Baharın gəlişi, təbiətin oyanışı bütün sahələrdə hiss olunsa da, kənd təsərrüfatı sahəsində özünü daha qabarıq büruzə verməkdədir. Torpağın oyanması ilə əkib-becərmənin, körpə fidanların əkilməsinin, toxum səpininin, ağacların dibinin bellənərək sulanmasının və s. işlərin görülməsinə start verilir. Elə buna görə də yaz fəslini haqlı olaraq oyanış fəsli adlandırırlar. Təbiətin oyanışını təmin edən dörd ünsürdən biri isə sudur. Lakin suyun üstünlüyü ondan ibarətdir ki, bu həyati amil təkcə yaz aylarında torpağı əkib-becərmək üçün deyil, ilin bütün fəsillərində və hər bir şəraitdə insanlar üçün ən gərəkli vasitədir.

İnsanların yaşayışı üçün vacib olan suyun təminatı üçün müəyyən məsul təşkilatlar vardır ki, onlardan biri də Sukanal idarələridir. İnsanların həyat tərzinin komfortluluğu, rahatlığı Sukanal idarələrinin fəaliyyətindən bəlkə də birbaşa asılıdır desək, səhv etmərik. Bu vacibli sahədə çalışan insanlardan biri də 8 saylı Regional Sukanal idarəsi Ağstafa Sukanal sahəsinin rəisi Fərid Eyyubovdur.

Fərib Eyyubov 1986-cı ildə Ağstafa rayonunun Qaçaq Kərəm kəndində dünyaya gəlib. Orta təhsilini doğulduğu kənddə aldıqdan sonra ali təhsil almaq üçün paytaxta üz tutan Fərid Eyyubov Texniki Universiteti uğurla başa vurub. Müxtəlif illərdə MTN-də və qaz idarəsində mühəndis işləyib. 2017-ci ildən hazırda rəhbərlik etdiyi idarədə qrup rəhbəri vəzifəsində çalışıb. 2021-ci ildə isə idarəyə rəis təyin edilib.

İdarənin hazırda 75 işçi qüvvəsi vardır. Müəssisənin əsas işi şəhəri içməli su ilə təmin etməkdir. Fərid müəllim məlumat üçün bildirdi ki, rayonunun Vurğun qəsəbəsində su anbarı vardır və rayonun ərazisi məhz bu anbar vasitəsiylə su ilə təmin olunur. Su anbarına 6 arteziandan su vurulur. Müəssisənin 4 min 655 abonenti vardır. Buraya verilən suyun qiyməti hər bir evdə yerləşdirilən sayğaclar vasitəsi ilə aparılır.

Fərid müəllim onu da bildirdi ki, yazın gəlişi, havaların istiləşməsi ilə əlaqədar olaraq əhalinin suya olan tələbatı getdikcə artır. Bunun üçün su verilməsini vaxtlı-vaxtında və keyfiyyətli şəkildə aparmaq müəssisənin qarşısında duran ən vacib məsələlərdən biri hesab edilir. «Ümumiyyətlə, insanların rifah halının yaxşı olması, rahat həyat tərzi sürməsi üçün kommunal şəraitin yüksək səviyyədə olması çox vacibdir. Qaz və elektrik enerjisi ilə yanaşı, suyun da daimi və kifayət həcmdə olması insanların yaşayış tərzinə müsbət təsir edən amillərdəndir. Məhz buna görə də müəssisəmizin bütün əməkdaşları öz işlərinə böyük məsuliyyətlə yanaşır, suyun evlərə vaxtlı-vaxtında və lazımi təzyiqlə verilməsinə xüsusi nəzarət edirlər. Artıq bahar gəlir. Xalqımızın gözəl adətlərindən biri də baharın gəlişinə hazırlıq görmək, biş-düşlə yanaşı, həm də təmizlik, yır-yığış işi aparmaqdır. Bütün bu işlər isə su ilə görülür. Su həyat, yaşam qaynağı olmaqla bərabər, həm də təmizlik, səliqə-sahman deməkdir. Elə ona görə də bu günlərdə bizim məsuliyyətimiz bir az da artıb. Biz peşəkar və təcrübəli işçilərlə işləyirik. Öz işimizin öhdəsindən bacarıqla gəlir və əhalinin tələbatını lazımınca ödəməyə çalışırıq. Hərdən xətlərdə nasazlıqlar da yarana bilir. Lakin yaranmış nasazlıqları təcili surətdə aradan qaldırır və suyun verilməsini bərpa edirik. Çalışırq ki, kimsə işimizdən narazı qalmasın. Öz xalqına xidmət etmək böyük şərəfdir. Biz öz xalqımıza, millətimizə xidmət etməkdən böyük qürur duyuruq» – söyləyir Fərid müəllim.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 14.03.2022 » Oxundu: 2811
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!