Zaman-zaman müəllim haqqında müdrik sözlər, gözəl kəlamlar deyənlər çox olmuşdur. «Mən müəllim adından daha yüksək ad tanımıram» – deyən Ümummili Lider Heydər Əliyev də müəllimə həmişə yüksək qiymət vermiş, müəllim haqqında layiqli sözlər söyləmişdir. Onun müəllim haqqında dediyi: «Müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini – uşaqlarının tərbiyəsini yalnız ona etibar edir» – fikri müəllimə verilmiş ən böyük dəyərdir. Doğrudan da cəmiyyətin qurucusunu, onu idarə edənləri, həkimi, mühəndisi, fəhləni, alimi, iqtisadçını, bir sözlə, hər kəsi tərbiyə edib yetişdirən, ona elm, savad verən məhz müəllimdir. Ona görə də müəllimlik ən şərəfli, məsuliyyətli, çətin və müqəddəs peşədir.
Həqiqətən də çox doğru deyiblər ki, gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir. Bu şərəfli peşə sahiblərindən biri də Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Tərtər rayon komitəsinin sədri Niyaməddin Aslanovdur.
Niyaməddin müəllim 1978-ci ildə dünyaya gəlib. Pedaqoji Universiteti tarix ixtisası üzrə bitirərək Burud kənd orta məktəbində müəllimlik fəaliyyətinə başlayıb. 2011-ci ildə yüksək bacarıq və rəhbərlik qabiliyyəti nəzərə alınaraq çalışdığı Burud kənd tam orta məktəbinə direktor təyin edilib. 2025-ci ildə isə TİAHİ Tərtər rayon komitəsinin sədri seçilib.
Söhbətimiz zamanı komitə haqqında ətraflı məlumat verən Niyaməddin müəllim bildirdi ki, komitənin hazırda 2509 nəfər üzvü vardır. Burada hər bir üzvə xüsusi qayğı və böyük həssaslıqla yanaşılır. Onların maddi və mənəvi durumu mümkün olduğu qədər nəzərdə saxlanılır və çətinliyi olanlara komitə tərəfindən yardım edilir, mənəvi dəstək olunur. Komitə üzvlərinin sağlamlığına xüsusi diqqət göstərilir. Sağlamlığı ilə bağlı müraciət edən hər bir üzvə müxtəlif sanatoriya və istirahət mərkəzlərinə komitə tərəfindən göndərişlər sənədləşdirilib verilir. Bu il də müraciət edən xeyli sayda komitə üzvü göndərişlə təmin olunub.
Daha bir təqdirəlayiq məsələni də qeyd etmək yerinə düşərdi ki, komitə xalqımıza məxsus bayram və əlamətdar günləri hər zaman böyük təntənə ilə qeyd edir. Burada Müəllim Günü, Yeni il, Novruz bayramı, Zəfər bayramı, Müstəqillik Günü və digər əlamətdar günlərə xüsusi önəm verilir. Təqaüd yaşına çatanlar haqqında isə Niyaməddin müəllim ayrıca söhbət açdı. Bildirdi ki, ömrünün yarıdan çoxunu pedaqoji fəaliyyətə sərf edən, yüzlərlə, minlərlə şagirdə elm və təhsil verən, təlim-tərbiyələri, dünyagörüşlərinin formalaşması, cəmiyyətdə öz layiqli yerini tuta bilməsi üçün ömrünü fəda edən müəllimlərin dəyər və qiymətini vermək hər birimizin peşə məsuliyyətindən də başqa, həm də insanlıq borcumuzdur. Odur ki, komitə tərəfindən təqaüdə çıxanlar üçün tədbir təşkil olunur və onlara xüsusi hədiyyələr təqdim edilir.
Niyaməddin müəllim təcrübəli bir pedaqoq, bacarıqlı bir rəhbər işçi olmaqla yanaşı həm də məsuliyyətli ata və qayğıkeş bir ailə başçısıdır. Ocağında iki qız və iki oğul övladı yetişir. Onların hər birini cəmiyyətə elmli, savadlı, ən əsası isə torpağını, xalqını, el-obasını sevən əsl vətənpərvər gənclər kimi təhvil vermək üçün çalışır. Deyir ki, müəllimin təkcə özü deyil, ailəsi, övladları da nümunə olmalıdır. Çünki görüntü deyilən sözdən daha effektlidir. Şagirdlərin təlim-tərbiyəsində, elm və savad öyrədilməsində vacib prinsiplərdən biri də budur.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 18.10.2025 » Oxundu: 459
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!