Lənkəran rayon Gəgiran kənd bələdiyyəsi bölgənin ən iri bələdiyyələrindən biridir. Ölkəmizin ən qədim yaşayış məkanlarından biri olan Gəgiran tarixdə öz izi, adı olan bir kənddir. Hətta tanınmış fransız yazıçısı Aleksandr Düma öz əsərində bu kəndin adını çəkmiş və bildirmişdir ki, Makedoniyalı İskəndər qoşunu ilə İrana Gəgirandan keçmişdir.
"Gəgiran bələdiyyəsi Azərbaycan Respublikası Lənkəran şəhər İcra Hakimiyyətinin tərkibində fəaliyət göstərən yerli özünüidarəetmə qurumlarından biridir. "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci və 2-ci maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yaradılan yeni bələdiyyələrdən biri də Gəgiran bələdiyyəsidir. Bələdiyyə ilkin olaraq Gəgiran və Jidi kəndlərini əhatə etmişdir. 2010-cu ildən və son birləşmələr (2024) nəticəsində Gəgiran bələdiyyəsi daha geniş ərazini əhatə edir. Hazırda bələdiyyənin tərkibinə Turkəncil, Günəhir, Bəliton, Jidi, Dıryan, Tuado, Köhnə Gəgir, Qodəsə, Şivlik və Horavenc kəndləri daxildir".
Bu sözləri Lənkəran rayon Gəgiran kənd bələdiyyəsinin sədri Habil Ağayev bizimlə görüşündə məlumat üçün söylədi. Həmçinin bildirdi ki, Gəgiran kənd bələdiyyəsi 11 kəndi birləşdirir və bu kəndlərdə ümumilikdə 5 min 400-dən çox əhali yaşayır. Gəgiran bələdiyyəsinin amal və məqsədi bu əhalinin xidmətində olmaq, onların rifahı, daha gözəl şəraitdə yaşamaları üçün bütün mümkün imkanlardan istifadə etməkdir.
Habil müəllim 1967-ci il fevral ayının 1-də Lənkəran rayonunun Bəliton kəndində anadan olub. Orta məktəbi doğulduğu kənddə başa vurub. 1990-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. O, təyinatla Bəliton kənd məktəbinə göndərilib və burada pedaqoji fəaliyyətə başlayıb. Artıq uzun illərdir ki, məktəbin təcrübəli və yüksək peşəkarlığı ilə seçilən müəllimlərindən biridir. 2025-ci ildə isə Gəgiran kənd bələdiyyəsinin sədri seçilib.
Dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Gəgiran bələdiyyəsinin kəndlərini rayon mərkəzi ilə 30-38 km.-lik məsafə ayırır. Habil müəllim böyük qürur hissi ilə bildirdi ki, Gəgiran kəndi qəhrəmanlar oylağıdır. Gəgiran bələdiyyəsinin 11 igid şəhidi var. Onlardan 8 nəfəri Gəgiran, 1 nəfəri Günəhir, 1 nəfəri Dıryan, 1 nəfəri isə Bəliton kənd sakinləridir. Onların xatirəsinə böyük ehtiramla bələdiyyə mərkəzi olan Gəgiran kəndində "Şəhidlər" abidəsi ucaldılmışdır. Şəhidlərlə bağlı bütün tədbirlər məhz bu abidənin qarşısında keçirilir, xatirələri anılaraq önünə tər çiçəklər düzülür.
Ümumiyyətlə, Gəgiran bələdiyyəsində şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına hər zaman diqqət yetirilir, onlarla tez-tez əlaqə saxlanılır, mövcud şəraitin imkan verdiyi qədər maddi və mənəvi köməklik göstərilir.
Habil müəllim rayonun İcra başçısı Taleh Qaraşovun adını xüsusi minnətdarlıq hissi ilə çəkdi və bildirdi ki, rayon rəhbəri bələdiyyədən heç bir köməkliyini əsirgəmir. Son günlərdə bələdiyyə tərəfindən Gəgiran kəndində artezian quyusu vurulmuşdur. Burada başqa artezian quyuları da vardır. Kənd və kəndarası yollara qum-çınqıl tökülüb. Bu isə yolların rahatlığını təmin etmək üçün vacib şərtlərdən biridir. Ancaq təəssüflər olsun ki, kəndin bəzi problemləri hələ də həll olunmamış qalır. Belə ki, Gəgiran bələdiyyəsini təşkil edən 11 kənddə hələ də qaz yoxdur. Kənd sakinləri qışda meşədən odun gətirməyə məcburdurlar. Bu isə əhalinin həm maddi, həm də fiziki cətinliyinə səbəb olur.
Ümidvarıq ki, tezliklə bu problem də öz müsbət həllini tapacaq.
Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan
Jurnalistlər Birliyinin üzvü
