İnsan ömrünü yaş çərçivəsi ilə məhdudlaşdırmaq bəlkə də düzgün olmaz. Çünki insan yaşadığı ömür payı ilə deyil, əsasən gördüyü işlərlə, əməllərlə öz ömrünü dəyərləndirə, dolğunlaşdıra bilər. Ömrün mənası onun əməlləridir. Bu xoş əməlləri xalqa, Vətənə, doğulduğun torpağa həsr etmək həyatın mənası, ən uca məqamıdır. Yalnız bu zaman insan özünü xoşbəxt hiss edə bilər. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şabran rayon komitəsinin sədri Aysel Meylaverdiyeva da məhz belə insanlardandır.

Gəncliyinin ən gözəl çağlarını yaşayan Aysel xanım 1989-cu ildə Şabranda dünyaya göz açıb. Orta təhsilini doğulduğu rayonda alıb. 2010-cu ildə Bakı Biznes Kooperasiya kollecini bitirib. Elə həmin ildən «Çıraqqala-Şabran» Dövlət Tarix- Mədəniyyət Qoruğunda əmək fəaliyyətinə başlayıb. Onu da qeyd etmək yerinə düşərdi ki, ölkə Prezidenti İlham Əliyevin 22 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə «Çıraqqala» və «Şabran» qoruqları birləşdirilərək «Çıraqqala-Şabran» Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.

Bildiyimiz kimi Şabran rayonu ölkəmizin qədim şəhərlərindən biridir. Bu qədim yaşayış məkanının tarixini əks etdirən Çıraqqalanın tarixi əhəmiyyəti çox böyükdür. Bu haqda Aysel xanım da geniş məlumat verdi. Qeyd etdi ki, «Çıraqqala-Şabran» qoruğu 7 tarixi abidəni özündə birləşdirir. Onlardan 3-ü dünya əhəmiyyətlidir. Dünya əhəmiyyətli abidələrdən ikisi memarlıq (Çıraqqala və Gilgilçay səddi), biri isə arxeoloji (Qədim Şabran şəhəri) abidədir.

Dünya əhəmiyyətli Çıraqqala abidəsi Gilgilçay səddi ilə birlikdə IV-V əsrlərdə hündür qaya üzərində inşa olunub və mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarətdir. Düzbucaqlı formasında olan qala əsasən yerli daşlardan və bişmiş kərpicdən tikilib.

Qoruğa daxil olan Qədim Şabran şəhərinin təqribən 2500 yaşı var. Arxeoloji qazıntılar zamanı ərazidə şüşə emalatxanaları, V əsrə aid çörəkbişirmə, qızıl, mis və digər metallardan pul kəsilən sexlər, şəhərin 8 bürcü, XV əsrdə çəkilmiş 45 kilometrlik su xətti və s. aşkar edilib. Şabran qədim Azərbaycan dövləti Qafqaz Albaniyası zamanı massagetlərin siyasi paytaxtı, bir müddət Şirvanşahlar dövlətinin mərkəzi olub. 1120-1190 illərdə yaşamış böyük Azərbaycan şairi Əfzələddin Xaqani Şirvanşah Axsitanın qəzəbinə tuş gələndə Şabran qalasında həbsə salınıb və məşhur “Həbsiyyə” əsərini də burada qələmə alıb.

Aysel xanım 2023-cü ilin yanvar ayında MİHİ Şabran rayon komitəsinə sədr seçilib. Komitənin 347 üzvü vardır və burada hər bir üzvə xüsusi həssaslıq də diqqətlə yanaşılır. Maddi dəstəyə ehtiyacı olan komitə üzvləri mütəmadi olaraq ərizə ilə müraciət etdikdə yardımlar olunur. Həmçinin ehtiyacı olanlar müxtəlif istirahət mərkəzlərinə və sanatoriyaya göndərilir. Komitə tərəfindən milli bayramlarımıza və əlamətdar günlərə həsr edilmiş tədbirlər keçirilir. Qurban bayramında isə aztəminatlı ailələrə qurban əti paylanılıb.

Aysel xanım onu da bildirdi ki, 65 yaşı tamam olduqdan sonra təqaüdə çıxan Mədəniyyət işçiləri də diqqətdən kənar qalmırlar. Onlara xüsusi olaraq yubiley tədbirləri keçirilir və xatirə hədiyyələri təqdim edilir. Bu yaxınlarda Mədəniyyət mərkəzinin direktoru Cabir Əmrahovun 65 illik yubileyi keçirilib və Xaçmaz Regional Mədəniyyət idarəsinin müdir müavini də bu tədbirdə iştirak edib.
Komitə tərəfindən şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilir. Şəhidlərin ad günündə onların ailə üzvləri ilə görüş keçirilir və yardımlar edilir.

Komitə rayonda keçirilən digər tədbirlərdə də yaxından iştirak edir. Aysel xanım bu yaxınlarda Şabran ədəbi məclisinin üzvü, şair Qafar Süleymanın 70 illiyk yubileyində iştirak etdiyini söylədi. Həmçinin yazıçı-jurnalist Aydın Tağıyevin yubiley tədbirində də iştirak edib və yubilyarları təbrik edərək hədiyyələr təqdim etdiyini bildirdi.

Hər kəsin xoş gününə sevinib çətin günündə ona yardım əli uzatmaq ən böyük insani keyfiyyətdir. Bu keyfiyyəti özündə daşıyanlar isə ömrünə məna qatmağı bacaran insanlardır. Eynən Aysel xanım kimi.

Gülağa 
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 27.09.2023 » Oxundu: 912
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!