
«Ölkəmizdə, o cümlədən bizim Xaçmaz rayonunda meliorasiya və su təsərrüfatının inkişafı Ulu Öndər Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Ümummilli Lider deyirdi: «Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik». Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə meliorativ tədbirlərin həyata keçirilməsinə yönəldilən vəsait ölkəmizdə bu sahənin sürətli inkişafına gətirib çıxardı. Ulu Öndər hər zaman çalışırdı ki, ölkəmizdə kənd təsərrüfatını inkişaf etdirmək üçün bol su olsun. Respublikamızın müxtəlif bölgələrində su anbarların tikilməsi ideyası da dahi şəxsiyyətə məxsusdur. Sevindirici haldır ki, Ulu Öndərin bu xoşməramlı ideyası onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğula həyata keçirilib və davam edir». Bu sözləri Xaçmaz Suvarma Sistemləri İdarəsinin rəisi Kamil Əliyev söylədi.
Kamil müəllim bu vəzifəyə 2023-cü ilin may ayında təyin olunub. O, uzun illər məhz bu idarədə müxtəlif vəzifələrdə, o cümlədən son illərdə aparıcı mütəxəssis olaraq çalışıb. Rəhbər vəzifəyə öz zəhməti, bacarığı və əməksevərliyi ilə pillə-pillə ucalan Kamil müəllim 1979-cu ildə Xaçmazda anadan olub. Orta təhsilini doğulduğu rayonda başa vurduqdan sonra ali təhsil alıb və elə həmin vaxtdan da əmək fəaliyyətinə başlayıb.
Burada fəhlələrin orta aylıq əmək haqqı 400 manatdır. İdarədə əsasən təcrübəli və bacarıqlı mütəxəssislər çalışır. Belə nümunəvi işçilərdən Mehdi, Rafiq, Əflatun, Baloğlan, Ağababa, Ziyadxan və başqalarını misal göstərmək olar. Bu işçilər qabaqcıl əmək fəaliyyətlərinə görə dəfələrlə idarə tərəfindən mükafatlara layiq görülüblər. İdarə həmçinin bütün lazımı avadanlıqlarla təchiz olunub. Bu il isə idarəyə «KOT» markalı yerqazan ekskovator və yanacaqdolduran maşın verilib.
İdarənin gördüyü işlərdən geniş söhbət açan Kamil müəllim qeyd etdi ki, istismar tədbirlər planına əsasən Xaçmaz rayonunda 50 min 286 hektar suvarılan torpağa xidmət edən suvarma kanalı və kollektorların lildən təmizlənməsi və həmçinin rayon ərazisindən keçən çayların sel təhlükəsindən qorunması üçün bəndlər vurulmuşdur. Bu ilin 6 ayı ərzində kanal və kollektorların lildən təmizlənməsi ilə əlaqəli 330 min kub.metr iş görülüb. Bu da 204 km. suvarma kanalı deməkdir. Bu ilin sonunacan bütün kanal və kollektorlar lildən təmizlənəcək. Buna əsasən Samux çayı və oradan su götürən Samur-Abşeron kanalında su lilli olduğu üçün kanallar ildə ən azı 2 dəfə təmizlənir. Bu il rayonun çay məcralarında 230 min kub.metr iş görülüb və müvəqqəti bəndlər vurulub. Bu isə 120 km məsafədə işlərin görülməsi deməkdir.
İdarənin baş mühəndisi Xaləddin Məlikov bildirdi ki, rayondakı fermerlər suya görə Sudan istifadə birliyinə müraciət edirlər. Bu işlər müqavilə əsasında həyata keçirilir. Yay aylarında su problemi yaransa da, bu məsələ fermerlərə növbəli şəkildə su verilməsi ilə öz həllini tapır.
Gülağa
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü