Təkcə gözəllikləri, tarixi şəxsiyyətləri, mədəniyyəti, ədəbiyyatı ilə deyil, tarixi ilə də yaşı minilliklərə söykənən doğma vətənimizdə əhəmiyyətli tarixə malik olan yaşayış məskənləri çoxdur. Onlardan biri də Sabirabad rayonunda yerləşən Qaratəpə kəndidir. Kəndin əsası on doqquzuncu əsrin 30-40-cı illərində qoyulub. Həmin dövrdə Volqaboyu, Stavropol və Rostov ərazilərindən minlərlə rus kəndlisi Azərbaycanın muğan düzündə məskunlaşdırılmışdı. Əsasən həmin insanların yaşayış yeri kimi yaradılan Qaratəpə kəndi o dövrdə Pokrovka adlandırılıb. 5 oktyabr 1999-cu il tarixdə Azərbaycan Respublikasının Qanunu ilə Pokrovka kənd inzibati ərazi vahidi tərkibindəki Pokrovka kəndi Qaratəpə kəndi, Pokrovka kənd inzibati ərazi vahidi Qaratəpə kənd ərazi vahidi adlandırılıb. İlk bələdiyyə seçkilərindən kəndin adına uybun olaraq Qaratəpə bələdiyyəsi olaraq fəaliyyətə başlayıb. Daha sonra məlum qərara əsasən rayonun Əhmədabad və Nərimankənd kənd bələdiyyələri də birləşərək Qaratəpə bələdiyyəsi adı altında fəaliyyətini davam etdirib. Hazırda Qaratəpə bələdiyyəsinin 9 min 381 sakini, 68,71 kv.km ərazisi, 11 bələdiyyə üzvü vardır. Bələdiyyənin sədri Ramil İsayevdir. Ramil İsayev 1980-ci il 15 sentyabrda anadan olub. Orta təhsilini doğulduğu rayonda başa vurduqdan sonra Azərbaycan Beynəlxalq Universitetinə qəbul olub və 2004-cü ildə universitetin Hüquq fakültəsini bitirib. O, əmək fəaliyyətinə Kredit İttifaqında hüquqşünas olaraq başlayıb. Daha sonra Azərpoçtda işləyən Ramil müəllim bir müddətdən sonra əmək fəaliyyətini rayonun Əhmədabad bələdiyyəsində bələdiyyə sədri kimi davam etdirib. Hazırda Əhmədabad da daxil olmaqla üç kəndin birləşməsindən yaranan Qaratəpə bələdiyyəsinin sədridir. Söhbətimiz zamanı bələdiyyənin gördüyü işlərdin danışan Ramil müəllim bildirdi ki, son dövrlərdə ərazidə bələdiyyə tərəfindən çox işlər görülüb. Məhz görülən işlərin nəticəsidir ki, Qaratəpə bələdiyyəsinin dövlətə və DSMF-yə heç bir borcu yoxdur. Ramil müəllim bildirdi ki, burada yolların rahatlığına və abadlığına xüsusi diqqət yetirilir. Son dövrlərdə əsasən çöl yolları təmir etdirilib. Əvvəlki illərdə isə kənd ara yollarına da qum-çınqıl tökülərək abadlaşdırılıb. Bələdiyyə sədri Rayon İcra Hakimiyyətinin başçısı Siracəddin Cabbarovun adını xüsusi ehtiramla çəkdi və bildirdi ki, Siracəddin müəllim bütün lazım olan köməklikləri bizə göstərir. Məsələn, bu yaxınlarda Qaratəpə, Əhmədabad və Həşimxanlı yolu pis vəziyyətdə olduğu üçün İcra başçısı həmin kənd yollarının təmirinə dəstək oldu. Bir məsələni xüsusi vurğulamaq yerinə dühərdi ki, bir bələdiyyə adı altında birləşən bu 3 kənd ən çox şəhid verən kəndlərdəndir. Böyük Vətən müharibəsində, I və II Qarabağ müharibələrində ümumən şəhid və qazilərin sayı 90 nəfərdən çoxdur. Onların xatirəsi hər zaman əziz tutulur və vaxtaşırı ehtiramla anılır. Ramil müəllim onları narahat edən məsələlərdən də söz açdı. Bildirdi ki, Əhmədabad kəndində su məsələsi bir az problemlidir. Yaxın gələcəkdə bu məsələnin müsbət həlli üçün müəyyən işlər nəzərdə tutulub. Həmçinin Bələdiyyə tərəfindən kənd təsərrüfatı məhsulları istehsalı üçün toxumçuluq təsərrüfatının yaradılması da yaxın gələcəkdə reallaşdırılması nəzərdə tutulan məsələlərdəndir. Səmimi müsahib olan Ramil müəllim söhbətinin sonunda dedi: "Bələdiyyəyə sakinlər tərəfindən ödənişlərin vəziyyəti heç də ürəkaçan deyil. Belə ki, bəzi insanlar əmlak, icarə haqları, torpaq vergisi və s. vermək istəmirlər. Bu da vergi toplanışında bəzi çətinliklərlə üzləşməyimizə səbəb olur. Bəzi sakinlərdən isə ona görə narazılıq edirəm ki, zibilləri istədikləri yerlərə atırlar. Bu, çox xoşagəlməz haldır. Çünki biz də istəməzdik ki zibili istədikləri yerə atdıqlarına görə bəzi insanlara cərimələr yazılsın. Onlar da bizi başa düşməlidirlər ki, biz bu cərimələri istəyərəkdən yazmırıq və qaydalara əməl etsələr, nə onlar bizdən narazı qalarlar, nə də biz onlardan". Övladlarından biri ali təhsilli olan Ramil müəllim iki qız və bir oğul atasıdır. İşində olduğu kimi ailəsində də məsuliyyətli, qayğıkeş bir ailə başçısıdır. Çünki yaxşı bilir ki, cəmiyyət üçün yararlı bir insan, bacarıqlı bir mütəxəssis olmağın təməli məhz ailədə qoyulur.
Gülağa CƏFƏROV,
Keçmiş SSRİ və Azərbaycan
Jurnalistlər Birliyinin üzvü
