Kiçik qardaş daha fərasətli, daha diribaş olur - Məlikməmməd nağılında olduğu kimi,...
Bəzən böyük qardaşın, ortancıl qardaşın eləyə bilmədiyini kiçik qardaş edər.
İlham müəllim mənim kiçik qardaşımdır - uğurları da göz qabağında. Hamısını da alın təri ilə, zəhməti ilə qazanıb. Mane olanlar da, qabağına sədd çəkənlər də olub. Bunsuz həyatın, uğurun nə ləzzəti?!
Onu aspiranturaya qəbul imtahanı vaxtından tanıyıram. Ailə vəziyyəti ilə bağlı ikinci cəhddən qəbul olundu. Elə həmin gündən elmin daşlı-kəsəkli yolları ilə təmkinlə, bütün süni və təbii çətinlikləri dəf edə-edə irəliləməyə başladı və günü bu gün də irəliləməkdədir. Amma bu yol heç də hamı üçün daşlı-kəsəkli olmur – güzgü kimi hamar, bərli-bəzəkli daş döşənmiş elit yollar da ora aparır, hətta bu müqəddəs elm məbədinə paraşütlə düşənlər də olur...
İlham müəllim kənd məktəbinin məzunu olub. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universitetinin) ingilis dili fakültəsini fərqlənmə diplomu ilə bitirib. Bu onun gələcək uğurlarının başlanğıcı, bünövrəsi idi. Əyalət kənd məktəbinin məzunu nüfuzlu bir universiteti fərqlənmə diplomu ilə tamamlamağa müvəffəq olur. O vaxtlar repetitorlar da yox idi...
1986-cı ildə Universiteti bitirdikdən sonra kənd məktəbində müəllimlik edib, 1990-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının əyani aspirantı olub. 1994- cü ildə “ Azərbaycan dili” ixtisası üzrə namizədlik (fəlsəfə doktorluğu), 2008-ci ildə “Dil nəzəriyyəsi” üzrə doktorluq (elmlər doktorluğu) dissertasiyalarını müdafiə edib. Filologiya elmləri doktoru (2008), professordur (2019).
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda Ümumi dilçilik və dil əlaqələri şöbəsində kiçik elmi işçi, elmi işçi kimi çalışıb, (1993-1996). AMEA Nəsimi adına Dilçilik İnstitu¬tunun elmi katibi (1996-2013), Dilçilik İnstitutunda Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri (2013--2014), Qədim dillər və mədəniyyətlər şöbəsində (2014-2016) və Hind-Avropa dilləri şöbəsində baş elmi işçi (2016-2019) kimi fəaliyyət göstərib. 2019-cu ildən Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsinin müdiridir.
İlham müəllimin elmi fəaliyyətini bir-neçə cümlə ilə yığcam belə ifadə etmək olar. Amma bu bir neçə cümlənin arxasında yuxusuz gecələr, zəhmət dolu günlər, həyəcanlı anlar durur. “Axırı yaxşı olsun”- deyirlər. Axırı yaxşı olub. İlham müəllim zəhmətinin bəhrəsini görür, arzularına qovuşub. “Arzularına qovuşmaq”- ifadəsi nisbi mahiyyət daşıyır. İnsanın arzuları, istəkləri sonsuzdur və bu sonsuzluq insan ömrünün mahiyyətini, mənasını təşkil edir. Belə deyək ki, İlham müəllim arzularının bir qisminə qovuşub və həyatının yeni dövrünə, arzularının növbəti mərhələsinə keçib.
Professor İlham Tahirov ümumi dilçilik, dil nəzəriyyəsi, dillərarası əlaqələr, funksional-semantik sahə, dialekt leksikası, toponimika, dil əlaqələri, qədim dillər və mədəniyyətlərin tədqiqi məsələ¬lərinə həsr olunmuş 6 monoqrafiya və kitabın, 5 proqram, 100-dən çox məqalə və tezisin müəllifidir. Əsərlərində sahə nəzəriyyəsində funksional-semantik sahənin mərkəz-periferiya struktur tipinin müəyyənləşdirilməsi üçün tətbiq edilən diferensial əlamətlərə bir binar cütlüyün əlavə edilməsini təklif etməklə nəzəri dilçiliyi zənginləşdirmiş, Azərbaycan dilçiliyində dilin bütün səviyyələrində temporallığın (zaman münasibətlərinin) ifadəsini araşdıraraq, zaman münasibətlərini funksional-semantik sahə kimi təqdim etmiş, leksik və sintaktik temporallıq məsələlərini Azərbaycan dilinin materialı üzrə ilk dəfə olaraq araşdırmış , leksik temporallıq sahəsinin struktur-semantik modelini qurmuş, Azərbaycan dilində dialekt və şivə səviyyəsində alınma sözlərin fonetik, qrammatik təbiətini və leksik-semantik xüsusiyyətlərini öyrənmiş, qədim alınma sözlər layını aşkarlamışdır.
Professor İlham Tahirovun elmi rəhbərliyi ilə 7 fəlsəfə doktorluğu dissertasiyası müdafiə olunmuş, bir neçə nəfər fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə dissertasiya işlərini davam etdirməkdədirlər.
Professor İlham Tahirov AMEA Nəsimi adına Dilçilik İnstitutu Elmi Şurasının və Dissertasiya Şurasının, AMEA Rəyasət Heyətinin nəzdində Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının Dilçilik üzrə Problem Şurasının (2006-2009), Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Dünya dilləri üzrə Elmi Şurasının, AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının Orfoqrafiya bölməsinin (2011-2014) üzvüdür.
İlham Tahirov bir sıra monoqrafik tədqiqatların, kitabların elmi redaktoru, rəyçisi, elmlər namizədi və elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işlərinin rəsmi opponenti olub.
Professor İlham Tahirovun pedaqoji fəaliyyəti də təqdirəlayiqdir. Ali məktəbi bitirdikdən sonra bir müddət Yardımlı rayonu Hamarkənd orta məktəbində (1986-1990), sonralar Xəzər Universitetində (1994-1996), Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetində (1996-1998) Azərbaycan Müəllimlər İnstitutunda (2014-2016) işləyib. 2014-cü ildən-indiyədək Lənkəran Dövlət Universitetində müqayisəli tipologiya, semantik sahə, ingilis dilinin leksikologiyası, üslubiyyatı, filologiyanın müasir problemləri fənlərindən mühazirələr oxuyur, magistrant və doktorantlara rəhbərlik edir.
Professor İlham Tahirov tərcüməçilik sahəsində də tanınmış mütəxəssisdir. O, 1996-2000-ci illərdə Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyinin, Azərbaycan Respublikası Gömrük Komitəsinin, Soros Fondu/Açıq Cəmiyyət İnstitutunun Azərbaycanda həyata keçirdiyi bir sıra layihələrdə tərcüməçi işləmiş, 2007-2010-ci illərdə “Windows Vista” əməliyyat sisteminin və Microsoft Office 2007 proqramlarının Azərbaycan versiyasının hazırlanmasında və tərcümə edilməsində iştirak etmiş, 2005-2007-ci illərdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı nümayəndəliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində «Dilmanc» azərbaycanca-ingiliscə maşın tərcüməsi sistemini hazırlayan işçi qrupun üzvü olmuşdur. İlham Tahirov metodika, hüquq, beynəlxalq hüquq və siyasətin fəlsəfəsinə dair ingilis və rus dillərindən tərcümə etdiyi 6 kitabın müəllifidir.
Professor İlham Tahirov həm də gözəl və qibtə olunası ailə başçısı, qayğıkeş və eyni zamanda tələbkar ata, mehriban və səxavətli babadır. Övladlarının yaxşı tərbiyə və təhsil alması üçün əlindən gələni etmiş, onların respublikamız, xalqımız üçün layiqli və vətənpərvər vətəndaş kimi yetişməsinə nail olmuşdur.
Deyirlər ki, rus poeziyasının iki tanınmış siması arasında möhkəm dostluq əlaqələri var imiş. Çox vaxt bir yerdə olar, poeziyaya, ədəbiyyatşünaslığın müxtəlif məsələlərinə, ictimai-siyasi həyatın müxtəlif hadisələrinə həsr olunmuş tədbirlərdə iştirak edər, bir-birlərinə dəstək olardılar. Günlərin bir günü bu dostlardan biri özünü narahat hiss edir, heç cür gözlərinə yuxu getmir, dost sözünə, dost təskinliyinə ehtiyac duyur və dəstəyi götürüb əziz dost hesab etdiyi insana zəng vurur. Uzun fasilədən sonra dəstəkdən dostunun narazı səsini eşidir: “ Dəli olmusan? Heç bilirsən saat neçədir? Bu vaxtı da zəng vurarlar?!” .
Zəng vuran dost çox pərt olur. Ürək ağrısı ilə deyir: “Mən dövlət idarəsinə, mənzil-istismar kontoruna deyil, ən yaxın ürək dostuma, mənə əziz olan insana zəng vururam. Mən elə bilirdim ki, mən nə vaxt narahatamsa, nə vaxt ürəyim ağrıyırsa, təcili yardımdan əvvəl dostuma zəng vurmalıyam. Mən elə bilirdim ki. dostluq fasiləsizlik anlamındadır. (Ruscası belə səslənirdi: «А я думал, дружба понятие круглосуточное»). Görünür, yanılmışam. Məgər bizim dostluğumuz müəyyən qrafik üzrə , saat 9.00-dan 18.00-a kimidir?!».
Bunu bizə əziz müəllimimiz, həmkarımız rəhmətlik Ağamusa Axundov danışıb...
Yadınıza düşdümü, İlham müəllim? Dedi ki, mən Sizə elə dostluq arzulayıram!
Bir də deyirlər ki, qardaş olub dost olmamaq olar, amma dost olub qardaş olmamaq qeyri-mümkündür.
2023-cü il iyunun 8-də filologiya elmləri doktoru, professor İlham Tahirovun 60 yaşı tamam olur.
Kiçik qardaş və dost kimi 60 yaşınızı ürəkdən təbrik edir, cansağlığı, yeni zirvələr, ucalıq arzulayıram!
Uğurlarınız davamlı olsun, İlham müəllim!

Məsud Mahmudov
Filologiya elmləri doktoru, professor

Daxil olundu: 07.06.2023 » Oxundu: 2625
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!