Bu gün gənclərin qarşısında duran əsas sual yalnız yaxşı təhsil almaq deyil, bu bilikləri dəyişkən və qeyri-müəyyən dünyada necə dəyərə çevirməkdir. Diplomlar, sertifikatlar və texniki bacarıqlar vacibdir, lakin karyerada yüksələn, komandalara rəhbərlik edən və cəmiyyətə təsir göstərən insanlar məhz strateji düşünməyi və məqsədyönlü liderliyi bacaranlardır. Müasir dünyada liderlik anlayışı artıq təkcə idarəetmə bacarığı ilə ölçülmür. Qlobal qeyri-müəyyənlik, texnoloji sıçrayışlar, sosial gözləntilərin artması və sürətlə dəyişən bazar şərtləri rəhbər şəxslərdən daha dərin düşüncə, daha geniş baxış və uzunmüddətli məsuliyyət tələb edir. “İrsini yarat” kitabı məhz bu yeni reallıqda liderliyin necə formalaşmalı olduğunu sistemli və analitik şəkildə izah edən bir mənbədir.
Gülü Məmmədova ilə Arsalan İqbalın təqdim etdikləri və 2026-cı ildə TEAS Press Nəşriyyat evində çap olunan “İrsini yarat” kitabı baş icraçı direktorlar, rəhbər işçilər və gələcəyin liderləri üçün strateji liderliyə dair əhatəli yol xəritəsi təqdim edir. Altı fəsildən ibarət olan əsər liderliyin nəzəri əsaslarını real biznes təcrübəsi ilə birləşdirərək oxucunu sadəcə “bilməyə” deyil, düşünməyə və tətbiq etməyə sövq edir. Birinci fəsildə strateji liderliyin niyə müasir dövrdə həyati əhəmiyyət daşıdığı əsaslandırılır, menecmentlə liderlik arasındakı fərq aydın şəkildə ortaya qoyulur: menecer yalnız prosesləri idarə edir, lider isə gələcəyi formalaşdırır. Burada vurğulanır ki, gələcəyi formalaşdıran qərarlar yalnız proseslərə deyil, insan davranışlarına və strateji mühakiməyə söykənməlidir. Strateji liderlik cari problemlərə reaksiya verməklə kifayətlənmir, o, növbəti günün çağırışlarını qabaqcadan görməyi, komanda və təşkilatı buna hazırlamağı tələb edir. Burada təqdim olunan praktik addımlar gənclərə karyeralarının başlanğıcında strateji düşüncə formalaşdırmaq və liderlik irsi yaratmaq üçün faydalı nümunələr verir.
İkinci fəsil məqsəd, baxış və rəqabət üstünlüyünü izah edir və SWOT analizi (güc və zəif tərəflərin qiymətləndirilməsi), Porterin beş gücü modeli (rəqiblərin və bazar qüvvələrinin təsiri) və “mavi okean” strategiyası (fərqli və rəqabətsiz bazar yaratmaq) kimi alətlərin real dəyər yaratmaq üçün necə istifadə olunduğunu göstərir. Bu fəsildə qeyd olunur ki, məqsəd və baxış yalnız təşkilatın mədəniyyətinə inteqrasiya olunduqda uzunmüddətli təsir yaradır. Bunun üçün, uğurlu strategiya yalnız planlaşdırmaqla kifayətlənmir; onu real dəyər və rəqabət üstünlüyü yaradan fəaliyyətə çevirmək lazımdır.
Kitabın ən praktik mesajlarından biri üçüncü fəsildə öz əksini tapır: həyata keçirilməyən strategiya dəyərsizdir. Burada strategiyanın ölçülə bilən məqsədlərə, gündəlik fəaliyyətlərə və təşkilati mədəniyyətə çevrilməsi, həmçinin komanda uyğunluğu və performans menecmenti kimi anlayışlar praktik nümunələrlə izah olunur. Nəticə isə belədir: yalnız ardıcıl və koordinasiyalı fəaliyyət strategiyanın real nəticələrə çevrilməsini təmin edə bilər.
Dördüncü fəsil dəyişikliklər, innovasiya və çeviklik mövzusunda liderlərin məsuliyyətini önə çəkir və göstərir ki, yalnız reaksiya vermək kifayət deyil, lider dəyişiklikləri istiqamətləndirməli, komandaları dəstəkləməli və situasiyaya uyğun strategiyaya düzəlişlər etməlidir. Bu bacarıqlar gənclərin sürətlə dəyişən bazar şərtlərində karyera yüksəlişi və liderlik irsi yaratması üçün vacib amillərdəndir.
Təşkilati mədəniyyətin strategiyanın ayrılmaz hissəsi olduğunun vurğulandığı beşinci fəsildə sübuta yetirilir ki, insanlar və mədəniyyət strategiyanın “əlavəsi” deyil, onun əsas hərəkətverici qüvvəsidir. Etika, inklüziv liderlik və maraqlı tərəflərlə münasibətlər uzunmüddətli uğurun əsas şərtləridir. Burada kitab oxucuya göstərir ki, uğurlu lider yalnız planlaşdırmır, həm də təşkilatın dəyərlərinə və insanlarına sərmayə qoyur. Sonuncu fəsil gələcəyə baxış yaradır: süni intellekt, ekoloji, sosial və idarəçilik (ESG) tələbləri, geosiyasi dəyişikliklər fonunda baş icraçı direktorun (CEO) rolu yenidən düşünülür; ömürboyu öyrənmə isə liderlik irsinin əsas elementi kimi təqdim olunur. Bu fəsil açıq mesaj verir: liderlik bir vəzifə deyil, davamlı inkişaf prosesidir.
“İrsini yarat” kitabı sadəcə oxunacaq bir mətn deyil, karyera və liderlik yol xəritəsidir. Bu kitab oxucunu qısa müddətli uğurlara deyil, uzunömürlü təsir və mənalı irs yaratmağa yönəldir. Strateji düşünmək, məqsədlə hərəkət etmək və cəmiyyətə fayda vermək istəyən hər bir insan üçün bu əsər dəyərli və vaxtında yazılmış bir mənbədir.
Kitab xüsusilə gənclər üçün əhəmiyyətlidir. Çünki “İrsini yarat” yalnız mövcud rəhbərlər üçün deyil, gələcəyin savadlı, strateji düşünən və məsuliyyətli liderlərini formalaşdırmaq üçün yazılıb. Burada tədrisin, davamlı öyrənmənin və analitik düşüncənin niyə müasir dünyada əsas kapitala çevrildiyi aydın şəkildə izah olunur. Kitab oxucuya qısa müddətli uğur yox, uzunömürlü təsir və mənalı irs yaratmağı öyrədir. “İrsini yarat” strateji idarəetmə, liderlik və gələcək yönümlü düşüncə ilə maraqlanan hər kəs üçün etibarlı və dərin mənbədir. Bu əsər göstərir ki, həqiqi liderlik nəticələrdən sonra deyil, dəyərlərdən başlayır və davamlı öyrənmə, özünüinkişaf, məqsədyönlü fəaliyyət və strateji baxışla möhkəmlənir.

Afaq Məmmədova
filologiya üzrə fəlsəfə doktoru, dosent

Daxil olundu: 08.02.2026 » Oxundu: 627
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!