Meliorasiya və su təsərrüfatının növbəti inkişaf mərhələsi 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn Ümummilli Liderimizin adı ilə bağlıdır. Görkəmli dövlət xadimimizin Azərbaycana rəhbərlik etdiyi illərdə sovet dövründən yarımçıq qalmış obyektlərin tikintisi davam etdirildi, müasir meliorasiya və su təsərrüfatı kompleksləri yaradıldı. MDB ölkələri arasında ilk dəfə Azərbaycanda 1996-cı ildə meliorasiya və irroqasiya haqqında qanun qəbul olundu. Bundan iki il sonra Azərbaycan Respublikasının su məcəlləsi, daha sonra isə hidrotexnika qurğularının təhlükəsizliyi haqqında qanun qüvvəyə mindi. Həmin qanunlar əsasında müvafiq normativ hüquqi sənədlər hazırlanıb təsdiq edildi. Ölkəmizdə bu sahənin inkişafına Ümummilli Lider tərəfindən göstərilən diqqət və qayğı hazırda onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Ölkə başçısının bu sahəyə olan qayğısı sayəsində bir sıra layihələrin icrası başa çatdırılmış, bir neçə layihənin isə həyata keçirilməsinə start verilmişdir. Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi tərəfindən rayonumuzun ərazisində suvarma xidmətlərinin səmərəliliyinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Hər il olduğu kimi bu il də beton üzlüklü magistral kanalda, hidrotexniki qurğularda və qapalı şəbəkədə təmir işləri götürülmüşdür. Keçən il 2 nömrəli nasos stansiyasından çıxan dəmir boru xəttinin 780 paqonmetr hissəsi ilə əvəz edilsə də, bu il işin davamı olaraq 854 paqonmetr hissəsi də yenisi ilə əvəz edilmişdir. Bu işlər suyun ötürülməsində, itkilərin azaldılmasında, təsərrüfatların daha stabil su təminatına və ümumi sistemin etibarlılığının artırılmasına xidmət edir. Bu il  suvarma mövsümü uğurla başa çatdırılmışdır. Keçən il 9533 ha. əkin sahəsini su ilə təmin etdiyimiz halda, bu il bu göstərici 9800 ha. yüksəlmişdir. Gələn ilin suvarma mövsümünə hazırlıq işləri davam etdirilir. Bütün işlər demək olar ki, yüksək peşəkarlıqla aparılır. Çünki yaxşı bilirik ki, yüksək məhsuldarlığın ilkin şərti suvarma işləridir. Ona görə də suvarmaya qarşı diqqətli olmaq, texnikaların yararlı olmasının qayğısına qalmaq və böyük məsuliyyətlə yanaşmaq hər birimizin vəzifə borcudur. Böyük inkişaf yolunda olan doğma Azərbaycanımızın sosial rifahının daha da artması, əhalinin kənd təsərrüfatına olan tələbatının yüksək səviyyədə ödənilməsi, məhsuldarlığın inkişafı üçün bu sahədə çalışan hər bir kəs öz işinin öhdəsindən bacarıqla gəlməli, məsuliyyətini dərindən anlamalıdır. Bu baxımdan idarəmizin bütün işçilərinə güvənmək olar. Çünki onların hər biri təcrübəli və peşəkardırlar. Daha uğurlu nəticələr əldə etmək üçün tutduğu vəzifədən asılı olmayaraq hər biri onlara həvalə edilmiş işin öhdəsindən məharətlə gəlir və əlindən gələni əsirgəmirlər. 

Mirsəmid Hüseynov

Lənkəran Su Meliorasiya Sistemlərinin  İstismarı İdarəsinin rəisi  

Daxil olundu: 30.11.2025 » Oxundu: 698
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!