Əlizadə Əsədov: «Hər aldığım mükafat mənə qol-qanad verir»
Lənkəranda Əlizadə Əsədovu tanımayan tapılmaz. Ömrünün 45 ildən çoxunu idmanın boks növünə həst etmiş Əlizadə müəllim şöhrət zirvəsinə çatana qədər bir sıra maneələri və çətinlikləri dəf edib. Bu gün o, boks üzrə idman ustası, beynəlxalq dərəcəli hakim və respublikanın Əməkdar məşqçisidir. “Spartak” Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin Lənkəran şurasına rəhbərlik etməklə yanaşı, Lənkərandakı “Neftçi” idman klubunun təsisçisi və eyni zamanda Lənkəran Dövlət Universiteti (LDU) idman klubunun sədridir. 65 illik yubileyi ərəfəsində Əlizadə Əsədovla görüşüb idmanda qazandığı nailiyyətlər, bu və digər məsələlər barədə onunla söhbətləşdik.
– Hərdən geriyə boylanıb 45 il əvvələ nəzər salanda məni heyrət hissi bürüyür, - deyə Əlizadə müəllim bildirdi. - O zaman ev şəraitində Liman qəsəbəsində yeniyetmələr və uşaqlarla idmanın boks növü üzrə məşqlərə başlayarkən heç təsəvvürümə də gətirməzdim ki, yetirmələrim haçansa Lənkəranın, hətta Azərbaycanın idman şərəfini qoruyacaq və mənə başucalığı gətirəcəklər.
Yaratdığım boks bölməsinə az vaxt ərzində 80-dən çox gənci cəlb etməyə müvəffəq olmuşdum. Münasib yer tapa bilmədiyimdən məşqləri elə öz evimdə keçirirdim. Bəzi tanışlarım dodaq büzüb pulsuz-parasız işləməyimə təəccüb edirdilər. Mən isə qəti qərara gəlmişdim ki, məşqlərə görə uşaqlardan bir qəpik də olsun zəhmət haqqı almayacam. İntensiv iş prosesi çox keçmədi ki, özünün ilk bəhrəsini verməyə başladı. Yetirməm Zahid Mehdiyev keçmiş SSRİ kuboku uğrunda Ukraynanın Donetsk şəhərində keçirilən yarışlarda bürünc medala layiq görüldü. Sonralar isə Xasay Əmirov, Amil Kərimov, Rövşən Nəcəfov kimi istedadlı gənc boksçularımız bir sıra mötəbər yarışlarda Lənkəranın və Azərbaycanın idman şərəfini ləyaqətlə təmsil edərək Vətənə qələbə ilə qayıtdılar. Bu gün qürur hissi keçirirəm ki, məşqçilik fəaliyyətim ərzində onlarla idman ustası, 100-dən çox ustalığa namizəd və birinci dərəcəli boksçular yetişdirməyə müvəffəq olmuşam.
– Sizi həm də bacarıqlı idman hakimi kimi tanıyırlar.
– Bəli, məşqçilik işimlə yanaşı hakimlik peşəsini də həmişə özümə doğma hesab etmişəm. Ayrı-ayrı vaxtlarda Rusiyanın Moskva, İrkutsk, Nalçik və digər şəhərlərində keçirilən boks yarışlarını idarə etmişəm. Bir sıra turnirlərdə isə yaxşı hakimlik işimə görə fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışam. 2001-ci ilin oktyabrında Dünya Boks Federasiyası tərəfindən mənə “Beynəlxalq dərəcəli hakim” adı verilib.
– Əlizadə müəllim, adlı-sanlı yetirmələriniz barədə nə deyə bilərsiniz?
– Dünyanın və ölkəmizin mötəbər yarışlarında, turnirlərində məharətlə döyüşmüş və öz hünərini göstərmiş yetirmələrimin sayı çoxdur və mən sözün həqiqi mənasında bu gün onlarla fəxr edirəm. Buna misal olaraq Zahid Mehdiyevin adını birincilər sırasında çəkmək yerinə düşərdi. Zahid qayğısızlıq, biganəlik üzündən doğma Lənkəranı tərk etməyə, Vətəndən uzaqlarda – Belarusda yad ölkənin bayrağı altında yarışlar keçirməyə məcbur olmuşdur. Minsk şəhərinin fəxri vətəndaşı olan eloğlumuz dəfələrlə beynəlxalq miqyaslı turnirlərdə qalib gəlmiş, 1999-cu ildə Amerikanın Texas ştatının Hyuston şəhərində keçirilən dünya çempionatında 3-cü yeri qazanmışdır. Uzaq diyarda hər cür şan-şöhrətə layiq görülən, 3 otaqlı mənzil və avtomobillə təmin olunan həmyerlimiz, mənim yetirməm hal-hazırda Almaniyanın Drezden şəhərində ali kateqoriyalı məşqçi-müəllim işləyir.
Digər bir yetirməm – Yadigar Məmmədov indi respublikanın Əməkdar məşqçisidir. Həm də Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin baş məşqçisidir və onlarla usta-boksçunun müəllimi hesab olunur. Eyni sözləri təsisçisi olduğum “Neftçi” idman klubunun baş məşqçisi kimi fəaliyyət göstərmiş, SSRİ birinciliyinin bürünc mükafatçısı, Moldova və Azərbaycan çempionu, idman ustası İlqar Təbibzadə və respublikanın kinqboks üzrə gənclərdən ibarət yığma komandasının baş məşqçisi Elşən Əbdülrəhmanov haqqında da söyləmək mənim üçün xoşdur.
Yeri gəlmişkən bildirim ki, ağırlıqqaldırma üzrə Olimpiya oyunları iştirakçıları Tofiq Heydərov və Turan Mirzəyev, boks üzrə Olimpiya oyunları iştirakçısı Cavid Tağıyev də rəhbərlik etdiyim “Neftçi” idman klubunun yetirməlidir.
– Yəqin ki, Lənkəranda inşa olunmuş Olimpiya Kompleksinin də müxtəlif növ idmançıların yetişməsində müstəsna rolu vardır.
– Bəli, elə mən bu mövzuya da toxunmaq fikrində idim. Məlum olduğu kimi respublikamızın bir çox bölgələrində Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə bu cür idman kompleksləri tikilib istifadəyə verilib. Lənkəranın Sütəmurdov kəndində, Xəzərin ləpədöyən yerində salınmış möhtəşəm Olimpiya Kompleksinin istifadəyə verilməsi böyük hadisədir və bizə belə bir əzəmətli hədiyyə bəxş etdiyi üçün bütün lənkəranlılar adından cənab İlham Əliyevə minnətdarlığımı çatdırıram. Ümid edirəm ki, tezliklə Lənkəran Olimpiya Kompleksində dünya şöhrətli idmançılar yetişəcəkdir.
– Eşitdiyimizə görə övladlarınız da boksla məşğul olublar.
– Bəli, övladlarımın hər üçü - Elbrus, Seymur və Xəyal ali təhsillidir, boks üzrə Azərbaycan çempionu, idman ustasıdır. Böyük oğlum Elbrus hazırda doğma Azərbaycandan uzaqlarda - dost Ukrayna Respublikasının Dnepropetrovsk şəhərində dünya çempionu Yuri Savçenkonun məktəbində məşqçi-müəllim vəzifəsində çalışır.
- Əlizadə müəllim, siz həm də jurnalistlik fəaliyyəti ilə də məşğul olursunuz.
- Elədir ki, var. Hələ orta məktəb illərindən müxtəlif janrda qələmə aldığım məqalələrim mətbuat səhifələrində işıq üzü görmüşdür. Vaxtımın azlığına baxmayaraq bu gün də mütəmadi olaraq imzam qəzet və jurnallarda görünür. Hazırda “Məşəl” ədəbi-bədii, elmi-publisistik jurnalının baş redaktor müaviniyəm. Jurnalistlik fəaliyyətim “Qızıl Qələm” Media mükafatı ilə dəyərləndirilib. Mükafatdan söz düşmüşkən onu da deyim ki, ötən il “Avropa Nəşr Mətbuat Evi”nin mükafat komissiyasının qərarı ilə istedadlı gənc idmançıların hazırlanmasında səmərəli fəaliyyətimə, cəmiyyətdəki fəal ziyalı mövqeyimə, Lənkəranda boks məktəblərinin yaradılması, qurulması, təşəkkül tapması sahəsində uğurlu elmi təkliflərimə, mətbuatla sıx ünsiyyətimə, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında, ölkədə milli boks tarixi ənənələrinin inkişafında və boks idman sahəsində göstərdiyim uzunmüddətli xidmətlərimə görə “Ən yaxşı beynəlxalq dərəcəli hakim Qızıl Medalı”, eləcə də cari ilin yanvar ayında Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı Rəyasət Heyəti tərəfindən “Xalqın nüfuzlu ziyalısı” mükafatı ilə təltif olunmuşam. Əlbəttə, hər aldığım mükafat mənə təzə nəfəs, ruh, qol-qanad verir. Nə qədər ki, canımda can var, çalışacağam ki, bundan sonra da xalqıma, Vətənimə layiqincə xidmət edim.
- Əlizadə müəllim, maraqlı söhbətə görə çox sağ olun. Fürsətdən istifadə edərək martın 18-də 65 illik yubileyinizin tamam olması münasibətilə sizə çoxminli oxucularımızın təbriklərini çatdırır, sizə uzun ömür, cansağlığı, çətin və şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik!
- Siz də sağ olun! Mən belə düşünürəm ki, biz özümüzün möhtəşəm yubileylərimizi, ən xoş günlərimizi yalnız Qarabağ torpaqlarımızı geri alandan sonra keçirəcəyik. Axı Vətən, torpaq iman əsəridir. Bu iman əsərimizi qorumaq və torpaqlarımızı geri almaq hər bir azərbaycanlının ən müqəddəs arzusu olmalı və bu arzuya öz varlığı ilə getməlidir. Mən yetişdirdiyim hər bir tələbəmin daxilində ilk öncə böyük Vətən sevgisi yaratmağa çalışıram. Çünki bu idmançılar sabahın ən layiqli əsgərləri olacaqlar. Yeri gələndə silahsız, əlbəyaxa döyüşdə erməni gavurlarına qalib gəlmək üçün biz, onlara təkcə boksu yox, həm də əlbəyaxa döyüşləri mükəmməl öyrədirik. (Azadaz.com)
