Yerli özünüidarəetmə orqanı olan Xaçmaz rayon Qusarçay bələdiyyəsi rayonun ən böyük bələdiyyələrindən biridir. Bu bələdiyyə Qusarçay kəndi ilə yanaşı Bostançı, Dədəli, Ağaverdioba, Həsənqala, Hacıabdurəhimoba, Kiçik Baraxum, Nağıoba, Poladlı, Sibiroba, Balaqusarqışlaq olmaqla daha on bir kəndi birləşdirir. Bələdiyyənin sədri Faiq Savziyev 2019-cu ildən Qusarçay bələdiyyəsinin sədridir. O, 1980-ci il iyun ayının 13-də anadan olub. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Politexnik İnstitutuna qəbul olub və ali təhsilini Avtomobilin itismarı ixtisası üzrə bitirib. Faiq müəllim 2009-2019-cu illərdə Köhnə Xudat bələdiyyəsində sədrin müavini vəzifəsində çalışıb. Bələdiyyələrin gördüyü işlərdən danışan Faiq müəllim məlumat üçün bildirdi ki, bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yeril özünüidarəetmə formasıdır. Bu özünüidaretmə orqanının öz mülkiyyəti və yerli büdcəsi olur və o, Azərbaycan Respublikasının Kostitusiyası ilə və "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. Bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər. Belə səlahiyyətlərin həyata keçirilməsinə müvafiq olaraq qanunvericilik və icra hakimiyyətləri nəzarət edirlər. Bələdiyyə üzvlərinin öz səlahiyyətlərini maneəsiz və səmərəli hayata keçirilməsinə, hüquqlarının müdafiəsinə dövlət təminat verir. Faiq müəllim onu da bildirdi ki, bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, tibb, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir. Bələdiyyələrin əsas məqsədi və iş prinsipi əhalinin rifah halının daha da yaxşılaşması, yaşayış tərzinin daha komfortlu və rahat olmasıdır. Bu baxımdan Qusarçay bələdiyyəsi də öz qüvvəsini əsirgəmir və xidmət etdiyi bütün kəndlərdə abadlıq, təmir-tikinti işləri aparır. Son dövrlərdə Qusarçay bələdiyyəsi tərəfindən kəndlərdə təmirə ehtiyacı olan bütün körpülər təmir olunub, kəndarası yollara qum-çınqıl tökülüb, qəbiristalıq ərazilər təmizlənərək abadlaşdırılıb. Həmçinin kənd camaatının suya olan ehtiyacını ödəyən artezian quyuları da maneəsiz işlək vəziyyətə gətirilərək səliqəyə salınıb. Özündən başqa 11 kəndi birləşdirən Qusarçay bələdiyyəsi hər zaman şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına böyük hörmət və ehtiramla yanaşıb. Bələdiyyənin xidmət etdiyi kəndlərin ümumilikdə 17 şəhid övladı vardır. Bu şəhidlərin xatirəsi kənd camaatı tərəfindən hər zaman ehtiramla anılır və əziz tutulur. Qəhrəman şəhidlərin xatirəsinin əbədiləşdiridməsi üçün burada xatirə kompleksi yaradılıb. Kənd əhalisi əlamətdar günlərdə buraya yığışır, öz qəhrəman oğullarının xatirəsi hörmət və ehtiramla yad edirlər. Bələdiyyə tərəfindən şəhid ailələrinə və qazilərə mövcud şəraitin imkan verdiyi məbləğdə müəyyən vaxtlarda maddi yardımlar da edilir. Bu isə bələdiyyələrin igid şəhidlərimizə qarşı olan diqqət və qayğısının təzahürüdür.
Gülağa CƏFƏROV,
Keçmiş SSRİ və
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
