Azərbaycan filoloji fikrinin, publisistikasının və müstəqillik dövrü söz sənətinin tanınmış simalarından olan filologiya üzrə fəlsəfə doktoru, dosent Salatın Alı qızı Əhmədova (Salatın Əhmədli) zəngin fəaliyyətlə bəzədilmiş 70 illik yubiley mərhələsinə qədəm qoyur. Sənətkarın geridə qoyduğu bu yetmiş illik zaman kəsiyi fərdi bir ömür bioqrafiyası olmaqdan çox, Azərbaycan xalqının intellektual yaddaşına, ana dilimizin zənginliyinə və ozan-aşaq mədəniyyətinə xidmət edən elmi-bədii bir salnamə xarakteri daşıyır. Qazax və Ağstafa kimi qədim sənət beşiklərində boya-başa çatan, ustad aşıqların saz sədaları ilə mənəviyyatını zənginləşdirən bu dəyərli ziyalı, el sənətindən topladığı yaradıcılıq enerjisini akademik filologiyanın qanunauyğunluqları ilə birləşdirərək çağdaş cəmiyyətimizə və gələcək nəsillərə ötürməyi bacarmışdır. İnsan ömrünün mənəvi çəkisi, ilk növbədə, onun yaşadığı illərin sayında deyil, həmin illər ərzində cəmiyyətə, elmə, təhsilə və mənəvi həyata bəxş etdiyi fundamental dəyərlərdə təzahür edir. Bu baxımdan Salatın Əhmədovanın keçdiyi mənalı fəaliyyət yolu tədqiqatçılıq marağının, sözə bədii bağlılığın, pedaqoji məsuliyyətin və yüksək ictimai fəallığın bir araya gəldiyi çoxşaxəli bir ziyalı ömrü kimi diqqəti xüsusi cəlb edir.
Salatın Əhmədovanın yaradıcılıq fəaliyyətinin miqyasını səciyyələndirən faktlardan biri onun “Seçilmiş əsərləri” çoxcildliyidir. Çoxcildli nəşrlər müəllifin müxtəlif dövrlərdə qələmə aldığı əsərləri sistemləşdirməklə yanaşı, həm də gələcək tədqiqatçılar üçün etibarlı bələdçi rolunu oynayır. Tədqiqatçı-yazıçının irihəcmli elmi araşdırmalarının nüvəsini Ulu öndər Heydər Əliyevin zəngin siyasi, elmi və ədəbi-mədəni mirası təşkil edir. Onun fundamental irsi sırasında “Böyük ömrün salnaməsi”, “Akademik Nizami Cəfərovun ideyaları və idealları”, “Heydər Əliyev və ədəbi-tarixi proses”, “Azərbaycançılıq – milli ideal” və digər tədqiqat xarakterli nəşrlər yer alır. Salatın Əhmədlinin humanitar elmdə açdığı ən fundamental cığırlardan biri, məhz Ümummilli Liderin dövlət dil quruculuğu strategiyasını və ədəbiyyatşünaslıq prioritetlərini sistemli təhlilə cəlb edən tədqiqatlarıdır. Onun professor Nizami Cəfərovun elmi rəhbərliyi və redaktorluğu altında işıq üzü görən “Heydər Əliyev və ədəbi-tarixi proses” monoqrafiyası ana dilimizin rəsmi dövlət dili statusunun möhkəmlənməsini, “Azərbaycançılıq – milli ideal” əsəri isə azərbaycançılıq ideologiyasının və milli identikliyin əsas qoruyucu qalası rolunu elmi əsaslarla dərindən araşdırır. Müəllif bu geniş istiqamətdə uğurlu tədqiqatları ilə filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanmışdır. Bu istiqamətdəki yaradıcılığın əsas xüsusiyyətlərindən biri ayrı-ayrı şəxsiyyətlərin irsini onların yaşadıqları tarixi dövrün ictimai və mədəni konteksti ilə əlaqələndirmək cəhdidir. Müəllif dərindən dərk edir ki, tarixi şəxsiyyətlərin fəaliyyəti haqqında yazmaq yalnız bioqrafik faktları sadalamaq demək deyil; həmin fəaliyyətin dövrün düşüncə tərzi, ictimai ehtiyacları və mədəni inkişafı ilə əlaqəsini də araşdırmaq tələb olunur.
Bu əhəmiyyətli mövzuların müxtəlif janrlarda işlənməsi müəllifə eyni ictimai məsələlərə fərqli rakurslardan yanaşmaq imkanı verir: elmi əsərdə anlayışların təhlili, publisistik yazıda ictimai düşüncənin ifadəsi, bədii mətndə isə insan talelərinin və mənəvi təcrübənin təqdimatı ön plana çıxır. Alimin son illərdə türk dünyasının elmi və mədəni inteqrasiyasına xidmət edən ən mühüm fundamental araşdırmalardan birini görkəmli dövlət və mədəniyyət xadiminə həsr etdiyi “Səmədağa Ağamalıoğlu: bir ömrün hekayəsi” monoqrafiyası təşkil edir. Geniş arxiv materiallarına, məhdud sayda əldə olunan tarixi sənədlərə və Səmədağa Ağamalıoğlunun az tanınan yazılarına istinadən ərsəyə gənən bu tədqiqat əsəri 1926-cı ildə Bakıda keçirilmiş və türk xalqlarının tarixində mühüm mərhələ olan I Bakı Türkoloji Qurultayının 100 illik yubileyi ərəfəsində türkoloji mühitə bəxş edilmiş möhtəşəm bir elmi ərmağandır. Salatın Əhmədli bu əsərində S.Ağamalıoğlunun təkcə inqilabi-siyasi fəaliyyətini deyil, onun Şərqdə əlifba islahatının, latın qrafikasına keçid prosesinin və ümumtürk mədəni birliyinin formalaşmasındakı nəhəng rolunu elmi süzgəcdən keçirir. Əsərin dərin analitik təhlili göstərir ki, müəllif Ağamalıoğlunu Orta Asiyadan Qazaxıstana qədər böyük bir coğrafiyada türkdilli xalqların elmi-mədəni yaxınlaşması üçün can yandıran misilsiz bir ziyalı, “tarixin təkərini fırladan” bir vizyon sahibi kimi cəmiyyətə yenidən təqdim edir.
Salatın Əhmədlinin yaradıcılıq yolunun ilkin qaynaqları onun aşıq yaradıcılığına, folklor yaddaşına və xüsusən milli bayatı irsinə olan dərin sevgisindən gəlir. O, sazın və sözün uca sehrini kənardan izləyən bir müşahidəçi kimi deyil, folklor dünyasını daxilən yaşayan bir mədəniyyət daşıyıcısı kimi hiss etmişdir. Yazıçının özünün qələmə aldıgı bayatılar və araya-ərsəyə gətirdiyi folklor materialları xalqın mənəvi keçmişini və milli düşüncə tərzini sabaha daşıyan mənəvi xəzinədir. Onun bayatı yaradıcılığı xalq poetik təfəkkürünün ən saf prinsiplərinə söykənərək yurd sevgisini, elat ruhunu və vətənpərvərlik duyğularını minilliklərin süzgəcindən keçən bu dördmisralıq formanın daxili fəlsəfəsi ilə ehtiva edir. Sənətkarın bu janrda qələmə aldığı, vətənpərvərlik hisslərinin, milli kimliyin və sarsılmaz torpaq bağlılığının bariz nümunəsi olan lirik örnəklərindən biri xalq yaddaşının heç vaxt silinməyəcək sədasıdır:
Əzizim, Qarabağda,
Bağ qalıb Qarabağda.
Hər yurdun öz naxışı,
Gül açar Qarabağda.
Bu təsirli poetik misralar sadəcə bədii bir nümunə deyil, eyni zamanda müəllifin yaradıcılığındakı yüksək vətənpərvərlik fəlsəfəsini, Azərbaycan mənəviyyatının aşınmadan gələcək nəsillərə ötürülməsini təmin edən, torpağın əbədi azərbaycançılıq naxışını misraların gücü ilə təsdiqləyən qüdrətli bir söz qoruyucusudur. Salatın xanım bu cür bayatılarını, el məsəllərini və qədim hekayətləri fərqli xarici dillərə tərcümə etdirərək beynəlxalq aləmdə tanıtmış, bununla da dünya miqyasında əsl azərbaycanlı vətənpərvərliyini nümayiş etdirmişdir. Bu addım həm də mədəni irsimizi mənimsəməyə çalışan bədnam qonşuların uydurmalarına qarşı elmi və bədii müstəvidə vurulan tutarlı bir cavab, milli mənəviyyatımızı qoruyan güclü bir söz sipəridir.
Ziyalının çoxşaxəli fəaliyyəti onun pedaqoji amalı ilə sarsılmaz vəhdətdə inkişaf edərək cəmiyyətə birbaşa fayda vermək məqsədi güdür. Salatın Əhmədovanın elmi-pedaqoji fəaliyyətində Azərbaycan dilinin tədrisi ilə onun ictimai və peşəkar ünsiyyətdə tətbiqi arasında əlaqənin xüsusi əhəmiyyət daşıdığı görünür. Bu yanaşma ana dilinin yalnız milli kimliyin mühüm göstəricisi deyil, eyni zamanda müasir elmin, təhsilin və əmək fəaliyyətinin təsirli ünsiyyət vasitəsi olduğunu bir daha xatırladır. Hazırda o, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Azərbaycan dili və pedaqogika kafedrasının müdiri vəzifəsində çalışaraq gənc nəslin tərbiyəsində və milli ideologiya ilə silahlanmasında böyük zəhmət çəkir. Universitet mühitində gələcəyin memar və mühəndislərinin rəsmi nitq mədəniyyətinə yiyələnməsində, texniki sahəni seçən tələbələrin humanitar dünyagörüşünün formalaşmasında onun maarifçilik addımları mühüm əhəmiyyət kəsb edir. Müəllifin tərtibçisi olduğu “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” dərs vəsaiti, gənclərin akademik dairələrdə və rəsmi mühitdə savadlı ünsiyyət qurmasına, sənədləşmə qaydalarını mükəmməl mənimsəməsinə böyük imkan yaradır. Kafedra müdiri kimi işlədiyi illər ərzində Salatın xanım tələbələrinə təkcə fənnin sirlərini öyrətmir, həm də onlara ana dilinin dövlət rəmzi kimi ucalığını dərindən aşılayır.
Alimin və müəllimin fəaliyyəti yalnız auditoriya və elmi nəşrlərlə məhdudlaşmır. Universitet həyatında ictimai təşəbbüslərdə iştirak etmək, kollektiv münasibətlərin inkişafına töhfə vermək və təhsil mühitinin formalaşmasında məsuliyyət daşımaq da ziyalı fəaliyyətinin mühüm istiqamətlərindəndir. Salatın Əhmədovanın AzMİU Qadınlar Şurasının sədri kimi uğurla fəaliyyət göstərməsi, eləcə də ölkə daxilində və beynəlxalq miqyasda nüfuzlu təşkilatlarda təmsil olunması fəaliyyətinin ictimai əhatəliliyini təsdiq edir. Belə ki, sənətkar Azərbaycan Yazıçılar Birliyinin (AYB), Azərbaycan Jurnalistlər Birliyinin və Türkiyənin nüfuzlu İLESAM (İlim və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) təşkilatının rəsmi üzvüdür. O, eyni zamanda soykökünə bağlı mənəvi bir fədakarlıqla “Qazax Xeyriyyə” İctimai Birliyinin fəaliyyətində hər zaman yaxından və fəal surətdə iştirak edir. Təhsilin, elmin və ədəbiyyatın inkişafındakı çoxillik əvəzsiz xidmətlərinə görə 2025-ci ildə dövlət tərəfindən “Tərəqqi” medalı ilə təltif olunması onun fədakar əmək fəaliyyətinin ali dövlət səviyyəsində qiymətləndirilməsinin bariz nümunəsidir. Belə təltiflər insanın uzunmüddətli əmək yoluna verilən ictimai qiymətin ifadəsidir. Bununla yanaşı, bir pedaqoqun universitet həyatındakı nüfuzu gündəlik fəaliyyətdə, tələbələrlə münasibətlərdə, həmkarlarla əməkdaşlıqda və təhsil prosesinin keyfiyyətinə göstərdiyi diqqətdə də özünü qabarıq göstərir.
Yazıçının oxucular tərəfindən rəğbətlə qarşılanan “Analar köç edəndə” və “Bir elatın dastanı” kimi nəsr əsərləri el yaddaşını, saz sənətinin etnoqrafik qaynaqlarını və xalq təfəkkürünü lirik-fəlsəfi boyalarla təsvir edən dəyərli nümunələrdir. Bu kitablarda dastan yaradıcılığının estetikası və canlı el dili əsas xətti təşkil edir. Müəllif qədim köç rituallarını və aşıq dünyasını canlandırarkən zəngin dialektizmlərdən və bədii təsvir vasitələrindən yerli-yerində istifadə edir. Analitik nöqteyi-nəzərdən bu əsərlər unudulmaqda olan elat adətlərini, yaylaq mədəniyyətini və ocaq dəyərlərini yaşatmaqla bərabər, gənclərə milli mənsubiyyət şüuru aşılayır və etnoqrafik zənginliyimizin qorunması baxımından böyük cəmiyyət faydası təmin edir.
Müəllifin poeziyası və nəsr dünyası vətəndaşlıq təəssübkeşliyi ilə döyünən mənəviyyatın bədii əks-sədasıdır. Onun Xocalı faciəsinə və Qarabağ ağrılarına həsr olunmuş, real faktlar əsasında qələmə alınmış “Başdaşı əhvalatı” bədii-publisistik əsəri milli yaddaşın oyaq saxlanılmasında əvəzsiz rola malikdir. Kitabdakı “Zirzəmidə qazılan məzar” hekayəsində Ərşad adlı personajın taleyi fonunda amansız düşmən vəhşiliyi və böyük bir ana faciəsi təsirli bədii dillə təhlil sferasına gətirilir. Süjet xəttində Ərşadın daxili iztirablarını boğaraq, əsir düşmüş Xocalı sakinlərini xilas etmək naminə göstərdiyi qəhrəmanlıq ön plana çəkilir. Salatın Əhmədli bu əsərdə müharibənin amansız şərtləri daxilində belə Azərbaycan insanının ali humanizmini və ləyaqətini ustalıqla nümayiş etdirir. Dünyanın 50-dən çox ölkəsində fərqli dillərdə nəşr edilən bu əsər Qarabağ həqiqətlərinin beynəlxalq müstəvidə yayılması missiyasını uğurla yerinə yetirir. Yazıçının zəfər sevinci ilə yoğrulmuş “Zəfər bizim zəfərimizdir” sənədli-bədii əsəri isə İkinci Qarabağ müharibəsinin şanlı tarixini gələcək nəsillərə ötürən qiymətli bir salnamədir.
Böyükhəcmli bədii yaradıcılıqda xüsusi yer tutan “Uçurulmuş sədlər” romanı mənəvi-psixoloji və sosial çərçivələrin fərdin taleyində oynadığı sarsıdıcı rolu araşdırır. Romanda ictimai mühitin diktə etdiyi köhnəlmiş stereotiplərin və süni sədlərin insanın mənəvi azadlığına necə mane olduğu bədii təsir gücü ilə analiz edilir. Yazıçı fərqli xarakterli qəhrəmanların daxili çarpışmalarını yüksək psixoloji dəqiqliklə işləmişdir. Əsər sadəcə bir ailə dramı olmaqdan çıxıb, cəmiyyətdəki mənəvi böhranlara və tabulara qarşı ziyalı etirazının bədii güzgüsünə çevrilir. Sənətkarın lirik-publisistik üslubda yazdığı “Yol gedir Naxçıvana” əsəri isə tarixlə coğrafiyanın mənəvi vəhdətini əks etdirən uğurlu bir yol qeydləridir. Naxçıvan obrazı burada Azərbaycanın qədim dövlətçilik tarixi və sarsılmaz qalası kimi vəsf olunur. Müəllif blokada çətinliklərinə sinə gərən bu torpağın insanlarının dəyanətini lirik dillə oxucuya çatdırır. Bununla yanaşı, onun fərqli qitələrə səyahətlərinin təəssüratlarını cəmiyyətə çatdıran iki cildlik “Səfərnamə” əsəri də dünyanı bir azərbaycanlı ziyalının gözü ilə kəşf etmək üçün mükəmməl bir bədii-fəlsəfi mənbədir.
Onun dialektologiya sahəsindəki fədakar əməyi dilimizin tarixi inkişaf yollarının müəyyənləşdirilməsi baxımından müasir dilçilik elminə böyük töhfədir. Müəllifin gərgin əməyinin bəhrəsi olan “Ağstafa-Qazax bölgəsinin izahlı dialektoloji lüğəti” kitabı unudulmaqda olan qədim leksik qatları və canlı xalq dilinin incilərini qoruyan fundamental bir lüğətdir. Salatın xanım bu lüğətdə sözlərin sadəcə mənasını vermir, həm də onların etnoqrafik və semantik köklərini elmi izahlarla şərh edir. İndiyə qədər 35-dən çox kitabı, 7 monoqrafiyası və XVIII cildlik “Seçilmiş əsərləri” çap olunan sənətkar, milli mədəniyyətimizin qorunması missiyasını uğurla davam etdirir. Onun çoxşaxəli fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək “Qızıl qələm”, “Cəfər Cabbarlı”, “Rəsul Rza” və “Səməd Vurğun” adına mükafatlarla da təltif olunmuşdur.
Bu əlamətdar yubiley yalnız bir ziyalının ömür tarixində mühüm mərhələ deyil, həm də onun uzun illər ərzində dilimizin, ədəbiyyatımızın, təhsilimizin və milli-mənəvi dəyərlərinə öyrənilməsi və təbliği istiqamətində gördüyü işlərə nəzər salmaq üçün əhəmiyyətli bir fürsətdir. Bu fərəhli günlərdə, biz də onun sarsılmaz elmi zəkasından, bədii təfəkküründən və tükənməz maarifçilik enerjisindən ilhamlanan çoxsaylı həmkarları, tələbələri və oxucu kütləsi adından dəyərli Salatın xanımı ürəkdən təbrik edirik. Ona Azərbaycan elminin və ədəbiyyatının ucalığı naminə cansağlığı, tükənməz bədii ilham və pedaqoji fəaliyyətində daha böyük nailiyyətlər arzulayırıq. Eyni zamanda unudulmaz ömür-gün yoldaşı, cəmiyyət və xalq üçün birlikdə çiyin-çiyinə böyük xidmətlər göstərdikləri mərhum Tağı Əhmədovun əziz xatirəsini və ruhunu Salatın xanımın hər zaman olduğu kimi, bu gün də böyük vəfa və ehtiramla yad etdiyini hiss edir, bu mənəvi bağlılığın ucalığı qarşısında baş əyirik. İnanırıq ki, elmdə zəkanın, sənətdə isə incə bir qadın ruhunun şəfqətini, könül işığının vəhdətini yaradan müdrik ziyalımız, özünəməxsus nəzakəti və fədakarlığı ilə sabaha doğru yeni elmi zirvələr və dəyərli əsərlərlə addımlamağa davam edəcəkdir. Yetmiş illik müdrik ömrünüz və yeni yaradıcılıq baharınız mübarək, elin və elmin işıqlı və fədakar xanımı!

Ramil Bayramov
BDU-nun Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi, filologiya elmləri üzrə fəlsəfə doktoru
Vəfa Abdullayeva-Nəbiyeva
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent

Daxil olundu: 23.10.2026 » Oxundu: 148
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!