Böyük Çin filosofu Konfutsi yazırdı ki, hər bir insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir. Bəşər övladının mahiyyəti, mənəvi keyfiyyəti həqiqətən də onun əməllərində, fəaliyyətində öz təcəssümünü tapır. Dərk edilmiş məsuliyyətdən irəli gələn bu fəaliyyət həm də şəxsiyyət ucalığına qovuşmuş bu insanların cəmiyyətdəki layiqli mövqeyini, ictimai statusunu müəyyənləşdirir. Yəqin elə buna görədir ki, xeyirxah və alicənab insan kimi tanınaraq ömrün kamillik zirvəsinə yetişmək, bu dünyada iz qoymaq xoşbəxtliyi hər kəsə nəsib olmur. Bu xoşbəxtliyə sahib olmaq üçün əslində insandan çox şey tələb olunmur. Sadəcə öz işini, çalışdığın sahəni ürəkdən sevmək, onun mahiyyətini dərindən anlamaq və işinin öhdəsindən vicdanla gəlmək lazımdır.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Biləsuvar rayon komitəsinin sədri Vüqar Əzimov da öz işinin vurğunu olan peşəkar insanlardandır. O, 29 yanvar 1980-ci ildə Biləsuvar rayonunun Xırmandalı kəndində dünyaya gəlib. Orta təhsilini doğulub boya-başa çatdığı kənddə aldıqdan sonra Bakı Biznes Universitetinə qəbul olub. Universiteti müvəffəqiyyətlə başa vurduqdan sonra öz ixtisası üzrə əmək əmək fəaliyyətinə başlayıb. 2002-ci ildə Biləsuvar Təhsil şöbəsində aparıcı mühasib kimi işə başlayan Vüqar müəllim, 2014-cü ildə həmin şöbədə baş mühasib, 2016-cı ildə Şirvan-Salyan Regional Təhsil İdarəsində aparıcı məsləhətçi, 2023-cü ildə Həmkarlar İttifaqında mühasib vəzifələrində çılışıb. 2024-cü ilin mart ayında isə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Biləsuvar rayon komitəsinə sədr seçilib.
Komitə haqqında ətraflı və dolğun məlumat verən Vüqar müəllim bildirdi ki, hazırda komitənin 2 min 250 nəfər üzvü vardır. Burada hər bir üzvə xüsusi diqqət və həssaslıqla yanaşılır. Onlara hər zaman maddi və mənəvi dəstək olmağa çalışılır. Bunun bariz nümunəsi komitənin bir şəhid ailəsinin 3 uşağını himayəyə götürməsidir. Bu maddi və mənəvi qayğı uşaqlar 18 yaşına çatana kimi davam edəcəkdir. Ümumiyyətlə, komitə şəhid ailələrinə hər zaman diqqət göstərir. Builki tədris ilində 8 şəhid övladını məktəbli geyimi və dərs ləvazimatları ilə təmin edib.
Komitədə demək olar ki, bütün bayram və əlamətdar günlər münasibəti ilə tədbirlər keçirilir. Həmçinin təqaüd yaşı çatmış təhsil işçiləri üçün də xüsusi tədbir hazırlanır və onlar hədiyyələrlə yola salınır.
Komitə tərəfindən üzvlərin sağlamlığı hər zaman diqqət mərkəzindədir. Komitəyə müraciət edərək həkim sənədini göstərən hər bir üzvə xüsusi həssaslıqla yanaşılır, ona maddi yardım olunaraq müalicə olunması üçün müvafiq sanatoriya və istirahət mərkəzlərinə göndərilir. 2025-ci ildə 70 nəfərə yaxın komitə üzvü rəsmi göndərişlə müxtəlif sanatoriyalara yola salınıb.
Üzvlərin yubiley tədbirləri də böyük təntənə ilə qeyd olunur. Bu isə hər bir fərdə verilən dəyər və qiymətin təcəssümüdür.
Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü
