Hazırda bitkiçilik üzrə elmi iş üzərində çalışan Əkinçilik Elmi Tədqiqat İnstitutu Cəlilabad bölgə təcrübə stansiyasının direktoru Şahlar Əsədullayev bu vəzifəyə 2020-ci ildə təyin olunub. O, 1989-cu ildə Cəlilabad rayonunda anadan olub. Azərbaycan Dövlət Aqrar Universitetinin bakalavr və magistr pilləsində təhsil alıb. 2011-2013-cü illərdə orduda xidmət edib. Elə həmin vaxtdan da əmək fəaliyyətinə başlayıb.
O deyir: "Müasir texnologiyaların tətbiqi və elmi yanaşma kənd təsərrüfatında məhsuldarlığın artırılmasına müsbət təsir göstərir. İnstitutumuz kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılması üçün daim tədqiqatlar aparır, mütəmadi olaraq fermerlərə bu sahədə olan yeniliklərlə bağlı tövsiyələr verir. Burada yeni sortların yaradılması ilə yanaşı, eyni zamanda yüksək və keyfiyyətli məhsuldarlığın əldə olunması üçün də həmin sortların becərilmə texnologiyası ilə də bağlı tədqiqatlar aparırıq. Artıq yeni, müasir texnologiyalardan bizim əkinçilik institutunda da istifadə olunur. Burada müxtəlif bitkilərin seleksiyası və toxumçuluğu, biotexnologiyası və becərmə texnologiyası ilə bağlı tədqiqatlar aparılır. İstehsal olunan toxumlar kvotaya uyğun olaraq dövlət və özəl toxumçuluq təsərrüfatlarına paylanır".
İnstitutda aparılan araşdırmalar kənd təsərrüfatına elmi yanaşmanın geniş tətbiqinə, müasir texnoliyalardan daha səmərəli istifadə etmə yollarının tapılmasına xidmət edir. Bu, fermerlərə də öz işini daha düzgün qurmağa kömək edir. Müəssisədə əsasən seleksiya işləri aparılır. İdarənin 150 hektar torpaq ərazisi vardır. Xüsusən arpa və buğda toxumçuluğu üzrə dövlət səviyyəsində işlər aparan müəssisədə məlum ənənəvi sortlardan "Bərəkətli-95", "Cəlilabad-19", "Rəvan", "Xudafərin bağı", "Yasəmən" və sair sortlardan daha geniş istifadə olunur.
Şahlar müəllim məlumat üçün bildirdi ki, müəssisə 1961-ci ildən Lənkəran filialı, 1965-ci ildən isə bölgə təcrübə stansiyası kimi fəaliyyət göstərir. İkisi elmi işçi olmaqla 23 işçi qüvvəsi ilə çalışan müəssisə lazım olan bütün texnikalarla təmin olunub. Burada hazırlanmış yüksək toxumlar Kənd Təsərrüfatı Nazirliyinin sərəncamı ilə güzəştli şərtlərlə toxumçuluq təsərrüfatlarına verilir. Bölgə təcrübə stansiyasının əsas prinsiplərindən biri də xaricdən idxalı azaltmaq və yüksək məhsuldarlıq sortlarının əldə edilməsidir. Burada orta məhsuldarlıq 30-40 sentinerdir.
Nümunəvi işçilərdən söz düşəndə Şahlar müəllim seleksiya toxumçuluq şöbəsinin müdiri Tofiq İsmayılovun adını birincilər sırasında çəkdi və bildirdi ki, o, bir neçə məqalə və tezislərin müəllifidir. Həmçinin Namiq Cəfərov, Qeyrət Ağayev, Xaləddin Sərhədov və başqalarının adını çəkmək də yerinə düşərdi. Ümumiyyətlə, bu müəssisədə əsasən təcrübəli və peşəkar mütəxəssislər çalışır. Hər kəsin məqsədi isə yüksək və keyfiyyətli məhsuldarlığın əldə olunması, kənd təsərrüfatının inkişafının təmin edilməsidir. Bunun üçün isə hər kəs əlindən gələni əsirgəmir.

G.Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 12.01.2023 » Oxundu: 388
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!