Bu günlərdə Lənkəran Dövlət Universitetinin müəllimi, dosent, filologiya üzrə fəlsəfə doktoru, cənub bölgəsinin sayılıb-seçilən ziyalılarından olan Əlirza Balarza oğlu Əliyev 80 illik yubileyini qeyd edir. Bu yubiley sadəcə görkəmli bir alimin doğum günü deyil, həm də ömrünü dilçilik elminə, doğma talış dilinin tədqiqinə və bölgədə təhsilin inkişafına həsr etmiş müdrik bir insanın mənalı həyat yoluna nəzər salmaq üçün bir fürsətdir. Əlirza müəllim elmi və pedaqoji fəaliyyətində yalnız fundamental araşdırmaları ilə deyil, eyni zamanda yüksək mənəvi keyfiyyətləri, müdrikliyi və ziyası ilə ilə yüzlərlə gəncin həyat yoluna nur saçmış bir şəxsiyyətdir.
Əlirza Əliyev 1946-cı ildə Masallı rayonunun Rudəkənar kəndində anadan olub. Uşaqlıqdan dilə və ədəbiyyata xüsusi maraq göstərən Əliyev gənc yaşlarında müəllimlik peşəsinə yönəlir. O, 1967-ci ildə Lənkəran Pedaqoji Texnikumunu, 1975-ci ildə isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini müvəffəqiyyətlə bitirib, peşəkar filoloq kimi yetişir. Ali təhsil illərində yaranan dilçilik həvəsi onun elmi tədqiqatlara başlamasına səbəb olur. Nəticədə 1982-ci ildə “Azərbaycan dilində jarqonlar” mövzusunda namizədlik dissertasiyasını (fəlsəfə doktoru işi) uğurla müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini alır. Bu elmi uğurundan sonra həyatını doğma bölgəsində təhsilin inkişafına həsr edir. O, əmək fəaliyyətinə Lənkəranın ucqar kənd məktəblərindən birində sadə müəllim olaraq başlayıb, elə ilk illərdən çalışqanlığı və bilik səviyyəsi ilə seçilib. Tezliklə təhsilin idarəedici sahəsinə cəlb olunan Ə.Əliyev Lənkəran Rayon Maarif Şöbəsində (indiki Təhsil Şöbəsində) aparıcı vəzifələrdən birini tutur. Təhsil sahəsindəki təşəbbüskarlığı və bacarığı sayəsində o, 1987-ci ildə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdir müavini təyin olunur və düz 2007-ci ilə qədər – iyirmi il boyunca – bu məsul vəzifədə çalışır.
Həmin illərdə Əlirza müəllim rayonun təhsil sisteminin inkişafında, kadr hazırlığında əvəzsiz xidmətlər göstərmiş, yüzlərlə gənc müəllimin formalaşmasında müstəsna rolu olmuşdur. Onun üçün təhsildə əsas meyar vicdanla xidmət, şagird və tələbələrinə diqqət və qayğı olub.
Bir dilçi alim olaraq Əlirza Əliyevin elmi fəaliyyətində ən diqqətçəkən istiqamətlərdən biri talış dili ilə bağlı tədqiqatlar olub. Ölkəmizin hüdudlarında yaşayan qədim tarixi olan, özünəməxsus adət-ənənəyə, milli dəyərlərə sahib talışların ana dilinə olan sevgisi onu bu sahədə fundamental araşdırmalara sövq edib. O, talış dilinin zənginliyini üzə çıxarmaq, lüğət xəzinəsini sistemləşdirmək üçün illərlə çalışıb. Bu zəhmətin bəhrəsi kimi, 2003-cü ildə bir zamanlar onun tələbəsi olan, sonralar isə həmkarına çevrilmiş filologiya üzrə fəlsəfə doktoru, dosent Elman Mirzəyev ilə birlikdə “Talış dilinin leksikası” adlı dərs vəsaitini hazırlayıb nəşr etdirdi. Bu fundamental kitab Azərbaycanın qədim etnik qruplarından sayılan talışların dilinin lüğət tərkibinə həsr olunmuş sanballı bir əsər kimi dəyərləndirilir. Nəşr olunduğu dövrdə talış dili üzrə ilk sistemli tədqiqatlardan biri sayılan bu kitab orta məktəblərdə talış dilini tədris edən müəllim və tələbələr üçün çox dəyərli vəsaitəyə çevrilmişdir. Həmçinin dilçi, etnoqraf, kulturoloq və ədəbiyyatşünaslar üçün etibarlı mənbə kimi qiymətləndirilən bu elmi araşdırma talış dilinin qorunub inkişaf etdirilməsi yolunda atılan mühüm addımlardan biri oldu.
Müstəqillik illərindən sonra bölgənin məktəblərində talış dilinin fakultativ fənn kimi tədrisinə başlanarkən, dərslik və proqramların hazırlanmasında Ə.Əliyevin tövsiyələri, metodik göstərişləri nəzərə alınıb. Alimin bu sahədəki fədakarlığı sayəsində uzun illər rəsmi tədrisdən kənarda qalan talış dili yenidən sinif otaqlarına qayıtmış və yeni nəslə tədris edilməyə başlanmışdır. Bu onun doğma xalqına və dilinə bağlılığının, milli müxtəlifliyə hörmətinin bariz nümunəsidir.
1991-ci ildə müstəqil ali məktəb statusu qazanan Lənkəran Dövlət Universitetinin (LDU) tədris həyatına Əlirza Əliyev kimi təcrübəli mütəxəssisin cəlb olunması bu tədris ocağı üçün böyük bir şans idi. O, 1992-ci ildən etibarən LDU-da “Müasir Azərbaycan dili” fənnindən mühazirələr oxumağa başlayıb və ali məktəb mühitində pedaqoji fəaliyyətini hələ də uğurla davam etdirir. Əlirza müəllim universitetin “Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası” kafedrasında dosent kimi çalışaraq minlərlə tələbəyə ana dilimizin incəliklərini sevgi ilə öyrədir. Onun dərs dediyi auditoriyada yalnız nəzəri biliklər deyil, dilə və ədəbiyyata ürəkdən bağlılıq, mənəvi dəyərlərə sayğı aşılanır. Məhz buna görə də tələbələri onu hər zaman bir müəllimdən çox, həyat məktəbində müdrik bir ziyalı kimi görürlər.
Əlirza Əliyev LDU-da çalışdığı müddətdə elmi-pedaqoji fəaliyyətini də davam etdirib. O, dillə bağlı elmi axtarışlarını, xüsusilə bölgənin dialekt və şivələrinin araşdırılmasını universitet mühitində gənc tədqiqatçılarla bölüşüb, seminarlar və elmi konfranslar təşkil edərək dilçilik fikrinin inkişafına töhfələr verib. Alim bu illər ərzində bir neçə fundamental monoqrafiya, dərslik və metodik vəsait qələmə alıb. Ümumilikdə, onun 4 monoqrafiya, 1 dərslik, 1 dərs vəsaiti və 70-dən artıq elmi, elmi-metodiki və publisistik məqaləsi nəşr edilib. Bu əsərlər arasında Azərbaycan dilinin üslubiyyatı, jarqon və dialektoloji xüsusiyyətləri, eləcə də dilin tədrisi metodikasına dair tədqiqatlar xüsusi yer tutur. Əlirza müəllimin yazıları elmi dərinliyi ilə yanaşı, dilimizin gözəlliyini ehtiva edən xüsusi bir üslubla qələmə alınmış, onun elmi üslubu da özü kimi səmimi və aydındır.
Əlirza Əliyevin uğurlarını sadəcə elmi nailiyyətlərlə ölçmək kifayət etməz. Onu həqiqətən böyük edən, bizlərin gözündə ucaldan elm ilə mənəviyyatı vəhdətdə təcəssüm etdirməsidir. Ədalət, dürüstlük və sadəlik Əlirza müəllimin həyat kredosudur.
Şəxsi xatirələrimdə Əlirza müəllimin obrazı ata kimi uca və alidir. Tələbəlik illərimdən tanıdığım ən alicənab, səmimi insan, sözü-söhbəti nəsihət doludur Əlirza müəllimin. Dilçiliyə olan dərin marağımın da, bir çox həyati məsələlərə prinsipial baxışlarımın da ilham mənbəyi odur. Müəllimlik missiyasının yalnız dərs deməkdən ibarət olmadığını, insan yetişdirmək olduğunu onun timsalında öyrəndim.
Onun yetişdirdiyi tələbələr bu gün Azərbaycanın müxtəlif guşələrində müəllim, alim, idarəçi kimi fəaliyyət göstərirlər. Hər dəfə hansısa uğurlu bir gəncin bioqrafiyasında “Əlirza Əliyevin tələbəsi” sözlərini eşidəndə qəlbim qürurla dolur. Çünki bilirəm ki, Əlirza müəllimin zəhməti sayəsində cəmiyyətimiz dürüst, savadlı və vətənpərvər gənclər qazanıb. O, auditoriyada dil qaydalarını öyrətməklə yanaşı, ləyagətli insan olmağı da öyrədir.
Əlirza müəllimin 80 illik həyat yolu insan ömrünün dəyərinin yalnız yüksək elmi titullar, tutduğu böyük vəzifələrlə deyil, əslində qəlblərdə qoyduğu izlərlə ölçüldüyünün bariz nümunəsi, insanlıq örnəyidir. O, həm dilçilik sahəsində fundamental tədqiqatları ilə, həm də on illərlə bölgənin təhsilinə həsr etdiyi fədakar xidməti ilə, ziyasıyla nur saçan ziyalı, alicənablığın canlı rəmzidir. Yetişdirdiyi tələbələr isə onun aşıladığı insanlıq dərsini, vicdani dəyərləri gələcəyə daşıyan canlı körpülərdir.
Mənim gözümdə Əlirza Əliyev bir müəllim və alimdən ziyadə, həm də mənəvi atadır. Bu ehtiramın kökündə onun bitib-tükənməyən mərhəməti, yüksək mənəvi dəyərləri, əqidəsinə sadiqliyi dayanır. Bu, bir insan ömrünün ən böyük qazancıdır.
80 yaşınız mübarək, varlığı ilə qürur düyduğum insan! Nə yaxşı ki, varsınız! Sizin ömür ışığınız hələ çoxlarına nur saçacaq, tükənməz bir ilmə, mənəviyyat çırağı kimi yolumuzu aydınladacaq.

Könül Əzizağa qızı Həbibova
filologiya üzrə fəlsəfə doktoru, dosent

Daxil olundu: 20.01.2026 » Oxundu: 1108
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!