İnsan nədənsə öz sağlamlığının qədrini məhz müəyyən xəstəlik keçirəndən sonra daha yaxşı bilməyə başlayır. Çünki sağlam olduğu vaxtlarda xəstəlik barəsində düşünməyin özü belə qəribə səslənir. Amma sağlamlığı ilə bağlı müəyyən problem yaşadığı anda əslində necə dəyərli bir xəzinəyə sahib olduğunun fərqinə varır. Təəssüf ki, bu, bəzən gec olur. Amma ən əsası odur ki, yenidən öz sağlamlığına qovuşmaq üçün bütün gərəkli vasitələrə əl atır, lazımı sahənin həkiminə müraciət edərək müalicə olunmağa çalışır. Axı həqiqətən də insan üçün candan əziz nə ola bilər ki! Bu ən əziz neməti isə məhz tibb işçilərinə, həkimlərə etibar edirik.

Qazax Rayonlararası Psixiatriya Xəstəxanası isə digər səhiyyə müəssisələrindən fərqli olaraq qayğıya daha çox ehtiyacı olan insanlara xidmət edir. Xəstəxananın baş həkimi Venera Salifovadır və o, bu vəzifəyə 2021-ci ildə təyin edilib. Venera xanım 1956-cı ildə Qazax rayonunun Xanlıqlar kəndində dünyaya gəlib. Orta təhsilini doğulduğu kənddə aldıqdan sonra Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olub. 1992-ci ildə institutu psixiatr ixtisası üzrə bitirib. Daha sonra Maştağada 1 illik internatura keçib. 1983-cü ildən hazırda rəhbərlik etdiyi Qazax Rayonlararası Psixiatriya xəstəxanasında həkim-psixiatr kimi əmək fəaliyyətinə başlayıb. Venera xanım çalışdığı müddətdə dəfələrlə müxtəlif kurslarda və konfranslarda olub, sertifikatlar alıb.

1963-cü ildən fəaliyyətə başlayan bu xəstəxaya Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından, hətta Gəncə şəhərindən də müalicə üçün müraciət edirlər. Əvvəllər 300 çarpayılıq olan xəstəxana hazırda 100 çarpayılıqdır. Burada 5 həkim və ümumilikdə 120 tibb işçisi çalışır. Xəstəxananın nümunəvi tibb işçilərindən Səyalı, Şəfəq, Şahəstə, Nahidə, Dilarə xanımların və digərlərinin adını çəkmək yerinə düşərdi. Burada xəstələrin müalicəsi stasionar olaraq qısa və uzun müddət çəkə bilir. Xəstəxanada müalicədən əlavə xəstələrə gündə 3 dəfə isti yemək və çay verilir. Palataların kondisioner və kombi sistemi ilə tam təchiz edilməsi xəstələrin rahatlığına xidmət edir. Venera xanım qeyd etdi ki, son illərdə xəstələrin narazılığı yalnız təqaüdlə əlaqədardır.

Venera xanım bacarıqlı rəhbər, peşəkar həkim olmaqla yanaşı həm də gözəl ana, ailəsinə bağlı olan məsuliyyətli bir xanımdır. Onun ocağında 1 qız və 2 oğul yetişib. Övladlarının hər üçü ali təhsillidirlər. Xəstəxana haqqında geniş məlumat vern Venera xanım dedi:

"Xəstəxanamızda 18 yaşdan yuxarı müxtəlif nevroloji problemi olan xəstələrə xidmət göstərilir. Anadangəlmə əqli problemli və ya sonradan qazanılma kəllə-beyin travması olan, şezafiniya xəstəliyindən əziyyət çəkənlər, müəyyən qəzalardan sonra psixoloji durumunda problemlər yarananlar və s. insanlar xəstəxanamıza müraciət edir. Yaz və payız ayları nevroloji xəstəliklərin baş qaldırdığı mövsümlər sayıldığı üçün bu aylarda xəstəxanamıza müraciət edənlərin sayı bir qədər artır. Stasionar xəstələrdən əlavə əksər pasientlər könüllü olaraq xəstəxanaya yaxınlaşır, müalicə olunaraq tezliklə sağlam həyatlarına qayıdırlar. Bəzi hallarda isə müalicədən imtina edən xəstələrlə də rastlaşırıq, Ətraf üçün təhlükəli olan belə məqamlarda məcburən məhkəmənin qərarı və polis işçilərinin köməyi ilə həmin xəstəni xəstəxanaya qəbul edir və müalicəsinə başlayırıq.

Bir məsələni xüsusi vurğulamaq istəyirəm ki, digər səhiyyə ocaqlarından fərqli olaraq bizim xəstəxananın tibb işçilərinin işi daha ağır və daha məsuliyyətlidir. Psixoloji problemi olan xəstələrlə çalışmaq, onların nizam-intizamına nəzarət etmək daha çox səbir və zəhmət tələb edir. Buradakı xəstələrin sayının son illərlə müqayisədə daha da artması da diqqət çəkən məqamlardandır. Bu isə düşünürəm ki, burada aparılan təmir-bərpa işləri ilə yanaşı, həm də yüksək tibbi xidmətlə əlaqədar xəstə yaxınlarının artan güvəni ilə bağlıdır. Onu da qeyd edim ki, yaxın zamanda burada yeni və müasir tipli xəstəxana tikiləcəyi nəzərdə tutulub. Bu isə xəstələrə daha yüksək əhval-ruhiyyə, daha yüksək tibbi xidmətin vədidir".

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 04.04.2022 » Oxundu: 673
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!