Bir vaxtlar Qafqazın Yerusəlimi adlandırılan Qubanın Qırmızı qəsəbəsi böyük evləri, möhtəşəm tikililəri, axar-baxarlı həyətləri ilə hər zaman diqqət çəkib. Qəsəbə Qudyalçayın sahilində  yerləşir. Bu isə onun təbiətlə birbaşa təması üçün əlverişli şərait yaradır. Əsası 18-ci əsrin 40-cı illərində qoyulan qəsəbənin Qırmızı adlandırılmasının da çox maraqlı bir tarixçəsi var. Qəsəbənin sakinləri əzəl gündən  geniş və hündür evlərdə yaşamağı çox seviblər. Evlərin dam örtüyünü isə qırmızı rəngdə ediblər. Kənardan baxanda ilk nəzərə çarpan bu qırmızılıq olub. Qəsəbənin adı da məhz buradan götürülüb. Əsasən dağ yəhudilərinin yaşadığı qəsəbədə çoxluq təşkil etməsələr də, ləzgilər və türklər də yaşayırlar. Qəsəbə İsrail və Amerikadan sonra yəhudilərin ən kompakt yaşadığı ərazi sayılır. Son illərdə Qubanın kənd və qəsəbələrində aparılan tikinti-quruculuq, abadlıq işlərinin, xüsusən də yol infrastrukturu layihələrinin icrası rayonun Qırmızı qəsəbəsini də əhatə edir. Aparılan abadlıq-quruculuq işləri nəticəsində qəsəbə nəinki Qubanın, hətta respublikamızın şimal bölgəsinin ən abad yaşayış məntəqələrindən birinə çevrilib. Həqiqətən də qəsəbəmizdə son illərdə xeyli abadlıq-quruculuq işləri aparılıb. Belə ki, yollar asfaltlanıb, ümumi görünüşə xələl gətirən işıq dirəkləri yenilənib, genişmiqyaslı təmizlik işləri aparılıb, sinaqoqa gedən yolda xüsusi təmir işləri aparılaraq həyəti səliqəyə salınıb, küçə  və yolu asfaltlanıb, küçə işıqlandırma sistemi qaydaya salınıb. Qəsəbənin tarixini əks etdirən Tarix- diyarşünaslıq muzeyində də təmir-tikinti işləri, muzeyin qarşısının səliqəyə salınması və asfaltlanması işləri aparılıb. Ümumiyyətlə, qəsəbədə aparılan yenidənqurma, təmir-tikinti və abadlıq işləri sakinlərin əhval-ruhiyyəsinin yüksəlməsinə, yaşam vəziyyətinin daha da yaxşılaşmasına, sosial rifahlarının yüksəlməsinə öz müsbət töhfələrini verməkdədir. Daha bir məsələ haqqında danışmaq istəyirəm ki, bizim qəsəbədə 20-dən çox küçə mövcuddur. Küçələrin uzunluğu 16 km.-dən artıqdır. Qürurverici haldır ki, bu küçələrdən 15-ə yaxını Azərbaycanımızın bütövlüyü və torpaqlarmızın düşmən işğalından azad olması üçün canından keçmiş qəhrəman şəhidlərimizin adını daşıyır. Ümumiyyətlə, qəsəbəmizdə Vətən müharibəsi iştirakçılarına, qazilərə, xüsusən də şəhid ailələrinə böyük hörmətlə yanaşılır. Bələdiyyə tərəfindən mövcud şəraitin imkan verdiyi həcmdə onların qayğısına qalınır və ehtiyacları ödənilir. Şəhidlərimizin ruhu hər zaman ehtiramla yad edilir, onların keçdiyi şərəfli döyüş yolu gənc nəslə örnək olaraq göstərilir. Qarşıda bizi yeni uğurlar gözləyir. Qəsəbəmizin daha abad, əhalisinin daha firavan yaşaması üçün bələdiyyə olaraq bütün imkanlardan istifadə edir, əlimizdən gələni əsirgəmirik. Çünki azad, müstəqil Azərbaycanımızın gündən-günə çiçəklənməsinə, inkişaf və tərəqqisinə xidmət etmək böyük şərəfdir.

Yafo Yadadayeva Arilovna

Quba Rayonu Qırmızı Qəsəbə Bələdiyyəsinin sədri

Daxil olundu: 29.11.2025 » Oxundu: 711
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!