Dünyanın ən çətin və ən şərəfli peşələrindən biri olan müəllimlik həm də ən müqəddəs bir sənətdir. Çünki bütün digər peşələrin öyrədicisi məhz müəllimlərdir. Alimi də, həkimi də, mühəndisi də, fəhləni də yetişdirən bir sənət sahibinin əlbəttə ki, ali məqsədə xidmət etdiyini təqdir etməmək mümkün deyil. Bu ali peşənin daşıyıcılarından biri də Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Daşkəsən rayon komitəsinin sədri Rabil İbrahimovdur.
Rabil müəllim 1988-ci ildə ölkəmizin dilbər guşələrindən biri olan Daşkəsən rayonunun Qabaqtəpə kəndində dünyaya gəlib. Gözünü dünyaya açdığı gündən kəndlərinin əsrarəngiz təbiət gözəlliyi ilə üz-üzə qalıb. Doğulduğu torpağa ürəyində sonsuz məhəbbət yaranıb və ömürlük olaraq doğma Dəşkəsən torpağına bağlanıb. Orta məktəbi doğulduğu kənd orta məktəbində alan Rabil müəllim 2006-cı ildə on birinci sinfi bitirib. Müəllim olub şagirdlərin təhsili ilə məşğul olmaq, xalqının övladlarına xidmət etmək arzusu ilə elə həmin il Gəncə Dövlət Universitetinə daxil olub. Ali təhsilini müvəffəqiyyətlə başa vurduqdan Vətən qarşısında növbəti borcunu yerinə yetirmək üçün Ordu sıralarına yola düşüb. Şərəfli əsgəri xidmətindən sonra doğmu rayonuna dönüb və Daşkəsən rayon Astaf orta məktəbində fizika müəllimi olaraq pedaqoji fəaliyyətə başlayıb.
O, 2015-ci ildə rayon Təhsil Şöbəsində texniki yaradıcılıq mərkəzinə direktor təyin edilib. 2017-ci ildə optimallaşma ilə əlaqədar olaraq 3 təşkilat birləşdirilərək Uşaq Gənclər İnkişaf Mərkəzi adlandırılıb. Rabil müəllim gənc olmasına baxmayaraq burada da öz bacarıq və qabiliyyətini göstərə bilib. İşinə olan məsuliyyəti, çalışqanlığı, yüksək insani keyfiyyətləri ilə kollektivin də, burada peşə öyrənən şagirdlərin də dərin hörmət və rəğbətini qazanıb.
2025-ci ilin iyul ayında Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Daşkəsən rayon Komitəsinə sədr seçilən Rabil İbrahimov az müddətdə bu sahədə də özünü doğrultmağı bacarıb.
Rabil müəllimin verdiyi məlumata görə komitənin hazırda 1272 üzvü vardır. Burada hər bir üzvə xüsusi diqqət və qayğı ilə yanaşılır. Lazımı məqamlarda onlara maddi və mənəvi kömək göstərilir. Ölkəmizə xas olan bütün milli bayramlar və əlamətdar günlər komitə tərəfindən yüksək səviyyədə qeyd olunur. Təqaüdə gedənlər xüsusi hədiyyələr və fəxri fərmanla təntənəli şəkildə yola salınır. Komitə üzvlərinin sağlamlığına da xüsusi diqqət göstərilir. Sanatoriyalara getmək istəyənlər onlayn şəkildə müraciət edirlər və arzuları təmin olunur.
Komitənin təqdirəlayiq işlərindən biri də şəhid ailələrinə olan qayğısıdır. Şəhid Vidadi İsrafilovun ailə üzvlərini himayəyə götürən Komitə bu ailəyə hər ay 100 manat məbləğində yardım edir.
Qürur duyulmalı haldır ki, Rayon təhsil sahəsində 3 nəfər I Qarabağ müharibəsi iştirakçısıdır. Bu iştirakçılardan biri Natiq Hüseynov I Qarabağ müharibəsinin cəsur komandiri kimi şərəfli bir döyüş yolu keçmişdir. O, hazırda Səməd Vurğun adına orta məktəbdə hərbi rəhbərdir. II Qarabağ müharibəsi iştirakçısı Bayan kənd orta məktəbinin hərbi rəhbəri Ceyhun Əliyev də müharibədə xüsusi fərqlənən döyüşçülərimizdən olub.
Komitə tərəfindən üzvlərin asudə vaxtlarının səmərəli və maraqlı keçməsinə də diqqət göstərilir. Bu yaxınlarda Rayonun təhsil sektoru Quba şəhərinə, 5 saylı uşaq bağçasının kollektivi Qax rayonuna və Bayan kənd orta məktəbinin müəllim kollektivi isə Şuşa şəhərinə gəzintiyə gediblər. Bu isə hər bir səfər iştirakçısında xoş təəssüratlar yaradıb.
Rabil müəllim böyük məmnunluq hissi ilə Təhsil sektorunun müdiri və Konfederasiyanın sədri Sahib Məmmədovun, eyni zamanda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri Araz müəllimin diqqət və qayğısından söz açdı. Bütün bunlara qarşı isə öz uğurlu və şərəfli işi ilə qarşılıq verəcəyini söylədi.
Bu, o deməkdir ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Daşkəsən rayon komitəsini qarşıda daha uğurlu günlər gözləyir.
Gülağa CƏFƏROV
Keçmiş SSRİ və Azərbaycan
Jurnalistlər Birliklərinin üzvü
