Azərbaycan təhsili bu gün təkcə dərsliklərin keyfiyyəti, kurikulum gərginliyi və ya sertifikasiya «sınaqları» ilə sarsılmır. Bu sistemin daxilində həmçinin müəllimin haqqını, əməyini və sosial rifahını görünməz bir vakuum kimi sovuran rəsmi bir struktur problemi də var. Söhbət hər ay dövlət büdcəsindən maliyələşən təhsil işçilərinin, xüsusilə də fədakar orta məktəb müəllimlərinin halal maaşından adını könüllü qoyub, lakin bütün işçilərin fikri soruşulmadan kəsilən 2 faizlik üzvlük haqlarından və bu kəsintinin qarşılığında müəllimə rəva görülən rəqəmsal laqeydlikdən gedir. Qeyd etdiyimiz kimi, uzun illərdir Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) adlı qurum hər ay yüz minlərlə müəllimin əməkhaqqından milyonlarla vəsait toplayır. Bəs nəticə nədir? İlin sonunda bir neçə günlük sanatoriya yollayışı (putyovka) üçün rəqəmsallaşma adı altında yaradılan www.e-ahik.az (e-ahik Elektron rezervasiya sistemi) portalının ekranında növbə gözləyən və reallıqda «bəxtinə» yalnız soyuq, əsassız onlayn imtinalar düşən müəllimin acı fəryadı. Keçən ildən bu ilə müəllimin maaşı artmayıb, o zaman belə sula meydana çıxır. Bəs yollayış qiymətlərindəki bu «kosmik artım»ın əsl səbəbi nədir? Bu il müəllimlərin qarşılaşdığı mənzərə təkcə bürokratik maneə deyil, həm də açıq-aşkar bir iqtisadi paradoksdur. Gün sayı və sanatoriyanın növündən asılı olaraq, builki yollayışların qiymətləri ötən illərlə müqayisədə bir neçə dəfə kəskin şəkildə artırılıb. Müəllimin sosial güzəştlə, simvolik məbləğlərlə əldə etməli olduğu xidmət bu gün fantastik rəqəmlərlə qarşısına qoyulur.
İndi isə rəsmi rəqəmlərə və reallığa baxaq: Son bir ildə Azərbaycan müəlliminin maaşında bu qiymət artımlarını kompensasiya edəcək hansı rəsmi, kütləvi artım olub? Cavab: Əlbəttə ki heç bir! İnflyasiya və bazar qiymətləri hansı qanunla sosial təyinatlı, ittifaq xətti ilə verilən bir yollayışı bir ilin içində bir neçə dəfə bahalaşdıra bilər? Yenə də əlbəttə heç bir məntiqlə!
Həmkarlar ittifaqı bir kommersiya şirkəti, turizm agentliyi və ya qazanc dalınca qaçan holdinq deyil. Onun fundamental fəlsəfəsi işçinin maraqlarını qorumaq, onun çətinliyini yüngülləşdirməkdir. Müəllimin hər ay ödədiyi 2 faiz üzvlük haqqı elə bu günlər üçün – onun sağlamlığının bərpası üçün toplanır. Əgər müəllim il boyu pul ödəyib, sonda da adi turizm şirkətlərinin təklif etdiyi bazar qiymətinə yollayış alacaqsa, onda bu qurumun mövcudluğuna nə ehtiyac var? Məsələnin ən acınacaqlı və sarsıdıcı tərəfi isə tamamilə fərqlidir. Təsəvvür edin, ortada elə bir absurd sistem qurulub ki, müəllim onsuz da artmayan maaşı ilə birtəhər boğazından kəsib, müəyyən edilən o kəskin və ağır maliyyə yükünün altına girməyi belə qəbul edir. «Təki sağlamlığımı bərpa edim» deyib borca-xərcə girir və www.e-ahik.az (e-ahik Elektron rezervasiya sistemi) portalı vasitəsilə onlayn müraciətini göndərir.
Bəs nəticə nə olur? Yenə də sistem tərəfindən heç bir tutarlı səbəb göstərilmədən verilən İMTİNA! Bax, rəzalətin və özbaşınalığın pik həddi buradadır. Qurum həm qiymətləri absurd səviyyəyə qaldırır, həm də bu yüksək məbləği rəsmən ödəməyə razı olan müəllimə monitorun arxasından, heç bir izahat vermədən rədd cavabı göndərir. Əgər bir qurum il boyu maaşından faiz kəsdiyi, sonda isə təqdim olunan ağır şərtlərlə razılaşan üzvünə onlayn qaydada yollayış verməyəcəksə, o zaman o portal nəyə xidmət edir? O yollayışlar arxa fonda kimlər üçün və hansı meyarlarla qorunub saxlanılır?
Rəqəmsallaşma prosesi şəffaflığı təmin etmək, insan amilini və subyektivliyi ortadan qaldırmaq üçün tətbiq olunmalı olduğu halda, sanki müəllimlə mərkəzi aparat arasında keçilməz və məsuliyyətsiz bir rəqəmsal divar hörmək rolunu oynayır. 20-30 il pedaqoji stajı olan, ömrünü və fiziki sağlamlığını məktəb divarları arasında itirən bir müəllim ilin sonunda reabilitasiya hüququ istəyərkən sistem tərəfindən bir düymə ilə rədd edilir. İmtinaların pərdəarxası səbəbləri, yollayışların əslində kimlərə paylanması isə təşkilatın üzvlərinə qaranlıq qalır. Müəllim qarşısında dərdini deyəcək, imtinanın səbəbini soruşacaq bir canlı insan belə tapmır. Bu, sadəcə inzibati xəta deyil, bu, müəllim əməyinə, müəllim şəxsiyyətinə qarşı onlayn təhqirdir.
Bu məsələdə ən əsas və düşündürücü sual: İllərlə təşkilata üzv olub hər ay üzvlük haqqı ödəyən orta statistik Azərbaycan müəlliminin bu ittifaqdan qazancı nədir? İl boyu yığılan milyonların müqabilində bayramlarda paylanılan simvolik hədiyyələr? Yaxud hansısa ağır vəziyyətdə min bir sənəd tələb olunaraq verilən cüzi maddi yardımlarmı? Müəllim öz pulu ilə aldığı yollayış üçün belə sistem qarşısında çarəsiz buraxılırsa, bəhrəsini görmədiyi bu struktura niyə hər ay xərac ödəməlidir? İşçinin hüququ pozulanda məhkəmələrdə onun yanında durmayan, yüksək məbləği ödəməyə hazır olan müəllimi belə bir quru onlayn imtina ilə yola salan bir təşkilat fikrimizcə, artıq çoxdan öz missiyasını tamamilə itirmişdir.
«Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikasının qanunu açıq şəkildə bəyan edir: «Bu ittifaqlara üzvlük tamamilə könüllüdür! Heç bir məktəb direktoru və ya regional təhsil idarəsi müəllimi bu qurumda məcburi saxlaya bilməz.»
Əgər ATİAHİ adlı bir qeyri-hökumət təşkilatı adlı bir qurum həm qiyməti artırıb, həm də pulunu onlayn sistemdə ödəməyə hazır olan müəllimin istirahərinə qənim kəsilirsə, o zaman müəllimlərin əlində ən kəsərli hüquqi silah kütləvi şəkildə üzvlükdən imtina ərizələri yazmaqdır! Hər bir müəllim fərdi qaydada mühasibata ərizə yazaraq maaşından kəsilən 2 faizlik kəsintini dayandırmaq hüququna sahibdir. Bəlkə, ola bilsin ki, o zaman yüzlərlə, minlərlə müəllimin bu maliyyə qaynağını kəsməsi, oturduqları komfortlu kreslolarda müəllimin pulu hesabına bəslənən və monitor arxasında gizlənən bürokratları ayılmağa və öz vəzifə borclarını xatırlamağa məcbur edəcək. Çünki heç bir halda müəllim ləyaqəti fəaliyyətsiz qurumların insafına və korkoranə onlayn alqoritmlərinə qurban verilə bilməz. Ya şəffaf, ədalətli və imtinasız bir sistem qurulmalı, ya da müəllim öz cibini bu «faydasız» vergidən birdəfəlik xilas etməlidir!
Aqil Cəfərov
filologiya üzrə fəlsəfə doktoru, dosent
kriteri.az saytının təsisçisi və baş redaktoru
