Sütəmurdov kəndi Lənkəranın ən qədim yaşayış məskənlərindən biridir. Tarixi keçmişi müxtəlif dövrlərin ictimai-siyasi hadisələri ilə bağlı olan bu kənd Xəzər dənizinin kənarında kənarında yerləşir. Əhalisinin milli tərkibi əsasən azərbaycanlılardan və talışlardan ibarət olan kəndin əhalisi 5 mindən çoxdur. Kəndin adı da araşdırmalara görə talış və Azərbaycan dillərindən götürülüb. Belə ki, Sütə – «yanmış», murdov isə – «bataqlıq» deməkdir. Bu isə birlikdə yanmış bataqlıq anlamına gəlir. 1991-ci ildə ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra kənddə sürətli inkişafa keçid edilmişdir. 1999-cu ildə sovet sistemindən qalma kənd soveti ləğv edilmiş, yerinə Sütəmurdov bələdiyyəsi və eənd icra nümayəndəliyi yaradılmışdır. Bu dəyişiklik yerli idarəetməni müstəqil formada təşkil olunmasına şərait yaratmışdır. Həm tarixi, həm də coğrafi baxımdan rayonun mühüm yaşayış məntəqəlindən biri olan bu kənddə 2000-ci ildən sonra yeni dövlət, sosial, kommersiya, idman və turizm obyektləri açılmış, bu isə əhalinin sosial rifahına öz müsbət təsirini göstərmişdir. Sütəmurdov bələdiyyəsinin sədri Emil Məmmədovdur. O, 1979-cu il  fevral ayının 19-da Sütəmirdov kəndində anadan olub. Orta məktəbi uğurla başa vurduqdan sonra Lənkəran Dövlət Universitetinə qəbul olub və 1999-cu ildə ali təhsilini Psixologiya ixtisası üzrə bitirib. Daha sonra bir il ordu sıralarında xidmət edib. Xidmətini şərəflə başa vuran Emil müəllim rayonun 6 saylı tam orta məktəbində psixoloq müəllim kimi əmək fəaliyyətinə başlayıb. O, həmçinin rayon təhsil şöbəsində psixoloq olaraq çalışıb. 2004-cü ildə Seçki Məntəqəsinin sədri vəzifəsində işləyib. 2005-ci ildən Bələdiyyə üzvü və daha sonra müavin kimi fəaliyyət göstərib. 2007-ci ildən hal-hazıra kimi isə bələdiyyə sədridir. Emil müəllim kənd haqqında ətraflı məlumat verərək bildirdi ki, Sütəmurdovun bir tərəfi Lənkəran şəhəri, digər tərəfi isə Xəzər dənizidir. Kəndi şəhərdən tarixi Sütəmurdov körpüsü və  Lənkəran çayı ayırır. Lənkəran çayının Xəzər dənizinə töküldüyü yerdə yerləşən körpü 1929-1932-ci illərdə almanlar tərəfindən inşa edilib. Körpü Lənkəran şəhərinin iki hissəsini birləşdirir. Həmçinin Lənkəranın məşhur «Xəzər» futbol meydançası da bu kənddə yerləşir. Bundan başqa kənddə 3 çay fabriki və «Gilan» konserv zavodu fəaliyyət göstərir. Sütəmurdovda turistlərin marağına səbəb olan «Beluqa», «Mona» və digər adlarda  4 çimərliyin fəaliyyət göstərməsi rayona turist axınına müsbət təsir göstərir. Bu çimərliklərin əsas özəlliyi isə burada qara qumun olmasıdır. Xüsusi olaraq vurğulayaq ki, dünyanın yalnız 3 yerində çimərliklərdə qara qum vardır. Bunlar Braziliya, İtaliya və Lənkəranın Sütəmurdov çimərliyidir. Emil müəllim qeyd etdi ki, hazırda Sütəmurdov bələdiyyəsi camaatın sosial problemlərini həll etməklə məşğuldur. Burada qaz və su problemi ümumiyyətlə, yoxdur və bu problem dövlət tərəfindən birdəfəlik həll olunub. Kəndin əsas yolları asfaltlanıb, kənd ara yollarına isə çınqıl döşənib. Kənddə 4 şəhid ailəsi vardır. Şəhid Qüdrət Məmmədzadə isə Emil müəllimin əmisi oğludur. Bu şəhid ailələri hər zaman bələdiyyənin diqqətindədir və onların müraciət edib-etməməsindən asılı olmayaraq digər aztəminatlı ailələr kimi onlara da maddi və mənəvi dəstək göstərilir. 

Gülağa Cəfərov

Keçmiş SSRİ və Azərbaycan

Jurnalistlər birliyinin üzvü

Daxil olundu: 02.01.2026 » Oxundu: 705
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!