İsmayıllı Meşələr planetimizin həyat mənbəyidir   Yer kürəsinin yaşıl örtüyü olan meşələr haqqında danışmaq əslində çox maraqlı və xoşdur. Sizin də bildiyiniz kimi meşələr yer kürəsinin quru səthinin üçdə birini təşkil edir. Meşə və ağaclar bizə təmiz hava və sağlam məkanlar bəxş etməklə yanaşı həm də insanları tikinti materialları, qida, yanacaq və dərmanlarla təmin edir. Onlar bizim suyumuzu təmizləyir, torpaqlarımızı erroziya, daşqın və digər təhlükələrdən qoruyur, yerli və qlobal iqlim şəraitini tənzimləyir. Yanacaq istifadəsindən əmələ gələn karbon qazının üçdə birini udmaqla meşələr iqlim dəyişikliyi ilə mübarizədə də bizim ən yaxın köməkçimizdir. Meşələr planetimizin flora və faunasının səksən faizinə ev sahibliyi edir. Unutmaq olmaz ki, meşələr bizim həyata dəstək sistemimizdir. Meşə ilə örtülü sahələr Azərbaycan ərazisinin 11,8 faizini təşkil edir. Meşə ehtiyatları ölkənin, xüsusən də regionların iqtisadi inkişafına, ümumiyyətlə, insanların dolanışığına böyük töhfə verir. Biz meşələrimizi dayanıqlı şəkildə idarə etməli və məhv olunan ağacların yerinə yeni fidanların əkilməsini təmin etməliyik. Çünki meşələr planetimizin əvəzedilməz həyat mənbəyidir. Dayanıqlı gələcəyimizi təmin etmək üçün meşələrimizi qorumalıyıq. Ölkəmizin bütün bölgələrində olduğu kimi İsmayıllıda da vaxtaşırı genişmiqyaslı ağacəkmə işləri aparılır. Meşələrin açıq və seyrək ərazilərinə müxtəlif ağac tingləri, xüsusən də palıd, göyrüş, fıstıq, ağcaqayın və s. ağaclar əkilir. Həmçinin palıd, ağcaqayın və digər ağac toxumları da səpilir. Təbiəti sevənlərin, ekologiyanı qoruyanların, meşə təsərrüfatı idarəsi işçilərinin rayonun meşə sahələrində meşə bərpa işləri aparması, ağac əkib, toxum səpməsi, yeni fidanlıqlar salması çox təqdirəlayiqdir. Aparılan bütün bu işlər yaxın gələcəkdə bu ərazilərin böyük bir yaşıllıq sahəsi olacağını göstərir. Bir məsələni də xüsusi vurğulamaq istəyirəm ki, hər bir sahədə uğur qazanmağın əsas səbəblərindən biri öz sənətini ürəkdən sevməkdir. Meşəçilik sahəsində çalışanların bəxti onda gətirib ki, bunun üçün məcburiyyət hiss etmirlər. Çünki təbiətə, yaşıllığa qarşı olan sevgi insanla sanki birgə doğulur və insan özünü dərk etdiyi gündən təbiətə qarşı olan marağını, sevgisini hiss edir. Ümumiyyətlə, təbiəti, meşələri sevməmək mümkün deyil. Meşəçilik sahəsində çalışdıqda, təbiətlə təmasda olduqda isə bu sevgi bir az da təkmilləşir, peşəkarlıq xarakteri daşıyır. İsmayıllı Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları da öz işini ürəkdən sevən, onunla birbaşa təmasda olmaqdan xüsusi zövq alan, təbiətə bağlı insanlardır. Ona görə də burada uğur hər zaman üzümüzə gülür və bizi yeni nailiyyətlərə səsləyir.

Oktay Mirzəyev

İsmayıllı 6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru

Daxil olundu: 26.11.2025 » Oxundu: 1165
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!