İnsan üçün doğma torpaq, vətən təkcə doğulduğu məkan deyil, həm də uzun illər yaşayıb-işlədiyi yurddur. Axı illərlə yaşadığın, insanları ilə ünsiyyət qurduğun, sevincini-kədərini paylaşdığın, doğmalaşdığın məkan sənin üçün necə yad ola bilər? Vüqar Süleymanov adına Qazax Peşə Liseyinin direktoru Xudaverdi Xudaverdiyev üçün də Qazax ikinci vətəndir desək, yəqin ki, səhv etmərik.
Ömrünün 63 ilindən 40 ili məhz bu qədim və ulu diyarla bağlı olan Xudaverdi müəllim 1958-ci ildə Sabirabad rayonunun Kovlar kəndində dünyaya gəlib. Orta təhsilini doğulduğu kənddə aldıqdan sonra Azərbaycan Dövlət Politexnik İnstitutuna qəbul olub. Ali təhsilini uğurla başa vuran Xudaverdi müəllim gənc mütəxəssis olaraq təyinatla Qazax rayonuna göndərilib. 1986-1993-cü illərdə indiki Ağstafa Tekistil fabrikində çalışıb. 1993-cü ildə Qazax Peşə məktəbində istehsalat ustası işləyib, 1996-cı ildən həmin məktəbin tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb. 2020-ci ildən isə məktəbə direktor təyin edilib.
Hazırda peşə liseyi adlanan bu təhsil müəssisəsinin əsası 1974-cü ildən qoyulub. Hazırda məktəbdə 6 qrup üzrə 118 şagird peşə təhsili alır. Burada şagirdlərin seçdikləri peşənin sirlərinə dərindən yiyələnmələri üçün bütün bilik və bacarığını sərf edən 64 müəllim və texniki heyət çalışır. Liseydə geniş profilli traktorist-maşınçı, dərzi, üzüm ustası, dülgər, xalçaçılıq və sair peşələr tədris edilir. Lisey lazım olan bütün texniki avadanlıqlarla təchiz edilib. Həmçinin 25 dəst kompyuter və 7 noutbuk da şagirdlərin ixtiyarındadır. Liseyin nümunəvi istehsalat təlim ustalarından Xatirə Hüseynovanın, Aygül, Əkbər, Zümrüd müəllimlərin, rus dili müəllimi Mətanət xanımın, ixtisas müəllimi Firuzə, Fatma müəllimlərin və başqalarının adını çəkmək yerinə düşərdi.
Xudaverdi müəllim bildirdi ki, məlum səbəblərə görə bütün təhsil müəssisələrində olduğu kimi, liseydə də son 2 ildə dərslərin çoxu onlayn keçirilib. Bu, təhsilin keyfiyyətinə müəyyən qədər təsir edir. Xüsusən də təhsil peşə yönümlüdürsə, praktiki işə ehtiyac varsa, bu zaman onlayn dərslər zamanı qarşıya çıxan çətinliklərin öhdəsindən gəlmək hər bir mütəxəssisdən böyük bacarıq tələb edir. Liseyin peşəkar və təcrübəli işçi kollektivi bu çətinliklərin öhdəsindən bacarıqla gəlməyə çalışır və buna nail olurlar. Məqsəd isə istehsalata yalnız öz seçdikləri peşənin incəliklərinə dərindən bələd olan savadlı mütəxəssislər təhvil verməkdir. Fəaliyyət göstərdiyi uzun illər ərzində liseyin 100-lərlə məzunu olub. Bu məzunlar nəinki rayonun, hətta ətraf bölgələrin də ərazisində fəaliyyət göstərən müxtəlif müəssisələrdə bacarıqla çalışırlar. Xudaverdi müəllim onu da deməyi özünə borc bildi ki, şagirdlərə peşə təhsili verərkən ilkin olaraq onlara seçdikləri peşəyə qarşı olan marağını artırmaq, sənətə qarşı sevgi hissi aşılamaq lazımdır. Çünki hər bir uğurlu işin ilhamverici qüvvəsi məhz sevgi, istək və tükənməz maraqdır.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 10.11.2021 » Oxundu: 836
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!