Səfalı, zəngin təbiətli Siyəzən rayonunda əhali adətən meyvəçiliklə, heyvandarlıqla məşğul olub. Ötən əsrin ortalarında burada kəşf edilən neft və qaz yataqları Siyəzənə daha çox şöhrət gətirib və rayonun inkişafında önəmli rol oynayıb. Siyəzən ölkənin güclü neft rayonlarından birinə çevrilib.
1939-cu ildən fəaliyyətə başlayan Siyəzən Neft-Qaz çıxarma idarəsinə hazırda Ayaz Bağırov rəhbərlik edir. Buranın ərazisi Siyəzən-Şabran və qismən də Quba rayonuna mənsubdur. Bir tarixi fakta nəzər salmaq yerinə düşərdi ki, müəssisə 1939-cu il sentyabr ayının 29-da fəaliyyətə başladığı ilk gündə 659-427 metr intervalında 8.0 ton gündəlik neft hasil edilmişdir. Bu isə çox böyük göstəricidir. Ayaz müəllim məlumat üçün bildirdi ki, hazırda burada 308 quyudan 293 quyu ŞDN, 15 quyu MEDN üsulu ilə istehsal olunur. Neft hasilatı gündəlik orta 120 ton, qaz isə 35 min m.3) gün, su isə orta gündəlik 780 ton təşkil edir. Müəssisə hər ay planı 100 faizdən artıq yerinə yetirir.
Müəssisənin rəisi Ayaz Bağırov deyir: "Azərbaycanın geosiyasi əhəmiyyətini artıran, milli maraqlarını təmin edən əsas amilllərdən biri neftdir. Ölkəmizin zəngin neft resurslarına malik olan coğrafi məkanda yerləşməsi, 20-ci əsrin 90-cı illərində ümummilli lider Heydər Əliyev tərəfindən uzaqgörənliklə diqqətə alındı və dövlətin neft strategiyası zamanın nəbzinə uyğun olaraq vaxtında milli mənafeyə yönəldi. 1994-cü il 20 sentyabr ayında imzalanan "Əsrin müqaviləsi" ilə neft startegiyasının əsası qoyulmşu, Respublikamızın dinamik inkişafı başlanmışdır. "Əsrin müqaviləsi" ilə tarixdə ilk dəfə olaraq beynəlxalq əməkdaşlığa start verilib. Bundan sonra 2000-ci ilə qədər olan qısa müddətdə Azərbaycanın neft və qaz yataqlarının kəşfiyyatı və işlənilməsinə 12 ölkənin 29 iri enerji şirkəti cəlb olundu. Onların iştirakı ilə neft və qaz yataqlarının kəşfiyyatı və işlənilməsi üzrə 30-dan çox beynəlxalq saziş imzalandı. Həmin müqavilə daha sonra 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı.
Respublikamızın gerçəkləşdirdiyi enerji siyasəti bütövlükdə regionun siyasi və iqtisadi inkişafına, rifahına xidmət edir. Bütün bu uğurların təməli isə "Əsrin müqaviləsi"nə söykənir. Prezident İlham Əliyev xüsusi vurğulamışdır ki, Azərbaycan Respublikasının həyata keçirdiyi neft və qaz layihələri bu gün dünyada enerji inkişafının möhkəm bünövrəsidir.
Onu da xüsusi vurğulamaq lazımdır ki, "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatların miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər sırasına daxil edilmişdir. "Əsrin müqaviləsi" Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. Ulu Öndər Heydər Əliyev demişdir: "Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaq".
"Mən çox xoşbəxtəm və sevinirəm ki, bütün gördüklərinizin əsasını, təməlini qoyanlardan biriyəm, onun təşəbbüskarıyam. Bu işlərin görülməsi üçün vaxtilə illərlə zəhmət çəkmişəm, illərlə fəaliyyət göstərmişəm, illərlə bunların reallığa çevrilməsi üçün çox çətin yollardan keçmişəm. Xalqımız üçün, millətimiz üçün Azərbaycan neftçiləri ilə birlikdə, öz həmkarlarımla birlikdə Azərbaycanın böyük sənayesini yaratmaq üçün, neft sənayesinin gələcəkdə inkişaf etməsi üçün bunları yaratmağa çalışmışam" - deyən Ulu Öndərin fikirlərinin nə qədər doğru olduğunun şahidiyik".
Siyəzən Neft-Qaz çıxarma idarəsinin rəisi Ayaz Bağırov 1977-ci il sentyabr ayının 9-da Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olub. 1999-cu ildə ali təhsilini bitirib və Balaxanı Neft-Qaz çıxarma idarəsində əmək fəaliyyətinə başlayıb. 2012-ci ildə hazırda rəhbərlik etdiyi Siyəzən Neft-Qaz çıxarma idarəsində baş mühəndis vəzifəsində çalışıb. 2019-cu ildə isə idarəyə rəis təyin edilib.

Gülağa
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 23.01.2023 » Oxundu: 781
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!