Bu günlərdə kriteri.az-a bir şikayətlə bağlı müraciət ünvanlanmışdır. Söhbət bir neçə il əvvəl Horadiz qəsəbəsində fəaliyyət göstərmiş bir şirkətdən və bu şirkətdə baş vermiş haqsızlıqdan gedirdi. Müraciətin müəllifi Tərtər şəhərindən İsmayılov Novhəl Əhməd oğlu bildirir ki, 27 sentyabr 2021-ci ildə Horadiz qəsəbəsində Bəhruz Rəhimov adlı bir şəxsin direktor olduğu İdeal MMC-də tikinti işinə başlayıblar. Tikintini 2022-ci ildə başa çatdırıblar və hazır vəziyyətdə təhvil veriblər. Lakin işçilərin əmək haqları tam ödənilməyib. Şikayətçi bildirir ki, bu şirkətdən onun və işçilərinin 8200 AZN alacaqları var. O, həmçinin qeyd edir ki, şirkət tərəfindən fəhlələrə hər ay 650-700 man. əmək haqqı verildiyi halda, şirkət rəhbərinin göstərişi ilə, bütün işçilərin əmək haqqı mühasibatlıqda minimum əmək haqqı ilə hesablanıb. Mal-material nəğd pulla olunub. İş həcmi böyük olduğu halda yalnız 6-7 nəfərlə müqavilə bağlanıb. Bu isə vergi ödəmələrindən yayınaraq maliyyə pozuntusuna yol verilməsinə şərait yaradıb. Şikayətçi bildirir ki, işçilər maaşlarını tələb edərkən Bəhruz Rəhimov iddia edir ki,Yaşam fonduna 50.000 azn pul köçürdüyü üçün əmək haqlarını ödəyə bilmir. Bunun nə dərəcə doğru olub-olmadığı haqqında isə heç bir məlumatımız yoxdur. Bu, həqiqət olsa belə, heç nə əsas vermir ki, rəhbərlik işçinin əmək haqqını verməkdən imtina etsin. Oxşar problemin Kaspian Road şirkətinə də aid olduğu bildirən Tərtər şəhər sakini İsmayılov Novhəl Əhməd oğlu qeyd edir ki, bu şirkət keçmiş Rabitə naziri Əli Abbasovun oğlu, Azərenerji ASC-nin sabiq sədri Etibar Pirverdiyevin kürəkəni Eldar Abbasova məxsusdur. İdeal MMC-dəki hallar bu şirkətə də şamil olunur. Eldar Abbasovun işçiləri Mirtaleh və İbrahimin verdiyi məlumata görə şirkət Laçın şəhərində tikinti işi aparıb. İş başa çatsa da, Bakı Abadlıq adlanan şirkət Kaspian Road şirkətinin hesabına köçürməli olduğu 3.000.000 AZN pulu ödəmir. İşçilər vergi xidmətindən gələn bildirişin şəklini göndəriblər. Bildirişdə vergi xidmətinə 226.000 AZN borcun olduğu göstərilir və əmək haqqının ödənilməməsinə də səbəb məhz bu vergi borcunun olduğu bildirilir. Şikayətçinin tələbi məsələyə daha ciddi yanaşılması və işçilərin əmək haqlarının ödənilməsi üçün müvafiq tədbirlərin görülməsidir. İnanırıq ki, tezliklə məsələyə aydınlıq gətiriləcək və şikayətçinin qoyduğu tələb lazımı şəkildə həllini tapacaq.

Faktlara görə müəllif cavabdehdir.

kriteri.az

Daxil olundu: 02.05.2026 » Oxundu: 764
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!