Quba Dağlıq kənd orta məktəbi uzun illərdir ki, fəaliyyət göstərir. Rayonun qocaman təhsil müəssisələrindən olan bu məktəbin minlərlə məzunu olub və onların səsi-sorağı nəinki respublikamızın müxtəlif bölgələrindən, hətta ölkəmizdən kənarda da eşidilməkdədir. Onların arasında müxtəlif peşə sahibləri, elm və sənət adamları, təhsil və səhiyyə işçilərindən tutmuş, sadə zəhmət adamına kimi vardır. Məktəbə hazırda Lalə Bədəlova rəhbərlik edir.
Lalə xanım 1985-ci ildə Bakıda dünyaya gəlib. Orta təhsilini Bakı şəhər 283 saylı məktəbdə aldıqdan sonra Bakı Dövlət Universitetinə qəbul olub. 2008-ci ildə universitetin Biologiya fakültəsini bitirib və paytaxtda fəaliyyət göstərən «Koroğlu» MMC-də menecer və sair işlərdə çalışıb. Bir müddətdən sonra Lalə xanım ailə həyatı qurması ilə əlaqədar \Qubaya köçüb. 2010-cu ildən Quba rayon Dağlıq kənd orta məktəbində biologiya müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. İlk günlərdən özünü bacarıqlı müəllim, məsuliyyətli pedaqoq kimi göstərməyi bacaran Lalə xanım tezliklə nəinki kollektivin, hətta rayon təhsil idarəsinin də hörmətini qazanıb. Bilik və bacarığı, valideyn və şagirdlərlə düzgün münasibət qurmaq qabiliyyəti, çalışqanlığı rəhbərlik tərəfindən yüksək qiymətləndirilib və 2022-ci ildə çalışdığı Dağlıq kənd məktəbinə direktor təyin edilib.
Dağlıq kənd tam orta məktəbdə hazırda 383 şagird təhsil alır. Burada 50-yə yaxın müəllim və texniki işçi çalışır. Şagirdlərə elmin daşlı-kəsəkli yollarında bələdçilik edən, bilik verməklə yanaşı təlim-tərbiyələri ilə də məşğul olan müəllimlər arasında Respublikanın əməkdar müəllimi Ülkər Şıxməmmədovanı, tarix müəllimi Vasif Qəribovu, dil-ədəbiyyat müəllimi Elçin İsmayılovu, Mais Şıxməmmədovu, təlim-tərbiyə işləri üzrə direktor müavini Sahib Məhərrəmovu və başqalarını nümunə göstərmək olar.
Məktəbdə şagirdlərin elmi bilikləri yüksək səviyyədə mənimsəmələri üçün bütün lazımı şərait yaradılıb. Burada fəaliyyət göstərən geniş və yaraşıqlı akt və idman zalları vardır. Məktəb lazım olan kitab və kompüter ləvazimatları ilə tam təchiz edilmişdir.
Lalə xanım öz söhbətində onu da vurğuladı ki, məktəbdə şagirdlərin vətənpərvər ruhda təlim-tərbiyə olunmasına xüsusi diqqət yetirilir. Məhz bunun nəticəsidir ki, 44 günlük Vətən müharibəsində ölkəmizin bütün vətənpərvər oğulları kimi Dağlıq kənd məktəbinin yetirmələri də fəal iştirak edərək böyük qəhrəmanlıq göstərmişlər. Təəssüf ki, böyük qələbələri itkisiz əldə etmək mümkün deyil. 30 ildən sonra qazandığımız böyük Zəfər də itkisiz olmadı. Xalqımız neçə-neçə qəhrəman övladını şəhid verdi. O şəhidlərin arasında Dağlıq kənd məktəbinin məzunu Yaşar Xudayev də var idi. Məktəbin məzunlarından biri isə qazidir.
Onu da qeyd etmək yerinə düşərdi ki, məktəb öz şəhidinin xatirəsini hər zaman əziz tutur, ruhuna böyük ehtiram göstərir. Bu yaxınlarda «20 Yanvar» ictimai birliyi üzvlərinin təşkilatçılığı ilə məktəbdə şəhid Yaşar Xudayevin doğum günü ilə əlaqədar tədbir keçirilib. Rəsmi qonaqların arasında rayon İcra hakimiyyətinin, təhsil şöbəsinin, hərbi komissarlığın da nümayəndələri var idi.
Hər bir məktəbin ən yüksək göstəricisi yetirmələrinin qəbul zamanı topladığı ballardır. Bu baxımdan Dağlı kənd məktəbi öz göstəriciləri ilə fəxr edə bilər. Belə ki, məktəbin məzunlarından 600-dən yuxarı bal toplayanları xeyli saydadır.

G. Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 04.12.2022 » Oxundu: 3146
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!