İnsanın gördüyü işin dəyəri həqiqətən də onun yaşı ilə deyil, mahiyyəti ilə ölçülür. Az yaşda çox iş görmək isə hər kəsə nəsib olan xoşbəxtlik deyil. Ən əsası isə bu qisməti dəyərləndirmək, daha böyük işlər görmək üçün bütün gücünlə çalışmaq, əmək sərf etmək, bilik və bacarığından lazımı qaydada istifadə etmək lazımdır. Mədəniyyət İşçiləri Azad Həmkarlar İttifaqı Qusar rayon komitəsinin sədri Lalə Kərimova da məhz bu cür əməksevər, bilik və bacarığı ilə daha yüksək karyera qurmaq qabiliyyətinə malik olan bir mütəxəssisdir.
Lalə xanım 21 fevral 1991-ci ildə Qusar rayonunda dünyaya gəlib. Orta təhsilini doğulduğu rayonda başa vurduqdan sonra Bakı Slavyan Universitetinə qəbul olub. 2012-ci ildə ali təhsilini uğurla bitirərək əmək fəaliyyətinə başlayıb. Qusarda dərc olunan rayon qəzetində müxbir, daha sonra redaktor vəzifəsində çalışıb. Bir müddətdən sonra Qusar Turizm şöbəsinin qeydiyyat şöbəsində işləyən Lalə xanım pedaqoji sahədə də özünü sınayıb və bir müddət orta məktəbdə müəllimlik fəaliyyəti ilə məşğul olub. 2018-ci ildən isə rayon Mədəniyyət şöbəsində müxtəlif vəzifələrdə çalışıb. Lalə xanım həmçinin Qusar rayonunda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin direktor müavinidir. 2023-cü ildən isə Mədəniyyət İşçiləri Azad Həmkarlar İttifaqı Qusar rayon komitəsinin sədridir.
Lalə xanım məlumat üçün bildirdi ki, komitənin hazırda 505 üzvü var. Mədəniyyət sahəsində çalışan bu üzvlərə həmkarlar komitəsi çox həssaslıqla yanaşır, onların sosial və maddi problemlərinin həlli üçün mövcud şəraitin imkan verdiyi dərəcədə köməyini əsirgəmir.
Ehtiyacı olan hər bir komitə üzvünə ərizəsi əsasında maddi yardımlar edilir. Təqaüd yaşı çatanlar isə xüsusi hədiyyələrlə yola salınır, həmçinin yubiley tədbirləri keçirilir. Komitə üzvlərinin sağlamlığına da xüsusi diqqət yetirilir. Ehtiyacı olan hər kəs ərizə ilə müracətindən sonra müxtəlif istirahət mərkəzlərinə və sanatoriyalara göndərilirlər.
Xalqımızın milli bayramı olan Novruz Bayramı komitə tərəfindən daha böyük təntənə ilə qeyd edilir. Həmçinin 8 Mart Beynəlxalq Qadınlar Günü, Müstəqillik Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və sair bayramlar da qeyd edilir və bu əlamətdar günlərdə iş həyatında fəallığı ilə fərqlənən və yubiley yaşı 60-65 olan komitə üzvlərinə fəxri-fərman və pul mükafatları təqdim edilir. Belə tədbirlər zamanı şəhid ailələrinə xüsusi diqqət yetirilir və ilk növbədə həmin ailələr mükafatlandırılır. Bu haqda Lalə xanım deyir: «Böyük Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi əslində xalqımız üçün əsl sınaq idi. Məhz bu möhtəşəm Qələbədən sonra bir daha yəqin etdik ki, el birliyinin gücü yenilməzdir. Ali Baş Komandanın sərkərdəlik bacarığı, Ordumuzun sarsılmaz gücü ilə həmahənglik təşkil edən xalqımızın dəmir yumruq kimi birləşməsi bu Qələbəni gerçəkləşdirən səbəblərin birincisi oldu. 30 ildən sonra xalqımız Qələbə sevincini, Zəfər Gününün qürurunu yaşadı. Lakin təəssüflər olsun ki, bu Qələbə itkisiz başa gəlmədi. Vətənimizin bütövlüyü, torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsini hər zaman əziz tutmaq bizim borcumuzdur. Ona görə də onların ailələrinə hər zaman diqqət və qayğı ilə yanaşmalıyıq. Çünki şəhid ailələri bizə şəhidlərimizin yadigarlarıdır».

Gülağa

Daxil olundu: 01.04.2023 » Oxundu: 2329
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!