Görkəmli coğrafiyaşünas alim, coğrafiya elmləri doktoru, professor Ağazeynal Alı oğlu Qurbanzadənin anadan olmasından 85 il ötür. Yubileyi həm də onun elmi-pedaqoji fəaliyyətinin 60 illiyinə təsadüf edir.
Professor Ağazeynal Qurbanzadə 12 mart 1938-ci ildə Azərbaycanın Astara şəhərində anadan olumuşdur. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsinin “Coğrafiya” ixtisasına daxil olmuş, 1962-ci ildə “İqtisadi coğrafiya” ixtisası üzrə başa vurmuşdur.
1968-ci ildə ADU-nun əyani aspiranturasına daxil olan A.Qurbanzadə 1974-cü ildə “Arazboyu regionunda kənd təsərrüfatının ərazi təşkilinin coğrafi tədqiqi” mövzusunda namizədlik, 2006-cı ildə isə “Azərbaycan Respublikasının aqrar funksional strukturunun ərazi təşkili” mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə etmiş, 2012-ci ildə professor elmi adını almışdır.
1971-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyətə başlayan A.Qurbanzadə ömrünü bu ali təhsil ocağına bağlayaraq, burada elmin inkişafı ilə bərabər, yüksəkixtisaslı kadrların hazırlanması işinə böyük töhfələr vermiş, rəhbərliyi altında fəlsəfə doktorluğu dissertasiyaları müdafiə olunmuşdur.
1996-2002-ci illərdə Lənkəran Dövlət Universitetində (LDU) “Coğrafiya və ekologiya” kafedrasını yaradaraq, ona rəhbərlik edən görkəmli alim respublikanın ali məktəbləri arasında ilk dəfə olaraq LDU-nun nəzdində “Coğrafi ekologiya” laboratoriyasını təşkil etmişdir. Eyni zamanda o, bir müddət Azərbaycan Kooperasiya Universitetində kafedra müdiri vəzifəsində çalışmışdır. Hal-hazırda AMEA-nın akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür.
Coğrafiyaya fundamental elm kimi yanaşan professor Ağazeynal Qurbanzadənin analitik təhlillərinin əsasında konseptual mövzular dayanır. Onun elmi tədqiqat işlərinin yeniliyi və elmi-praktiki əhəmiyyəti alimlər tərəfindən hər zaman yüksək qiymətləndirilib. O, aqrar struktur sistemlərinin optimal modellərinin funksional metodunu yaradıb və onu praktika ilə uzlaşdırıb. Alim elmi-pedaqoji fəaliyyəti dövründə çoxsaylı məqalələr, monoqrafiyalar, dərslik və dərs vəsaitləri çap etdirib. Bu sırada “Aqrar strukturun regional inkişaf modeli: iqtisadi coğrafiya konsepsiyası”, “Təbiətşünaslıq”, “Ölkəşünaslıq”, “İnsanşünaslıq”, “Ekologiya: sosial-iqtisadi əsasları”, “Azərbaycanı kənd təsərrüfatı coğrafiyası”, “Dünya ölkələri: siyasi-iqtisadi və dialektik coğrafiyası”, “Elmi tədqiqata giriş”, “Tibbi coğrafiya”, “Dialektik coğrafiya”, “Metodologiya” və digər əsərlərin adlarını çəkmək olar.
İntellektual düşüncəli, istedadlı insanları düzgün dəyərləndirməkdə, işə məsuliyyətlə yanaşmaqda, peşəsini dərindən sevməkdə həmkarlarına və gənc nəslə örnək olan bu zəhmətkeş ziyalı müqəddəs müəllimlik sənətinin şərəfini həmişə uca tutub, dərs dediyi tələbələrinə də daima bunu aşılayıb. Elmi ictimaiyyət yaxşı bilir ki, onun fəaliyyətində prinsipiallıq və obyektivlik, səmimiyyət və səriştə əsas yer tutur. Ömrü boyu halal zəhməti ilə xalqımıza və dövlətimizə sədaqətlə xidmət edən Ağazeynal müəllim Azərbaycan elminin və təhsilinin inkişafı yolunda bilik və bacarıqlarını heç zaman məsləkdaşları ilə paylaşmaqdan çəkinməmiş və bu gün də təcrübələrini gənc nəsillə bölüşməkdən böyük zövq alır.
Ağazeynal müəllim zəngin pedaqoji təcrübəsi və elmi yaradıcılığı ilə yanaşı, şəxsi keyfiyyətləri ilə də gələcək nəsillərə örnək tərcümeyi-hala sahibdir. O, təkcə dərs dediyi auditoriyalarda deyil, həm də öz ailəsində cəmiyyətimizə layiq vətəndaş yetişdirmək missiyasına ciddi yanaşmış, övlad və nəvələrinə də ən nəcib keyfiyyətləri aşılamaqda əlindən gələni əsirgəməmişdir. Şərəfli alim və müəllim ömrü yaşayan Ağazeynal müəllim nümunəvi ailə başçısı, qayğıkeş babadır. 4 övlad, 13 nəvə və 4 nəticə sahibi olan professor Ağazeynal Qurbanzadəni anadan olmasının 85 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı və gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Tapdıq Həsənov
BDU-nun professoru, coğrafiya elmləri doktoru
Anar Fərəcov
BDU-nun Filologiya fakültəsinin dekan müavini

Daxil olundu: 12.03.2023 » Oxundu: 314
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!