Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa rayon komitəsinin sədri Elvira Əfəndiyevanın bu vəzifəyə təyin olunduğu vaxtdan o qədər də çox keçməyib. Lakin o, ilk günlərdən özünün bacarıqlı, məsuliyyətli və çalışqan bir rəhbər kimi göstərməyi bacarıb. Bildiyimiz kimi komitənin əsas işi ittifaq üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili, sağlamlıqlarının qorunması, mədəni-kütləvi, idman və intellektual inkişaf tədbirlərinin təşkili və s.-dən ibarətdir. Elvira xanım bildirdi ki, Komitə tərəfindən hər bir üzvə xüsusi həssaslıqla yanaşılır və hər zaman onlara maddi və mənəvi dəstək olmağa çalışır. Komitə üzvlərinin asudə vaxtlarını daha yaddaqalan və səmərəli keçirmələri üçün müxtəlif tədbirlər görülür və respublikamıza aid olan bütün bayram və əlamətdar günlər – 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü, 8 Mart Beynəlxalq Qadınlar Bayramı, Novruz Bayramı, Müəllimlər Günü və s. təntənə ilə qeyd edilir. Yubiley yaşı olan komitə üzvlərinin ad günü, həmçinin təqaüdə çıxanların yolasalma mərasimlərinin keçirilməsi də bir ənənə halını alıb. Belə tədbirlər komitə üzvlərinin özlərini daha dəyərli hiss etmələri üçün motivasiya olmaqla yanaşı, həm də onlarda olan həyat sevgisinin, ruh yüksəkliyinin daha da artmasına mənəvi dəstək rolunu oynayır. Müəllim ömrünü çırağa bənzədənlər heç də səhv etməyiblər. Onlar həqiqətən də öz elm işığı, ziya nuru ilə ətrafa işıq saçır, aydınlığa qərq edirlər. Hər bir kəs həyat vəsiqəsini məhz müəllimlərin əlindən alır, onların əməyi sayəsində elm, təhsil dünyasına qədəm qoyur. İnsanın həyatda öz yerini tuta bilməsi üçün isə elm öyrənmək, təhsil əldə etmək vacib şərtlərdəndir. Buna görə də müəllimlik sənətini heç bir peşə ilə müqayisə etmək olmaz. Ən azı ona görə ki, istənilən peşəni insana öyrədən də məhz müəllimdir. Bu baxımdan müəllim sənətinə olan hörmət və ehtiram daha yüksəkdir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: "Mən müəllim adından yüksək bir ad tanımıram!" Əsrlər boyu müəllim cəmiyyətdə sayılıb-seçilən insanlardan olub. Bu gün də müəllimlər cəmiyyətdə özlərinə layiq yer alıblar. Onlar öz vəzifələrinin məsuliyyətini, çətinliyini, müqəddəsliyini dərk edir və gələcək nəslin cavabdehliyini çiyinləri üzərində daşımağa imza ataraq bu yolda heç bir çətinlikdən qorxmayan, zəhməti, fədakarlığı hesabına özünə inanan insanlardır. Müəllim  peşəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli vətəndaşlar hazırlayır. Gənclərin hərbi vətənpərvərlik ruhunda təlim-tərbiyəsi də əsasən müəllimlərin əməyinin nəticəsidir. Həmkarlar Komitəsi tərəfindən bu məsələyə xüsusi önəm verilir və rayonda fəaliyyət göstərən hər bir təhsil ocağında şəhidlərin ruhuna böyük ehtiram göstərilir, onlar üçün xüsusi guşələr hazırlanır, vaxtaşırı xatirələri anılır. Şəhid ailələri, qazilər və veteranlar da hər zaman Komitənin nəzərindədir və onlara mövcud şəraitin imkan verdiyi  qədər maddi və mənəvi dəstək göstərilir. "Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa rayon komitəsi rayon ərazisində yerləşən təhsil müəssisələrində çalışan müəllimlərin və digər təhsil işçilərinin sosial-iqtisadi hüquqlarını və peşə maraqlarını qorumağı özünün əsas vəzifəsi hesab edir. Komitənin fəaliyyəti əmək münasibətlərinin düzgün tənzimlənməsi, üzvlərin sosial müdafiəsinin gücləndirilməsi, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, həmçinin mədəni, maarifləndirici və ictimai tədbirlərin təşkili istiqamətlərini əhatə edir. Komitə təhsil müəssisələrində fəaliyyət göstərən ilk həmkarlar ittifaqı təşkilatları ilə sıx əməkdaşlıq şəraitində çalışır və üzvlərin hüquq və mənafelərinin müdafiəsi istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir. Bundan əlavə, istirahət imkanlarının təşkili, sanatoriya-kurort yollayışlarının verilməsi, həssas qruplar və gənclərlə iş sahəsində həyata keçirilən tədbirlər də Komitənin əsas fəaliyyət istiqamətlərindəndir. Komitə öz üzvləri ilə daima ünsiyyət saxlayaraq həmrəylik və sosial ədalət prinsipləri əsasında fəaliyyətini davam etdirir" – söyləyir Elvira Əfəndiyeva.

Gülağa CƏFƏROV,

Kesmiş SSRİ və Azərbaycan  Jurnalistlər Birliklərinin üzvü 

Daxil olundu: 06.02.2026 » Oxundu: 1350
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!