Ömrünün yarım əsrə yaxın bir dövrünü pedaqoji sahəyə həsr edən HÜSEYNƏLİ QASIMOVUN bu gün vəfatının 40-cı günüdür. İslam tarixində 40 müqəddəs rəqəm olduğundan xatirələrimi bu gün qələmə aldım.
Hüseynəli Qasımov 1947-ci ilin 8 martında Lənkəranın Bala Şürük kəndində Əjdər müəllimin ailəsində dünyaya göz açıb. Böyük Vətən müharibəsindən sonrakı dövrdə 10 uşaqlı ailəni dolandırmaq müəllim ata üçün asan deyildi. Odur ki, hələ məktəbli olan Hüseynəli özünü oda-közə vurur, ailəyə yardımçı olmaq üçün kənd təsərrüfatı işləri ilə məşğul olur, gecə növbələrində işə düzəlir. Xarici Dillər İnstitutunda (Azərbaycan Dillər Universiteti) təhsil aldığı illərdə də müxtəlif yerlərdə işləyir. İnstitutu bitirəndən sonra fransız dili müəllimi olaraq Gərmətük qəsəbə orta məktəbinə təyinat alır. Pensiya yaşı çatana kimi Gərmətük qəsəbəsində fransız dilini tədris edir. Bu sahə üzrə çoxlu kadrlar yetişdirir. Lənkəranda Dövlət Universiteti fəaliyyətə başlayanda Hüseynəli müəllim də dəvət olunur. Fransız dili fakültəsi bağlanana kimi baş müəllim olaraq universitetdə fəaliyyət göstərir. Bu müddətdə Fransada xüsusi kurs keçir, elmi və bədii yaradıcılıqla məşğul olur. Tərcümələri “Söz” jurnalında və digər mətbu orqanlarda dərc olunur.
Hüseynəli müəllim tələbəlik illərindən (Rus Dili və Ədəbiyyatı İnstitutu, indiki Slavyan Universiteti) sevib seçdiyi Rəna xanımla ailə həyatı qurub. Rəna xanımın da bütün pedaqoji fəaliyyəti Gərmətük qəsəbə orta məktəbi ilə bağlıdır. Məktəblərdə rus dili fənni dayandırılana kimi bu fənni tədris edib.
Hüseynəli müəllim Rəna xanımla 3 övlad yetirib ərsəyə gətiriblər. Oğlanları Seymur və Füzuli azad sahibkarlıqla məşğuldurlar. Qızları LDU-nun məzunu olan İlhamə Qasımova AMEA-nın dissertantıdır. İlhamə həm də “Yeni Ulduz–4” müsabiqəsinin qalibi olaraq, sevilən müğənnidir. Nəvələri Leyla da babasının ardıcılıdır. Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsini və magistraturasını bitirib. Digər nəvələri – Hüseyn, Əli, Teymur, Emil, Əjdər, Səid, Fatimə,Rəna müxtəlif ali və orta məktəblərdə təhsil alırlar.
Hüseynəli müəllim bizim ailənin böyük kürəkəni olmaqla ailəmizin ağsaqqalı idi, xeyir-şər məclislərimizin yaraşığı idi. Bir pedaqoq olaraq, müdrik məsləhətləri ilə hər zaman köməyimizə gəlirdi. Çox istiqanlı, qonaqpərvər, zəhmətkeş bir insan idi. Fərdi təsərrüfatla məşğul olurdu. Əvvəllər tərəvəz əkib-becərirdi, sonralar sitrusçuluqla məşğul oldu. 8 il yay tətili zamanı Kənarmeşə kəndində H.Aslanov adına pioner düşərgəsinin rəhbəri olub. Kivini Lənkəranda ilk yetişdirənlərdən idi. Təsərrüfatının qazancını və meyvələrini yalnız ailəsinə sərf etmirdi. Öz əli ilə yetişdirdiyi meyvələrdən sovqat verməkdən xüsusi zövq alırdı.
Dəyərli pedaqoq, müdrik insan, ləyaqətli ailə başçısı, sevimli dost, əziz qohum Hüseynəli Qasımovun işıqlı, unudulmaz xatirəsi hər zaman qəlbimizdə xoş xatirələrlə yaşayacaqdır.
Allah rəhmət eləsin, məzarı nurla dolsun, ruhu şad olsun.

Sevda Əlibəyli
“Söz” jurnalının baş redaktoru

Daxil olundu: 22.02.2023 » Oxundu: 720
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!