Ey ildırım, çax yolumda,
Ey ürəksiz, çıx yolumdan.
Mən hazıram haqq yolunda
Kirpiyimlə qor daşıyam
deyən şair, publisist, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının yaradıcılığı haqqında öz fikirlərimi söyləmək istəyi keçdi ürəyimdən. Bu kiçik yazımda Sabir Rüstəmxanlının yaradıcılığının bəzi cəhətlərinə toxunmaq istəyirəm. Xalqımız üçün kimdir Sabir Rüstəmxanlı? Təkcə “Gəncə qapısı”, “Xəbər gözləyirəm”, “Qan yaddaşı”, “Ömür kitabı” əsərlərinin müəllifimi? Əlbəttə, Sabir Rüstəmxanlı ilk növbədə öz xalqının şair oğludur. Onun yaradıcılığı çoxcəhətlidir. O, öz yaradıcılığında müxtəlif mövzulara müraciət edir. Amma bütün bu mövzuları birləşdirən bir ümumi cəhət var. Şairin yaradıcılığında vətən, müqəddəs adətlər, xalqın qan yaddaşı məsələlərinə müraciət əsas götürülür. Şair üçün nədir Vətən? Bu suala cavab verəndə şairin aşağıdakı misraları yadıma düşür:
Cavad xanın qətl yeridi,
Sabirin “Fəxriyyə” şeiridi,
Hadinin şeir bazarıdı,
Füzulinin dağıdılmış məzarıdı.
... Ənəlhəq harayıdı,
Ələsgərin sazıdı
Qədim əlyazmasıdı –
Dahilər boylanır sətirlərindən...
Vətən!.. Vətən!
Torpağı ot deyil, kişi göyərdən –
Vətən... Vətən!
Sabir Rüstəmxanlının şeirlərində olduğu kimi publisistikasında da vətəndaşlıq ruhu duyulur, vətənpərvərlik, doğma yurda məhəbbət, tarixi keçmişimizə, xalqımızın sarsılmaz ruhuna hörmət hissləri təbliğ olunur. Bu baxımdan stolüstü kitabımıza çevrilmiş “Ömür kitabı” diqqətimizi cəlb edir. Kitabda şairin fikirləri, mülahizələri müxtəlif başlıqlarda öz əksini tapır. Bu başlıqlardan biri belə adlanır: “Nüşabə qalasında” və ya “Qan yaddaşı”. Həmin hissədə şair-publisist Nüşabə qalasından, Albaniyanın şöhrətli paytaxtının bu qalanın ətrafında yerləşməsindən söz açır və ürək ağrısıyla bildirir ki, qalada məqbərədən və uçuq divarlardan başqa heç nə qalmayıb. Bu yerdə öz xalqının tarixi keçmişinə hörmətlə yanaşan şairin yadına Tomrislə Kirin, Nüşabə ilə İsgəndərin görüşü düşür. Meydanda Kirlə üz-üzə gələn Tomris İran şahının başını kəsir və qanla dolu bir tuluğun içinə salıb deyir: “Sağlığında qandan doymadın, indi iç bu qandan, nə qədər istəyirsən!” Nüşabə isə İsgəndərlə görüşərkən öz ağlı ilə ona qalib gəlir.
Deməli, ulu nənələrimizdən biri düşməninə öz gücü, döyüş bacarığı ilə qalib gəlirsə, o biri ağlı, müdrikliyi ilə qələbə qazanır. Bu iki Aran hökmdarının ikisi də bizimdir. Nüşabə və Tomris bizim keçmişimizdir. Bu keçmişi qorumaq, bu keçmişi yaşatmaq lazımdır. Dağılmış qalaları, şəhərləri tikmək, bərpa etmək olar. Bəs mənəviyyatımızın aşınmasının qarşısını necə almaq olar? “Bir böyük xəzinə var ki, taladınsa, yerini doldura bilməzsən! Bu da xalqın ruhudur, mənəvi varlığıdır. Təki... “mənəviyyat” adlı gözəgörünməz saray yıxılımasın, dağılmasın”, - deyir şair. Lakin şairin inamı da var ki, xalqımıza xas olan mərdlik, saflıq, qəhrəmanlıq ana südü, ana laylası, qan yaddaşıyla keçib qanımıza.
Nüşabə qalasının
Yarıuçuq bürcündə,
Boy atıb qalınlaşan
Zoğallığın içində
Bir uşaq oxuyurdu
Bu dünyadan ayrılıb.
Zil səsi qılınc kimi
Boğazından sıyrılıb
Qalanın sükutunu
Qovurdu sola-sağa,
Qovurdu keçmişlərə.
Əsr-əsr uzağa...
Hansı hava dolanır
bu uşağın başında?
Yəqin tarixlərin də
unutduğu həqiqət
çıxmır qan yaddaşından!
Onun körpə qəlbində
Dövr eləyən al qanın
Hər zərrəsi tanışdır.
Yəqin öz “qan dilində”
Uşağa gecə-gündüz
Tarix dərsi danışır!
Bəli, qan yaddaşı. Bizə kökümüzü, soyumuzu nişan verən, ruhumuzun və qanımızın yaddaşı.
Sabir Rüstəmxanlı Azərbaycan torpağını qarış-qarış gəzib onun tarixindən, adət-ənənəsindən, hər daşından, divarından, qayasından, tarixi qəhrəmanlarından, Cənubi Azərbaycanda 1917-1920-ci illərdə olan inqilabdan, onun rəhbəri Şeyx Məhəmməd Xiyabanidən söz açır. Sabir Rüstəmxanlı rus imperiyasının başımıza açdığı oyunlardan da, fars şovinistlərinin İranda apardığı siyasətdən də danışır. Müstəqilliyi və azadlığı təbliğ edən şair Sədi Yüzbəndinin, uşaq yazıçısı Səməd Behrənginin, Əlirza Oqtay Nabdilin, Məmmədbağır Niknamın faciəli taleyi onu düşündürür. Şair parçalanmış ailələri, ayrı düşmüş bacı-qardaşları görüşdürmək üçün fantastik yollar düşünür.
“Dünyada heç kim öz ömrünü yaşamır. Hər kəs öz ömründə həm də yurdunun tarixini yaşayır. Doğulandan ölənə öz neçə min illik yolu, təcrübəsi, dərdi, qələbə və itkiləri ilə vətən bizim içimizdən keçir”, - deyir Sabir Rüstəmxanlı.
Mənə elə gəlir ki, ensiklopedik xüsusiyyətlərə malik olan “Ömür kitabı” öz xalqının tarixini, mədəniyyətini, ədəbiyyat tarixini öyrənmək istəyən oxucu üçün qiymətli vəsaitdir. Çoxlu faktlarla dolu əsərin dili olduqca sadə, oxunaqlıdır. Çoxlu təsvirlər, bədii ifadə vasitələrinin zənginliyi, folklordan istifadə, müxtəlif müqayisələr oxucunu heyran edir. Məsələn, şair Qobustandakı yazılarla qocaman alim İsaq Cəfərzadənin alnının, üzünün qırışlarında bənzəyiş görür. Sonra əlavə edir: “Qobustan bizim alın yazımız, tale kitabımız, tariximizin ilk səhifəsidir”.
Kitabda oxuduğum aşağıdakı cümlələr məni düşünməyə vadar etdi: “Günün altında neçə rəngə çalan daşlara, qayalara baxıram və elə bilirəm bu qayalarla ürəyimiz bir döyünür. Toxunsam, nəbzinin əbədi çırpıntılarını eşidəcəyəm... Qədim qayalar, daşlar, tarixi abidələr faciələr və qəhrəmanlıqlarla dolu tariximizdən xəbər verir. Bəs, görəsən, gələcəkdə 50 il, 100 il sonra bugünkü tariximiz haqda nə pıçıldayacaq, nə deyəcək bu lal qayalar gələcək nəsillərə. Axı bu gün də tariximiz yazılır”.
“Ömür kitabı”nın müəllifi yazır: “... Azərbaycan bədii sözü həmişə insanlığın əbədi qayğılarından danışmış, ədalətin, düzlüyün, nəcibliyin, azad dünyanın tərəfində dayanmışdır”. Sevinirəm ki, bugünkü şərəfli tariximizi yaradanlar, dilimizi sevməyi təbliğ edənlər sırasında xalqımızın B.Vahabzadə, X.R.Ulutürk, S.Rüstəmxanlı kimi oğulları var.
İnsanın sözü ilə əməli bir olmalıdır. Şair xalqın düşünən beyni, danışan dilidir. S.Rüstəmxanlını xalqımız sözü ilə əməli bir olan insan kimi tanıyır. Ona görə də biz onu 80-ci illərdən başlayan milli azadlıq hərəkatının ön sıralarında görəndə təəccüblənmədik. Dəfələrlə Milli Məclisin iclaslarından onun birliyə, həmrəyliyə çağıran haqq səsini eşitdik. Şeirlərində
Yüz yerə parçalar çəkhaçək bizi,
Səhvimiz sınağa çəkəcək bizi,
Yəhərdən salacaq çəkhaçək bizi
deyən şair kommunist rejimi dövründə döyüldü, söyüldü, hədələrə məruz qaldı, amma öz məsləkindən dönmədi. Tanrı bu hədələrin, söyüşlərin əvəzində onu mükafatlandırdı yolunda min bir əziyyətə dözdüyü xalqının hörmət və məhəbbəti ilə.
Öz ömrümdə həm də yurdumun tarixini yaşayıram deyən şairin dilimiz haqqında böyük məhəbbətlə yazdığı sözlər, gözəl bir nəğmə, sevgi dolu müqəddəs and kimi qəlbimizə yazılır: “Ana dili! Sən bu dünyanın şəklisən. “Ana südündən, dağ çiçəyindən”, Savalanın qarından, çayların həvəsindən, başım üstündəki qartalların harayından, meşələrin xışıltısından, duman təmasından, şimşək çaxışından, torpaq ətrindən, yaz leysanından, ay işığından və uzaq ulduzların pıçıltısından yaranmısan!...Qayaların üstündə qaya kimi sərt bir millətin andısan! Dədə Qorqud boylarında dağlarımızın gül-çiçək dənizi kimi min rənglisən! Nəsiminin harayında üsyansan, ildırımsan! Füzulinin pıçıltısında dünyanın ən böyük qəm yüküsən!...
Bölünməyən torpağım, əyilməyən bayrağım, ləkə götürməyən adımsan!... Sən insan ruhunun ən mürəkkəb anlarını köçürüb yaşadan, babalarımın ömürlüyü, ürək sirdaşı dilim, yaxşı ki, varsan! Kökümüzə balta çalanların, həyat ağacımızı qurutmaq istəyənlərin, tariximizi, keçmişimizi, əlimizdən almaq istəyənlərin acığına xalqının yaranışdan bəri bütün tarixini qoruyub hifz eləmisən. Hər sözün keçmişə açılan bir qapıdır”.
Arzum budur ki, bu torpağın üstündə yaşayan və arzularımızı yaşadacaq bütün balarımız, gənclərimiz “Ömür kitabı”nı oxuyub ondan bəhrələsinlər.
Ən böyük iş sözdür, çünki söz əbədidir deyən “Ömür kitabı” ilə bizi tariximizin müəyyən dövrlərinə səyahətə çıxaran, dilimizi, xalqımızı, adət-ənənələrimizi, vətənimizi sevməyə çağıran şair, publisist Sabir Rüstəmxanlıya can sağlığı, yeni-yeni yaradıcılıq uğurları diləyi ilə...
Səhər Nəsib qızı Rzayeva
təqaüdçü müəllim
