tələbatını ödəyir. Meşələrdən torpaq və suqoruyucu, iqlim saflaşdırıcısı, turizm və s. üçün də istifadə olunur. Amma ən əsası meşələr yer planetinin ağ ciyərləridir. Onun funksiyasından səmərəli şəkildə yararlanmaq üçün meşələri qorumaq, sağlamlığına diqqət etmək çox vacib bir məsələdir. Bu məsuliyyət isə biz meşə işçilərinin boynuna düşür. Tutduğu vəzifədən asılı olmayaq hər birimiz çalışırıq ki, öz işimizin öhdəsindən bacarıqla gələk və ana təbiətə vicdanla xidmət edək" – söyləyir Habil müəllim .
Gülağa CƏFƏROV,
Keçmiş SSRİ və Azərbaycan
Jurnalistlər Birliyinin üzvü
