Quba İdman İstirahət Təlim Tədris Komplesksi rayonda ən geniş fəaliyyət dairəsinə məxsus olan müəssisələrdən biridir. Bu tədris kompleksi 2004-cü ildə tikilib istifadəyə verilib. 2022-ci ildə isə restavrasiya olunaraq daha da gözoxşayan olub. Kompleksin direktoru Rəşid Orucovdur. Rəşid müəllim gənc olmasına baxmayaraq ilk günlərdən özünü bacarıqlı, təcrübəli, ən əsası isə məsuliyyətli bir rəhbər kimi təsdiqləməyi bacarıb. O, 1990-cı ildə anadan olub və orta təhsilini başa vurduqdan sonra Rusiya Federasiyasında ali məktəbə qəbul olub. 2015-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Yanğından Mühafizə Akademiyasını bitirib. Yenidən doğma vətənə dönən Rəşid müəllim burada müxtəlif illərdə "Paşa Holding" və digər təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olub. 2025-ci ilin aprel ayında isə Quba İdman İstirahət Təlim Tədris Kompleksinə direktor təyin edilib. İstirahətlərini Qubada keçirmək istəyənlər üçün barada əlverişli şərait yaradılıb. Kompleksdə insanların rayonun görməli yerlərinə səyahət etmələri təşkil edilir, asudə vaxtlarının səmərəli keçirilməsi üçün müxtəlif əyləncəli və musiqili proqramlar tərtib olunur. Kompleksdə müxtəlif daxili və beynəlxalq tədbirlərin və təlimlərin yüksək səviyyədə təşkil edilməsi ənənə halını almışdır. İclas zalı və auditoriyalar müasir texnika və avadanlıqlarla təchiz edilmişdir. Təlimlər beynəlxalq və ölkə daxilində tanınmış və təcrübəli mütəxəssislər tərəfindən aparılır. İstirahət və tədris məqsədilə Kompleksin ərazisində hər cür rahatlığa malik standart və lüks kateqoriyalı nömrələrdən ibarət otel binaları, daha konkret deməli olsaq, 2 otel binası vardır. Otellərin birində 78 otaq, digərində 33 otaq insanların ixtiyarındadır. Burada müxtəlif toplantılar təşkil etmək üçün geniş iclas zalı, qonaqları hər cür qidalanma ilə təmin edə bilən yeməkxana, tədris məqsədi ilə müasir avadanlıqlarla təmin edilmiş auditoriya və sinif otaqları qonaqların xidmətindədir. Kompleksdə, həmçinin villalar da vardır ki, bu villalar hər cürə şəraitlə təmin olunub. Villalarda isti hovuzların olması isə istirət üçün xüsusi önəm kəsb edir. Bir çox beynəlxalq yarışların, həmçinin dövlət təlim məşq toplantılarının da burada keçirilməsi Kompleksdə çalışan əməkdaşların daha məsuliyyətli olmasını şərtləndirir ki, onlar da bunun öhdəsindən böyük bacarıq və məharətlə gəlirlər. Burada eyni zamanda, 2 restoran və kafe də fəaliyyət göstərir. Bir sözlə, Kompleksdə istirahət və idman üçün bütün şərait vardır. Ümumilikdə bu Təlim-Tədris Kompleksində eyni vaxtda 400 nəfərə yaxın insanın istirahət edə bilməsi nəzərdə tutulub. İdman zallarından kinq-boks, güləş, boks, taykfando, karate, mini futbol, futbol və s. zallar vardır. Burada həmçinin velosiped və mini futbol komandası da fəaliyyət göstərir. Quba futbol komandasının 2-ci divizyonu burada oynayır. İmişli primer liqası da ev oyunlarını burada keçirir. Daha bir qürurverici faktı da qeyd etmək yerinə düşərdi ki, Respublikada olimpiya standartlarına uyğun olan 2 üzgüçülük hovuzu burdadır və hovuzlar 25+50 metr həcmindədirlər. Məşqçisi Vüsal müəllim olan üzgüçülüyə burada böyük maraq vardır. Kinq-boks idman növü də burada çox yaxşı inkişaf edib, məşqçilər isə Telman və Eduard müəllimlərdir. Burada çalışan idman müəllimlərinin əksəriyyəti idman ustası və digər titullara layiq görülüblər. Kompleksdəki təmizlik, səliqə-sahman xüsusilə diqqət çəkir. 124 nəfərdən ibarət işçi qüvvəsi buradakı bütün işləri bacarıqla görür. Kompleksin beynəlxalq standartlara uyğun qurulması onun şöhrətini gündən-günə artırır. İnanırıq ki, Kompleksin daha böyük uğurları hələ qarşıdadır.
Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan
Jurnalistlər Birliyinin üzvü
