İnsan ömrünün dəyəri əslində onun yaşadığı illərin sayı ilə deyil, bu ömrə bəxş etdiyi şərəf, ləyaqət, iş və əməli ilə ölçülür. Hansı sahədə çalışmasından asılı olmayaraq, öz işi və əməli ilə şərəfli ömür yaşamaq əslində böyük xoşbəxtlikdir. Belə insanlardan biri də Oğuz rayon Xaçmaz bələdiyyəsinin sədri Bakıxan Nəbiyevdir. 1973-cü ildə Bakı şəhərində anadan olan Bakıxan müəllim orta təhsilini Oğuz rayonunun Xaçmaz kənd şəhid Vüqar İbrahimov adına 2 saylı orta məktəbində başa vurub və elə həmin il Bakı Neft Akademiyasına qəbul olub. Ali təhsilini başa vurduqdan bir müddət sonra ixtisas artımı edib və 2001-ci ildən Xaçmaz kənd Mirzə Fətəli Axundov adına 1 saylı orta məktəbində kimya-biologiya müəllimi işləyir. Hazırda Xaçmaz kənd bələdiyyəsinin sədridir. Xaçmaz kəndi Azərbaycanın ən qədim və ən böyük kəndlərindən biridir. Kənddə 7 mindən çox əhali yaşayır. Kəndin tarixi haqqında məlumat verməyi özünə borc bilən Bakıxan müəllim qeyd etdi ki, Xaçmaz Oğuz rayonunun ən böyük kəndidir. Tarixi abidələrlə zəngin olan, görkəmli şəxsiyyətləri, qəhrəmanları ilə daha çox tanınan bu kənd Qalaçayın sol sahilində yerləşir. Kəndi rayon mərkəzindən 40 km-lik məsafə ayırır. Bəzi mütəxəssislərin fikrincə Xaçmaz qədim hun tayfalarının bir qoludur. Həmin bu tayfalar Azərbaycanın eyni adlı rayonunda məskunlaşsalar da, daha sonra Xaçmaz kəndi ərazisinə gələrək buranı yaşayış məskəni seçiblər. Kəndi həmçinin unikal tarixi məkanları ilə tanınır. Böyük ədib M.F.Axundovun "Hekayəti-Molla İbrahimxəlil kimyagər" komediyasındakı hadisələrin cərəyan etdiyi məşhur Balaşım yaşayış məskəni bu kəndin ərazisində yerləşir. Tarixi 7-ci əsrlərə qədər gedib çıxan kənddəki digər abidə isə Gavur qalasıdır. Hacı Rəşid körpüsü, Cümə məscidi, Xaçmaz məscidi də kəndin tarixi abidələri sırasındadır. Xaçmaz kəndi, həmçinin tarixi şəxsiyyətlər, elm adamları, görkəmli ziyalılar və qəhrəmanlar yetişdirən bir diyardır. Bu kəndin neçə-neçə Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan mərd oğulları var. Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimov və vətən müharibəsi Qəhrəmanı Nail İbrahimli də bu igidlərdən biridir. Xaçmaz kəndinin ümumilikdə 33 şəhidi var. Onlardan 25 nəfəri Birinci Qarabağ müharibəsində, 8 nəfəri isə İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalıb. 44 günlük Vətən müharibəsində bu kəndin 87 igidi döyüşlərdə iştirakçı olub. Bu gün hər kəs həmin veteranlara böyük hörmət göstərirlər. Bu kənddə ölkəmizin hər yerində olduğu kimi əziz şəhidlərimizin ruhu hər zaman uca tutulur, xatirələri ehtiramla anılır. Kənd camaatı tərəfindən Xaçmazda Şəhidlər abidəsi də ucaldılıb. Həmçinin kənddə 6-7 şəhid bulağı da vardır. Bu bulaqların suyundan içən, əl-üzünü yuyub sərinlənən hər kəs şəhidlərin ruhuna dualar oxuyur, hər birinə rəhmət diləyir. Bakıxan müəllim söhbətinə onu da əlavə etdi ki, kənddə əhalinin sayının çox olmasını nəzərə alaraq burada marşurut xətlərinə hər zaman diqqət yetirilib. Müəyyən olunmuş vaxtlarda Bakıya, Sumqayıta və digər şəhərlərə müxtəlif tutumlu avtobuslar, ictimai nəqliyyat vasitələri işləyir. Xaçmaz bələdiyyəsini Xaçmaz Qışlaq və Filfilli kəndləri əhatə edir. Son günlərdə bələdiyyə tərəfindən kənd qəbiristanlığı abadlaşdırılıb, kəndin ara yollarına qum-çınqıl tökülüb. Qış aylarında qar çox yağanda kənd ara yolları da bələdiyyə tərəfindən təmizlənir. Həmçinin Ramazan ayında oruc tutanlara iftar süfrələri açılır, Qurban bayramında maddi durumu aşağı olan ailələrə qurban payı verilir. Xaçmazda əhali qaz və işıqdan fasiləsiz olaraq istifadə edirlər. Su məsələsi də qaneedici vəziyyətdədir. Ümumiyyətlə, kənddə kommunal xidmətlə bağlı heç bir narazılıq yoxdur. Bu isə əhalinin rahatlığından, firavan həyat tərzindən xəbər verir.
Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan
Jurnalistlər Birliyinin üzvü
