Kürdəmir Uşaq Gənclər İdman Şahmat məktəbi rayonda gənclərin daha çox üz tutduqları məkandır. Məktəb uzun illərdir ki, fəaliyyət göstərir. Burada idmanın yunan-Roma güləşi, voleybol, futbol və şahmat növləri üzrə məşqlər aparılır. Məktəbin direktoru Samir Şükürovdur. O, 1985-ci ildə Kürdəmir rayonunun Atakişili kəndində dünyaya gəlib. Orta təhsilini doğulduğu kənddə aldıqdan sonra Bakı Bədən Tərbiyəsi Akademiyasına qəbul olub. 2006-cı ildə akademiyanı yunan-Roma güləşi ixtisası üzrə bitirərək əmək fəaliyyətinə başlayıb. Samir müəllim hələ tələbəlik illərində respublika çempionu pilləsinə qədər yüksəlib. 2006-2007-ci illərdə isə ordu sıralarında xidmət edib. Yenikənd məktəbində fiziki tərbiyə müəllimi işləyən Samir müəllim 2009-cu ildə rayon Təhsil idarəsinin bədən tərbiyəsi və hərbiyə nəzarət şöbəsində metodist işləyib. 2011-ci ildə UGİM-nə direktor təyin edilib. 2017-ci ildə rayonun Uşaq-gənclər idman məktəbi Şahmat məktəbi ilə birləşərək Uşaq Gənclər İdman Şahmat məktəbi yaranıb. Həmin gündən də Samir müəllim bu məktəbin direktoru vəzifəsində çalışmağa başlayıb.
Hazırda məktəbdə 25 məşqçi-müəllim çalışır ki, onların rəhbərliyi altında 513 şagird idmanın sirlərinə yiyələnir. Burada əsasən təcrübəli və idman sahəsində müəyyən uğurları olan məşqçi-müəllimlər çalışır. Məktəbin yunan-Roma güləşi üzrə müəllimi Əlisahib Əliabbasov əməkdar fəxri bədən tərbiyəsi və idman işçisidir. Məktəbin, ümumiyyətlə, yunan-Roma güləş növü və şahmat üzrə uğurlu nəticələri daha çoxdur. Məktəbin voleybol komandası isə zona üzrə 1-ci yerə və respublika üzrə 3-cü yerə nail olmuşdur.
Məktəbin yetirmələri arasında peşəkar idmanla məşğul olan və idman sahəsində tanınmış insanlar da çoxdur. Samir müəllim söhbətində vurğuladı ki, məktəbdə peşəkar idmançılar yetişdirməklə yanaşı, yeniyetmələrin təlim-tərbiyəsinə, onların hərbi vətənpərvərlik ruhunda böyümələrinə xüsusi diqqət yetirilir. Bəlkə elə bu səbəbdəndir ki, Böyük Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsində məktəbin yetirmələri də fəal iştirak edərək qəhrəmanlıq göstərmişlər.
Samir müəllim: "İdmançıların qarşılarına qoyduqları ən əsas məqsəd Vətənin müqəddəs bayrağını yüksəkliklərə qaldırmaqdır. Döyüşçülərin məqsədi isə bu bayrağı Vətənin sərhədlərinə sancmaqdır. Bu baxımdan idmançı döyüşçülər daha əzmkar, daha fədakar olurlar. Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbə idmançılarımıza sanki mənəvi güc, stimul bəxş etdi. Üçrəngli bayrağımızı dünyanın bütün idman arenalarında yüksəkliklərə qaldırmaq həvəsini daha da artırdı. Bu istəyə nail olmaq üçün isə daha çox çalışmaq, daha çox məşq etmək lazımdır. Bunu gözəl anlayan idmançılarımız indi daha böyük həvəslə çalışır, daha böyük uğur əldə etməyə can atırlar. Bu yolda məşqçi-müəllimlərimiz onlara ən böyük dəstəkdirlər.
Son illərdə ölkəmizdə idmana göstərilən diqqət və qayğı sayəsində istər yerli, istərsə də beynəlxalq arenalarda keçirilən müxtəlif növ idman tədbirləri və yarışlarda idmançılarımız saysız-hesabsız qələbələr qazanırlar.
Bu gün məşqçi-müəllimlərimiz çalışır ki, məktəbimizdə də yüksək səviyyəli idmançılar yetişsin, ölkəmizin şərəfini layiqincə qorunsunlar və onun üçrəngli bayrağını dünyanın müxtəlif ölkələrində ucaltsınlar.
Ölkə başçısının müvafiq sərəncamı, Gənclər və İdman Nazirliyinin, eyni zamanda Nazirliyin yerlərdəki orqanlarının təşəbbüsü ilə bölgələrimizdə fəaliyyət göstərən İdman Olimpiya Komplekslərində "Açıq qapı" günü qeyd edilir. Sözügedən tədbir Kürdəmirdə də keçirilib. "İradənlə qalib gəl" devizi altında keçirilən bu idman tədbirində 10-dan çox idman növü və 200-dən artıq idmançı iştirak edib. İdmanın müxtəlif növləri və müxtəlif yaş dərəcələri üzrə istiqamətlənən bu yarışda əsas məqsəd gənclərin asudə vaxtlarının səmərəli keçməyinə, onların pis vərdişlərdən yayınmalarına kömək etmək idi. Məktəbimizin idmançıları da bu tədbirdə fəal iştirak etdilər və yüksək nəticələr qazandılar. Bu isə bizim ən böyük sevincimizdir" – deyir.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 09.09.2022 » Oxundu: 649
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!