Yazın gəlişi, torpağın oyanışı daha çox kənd təsərrüfatında özünü büruzə verir. Kənd təsərrüfatının inkişafı əhalinin rifahı üçün ən önəmli məsələlərdən biridir. Hacıqabul Suvarma Sistemləri idarəsinin müdiri Mafisət Cəfərovla söhbətimiz məhz bu barədə oldu. Kənd təsərrüfatının əhəmiyyətindən danışan Mafisət müəllim deyir: "Ölkənin qida təhlükəsizliyinin təmin edilməsi, idxaldan asılılığın azaldılması, eyni zamanda ixrac potensialının artırılması üçün kənd təsərrüfatının inkişafı prioritet sahələrdəndir. Aqrar sahənin inkişafı üçün dövlətimiz tərəfindən fermerlərə hərtərəfli dəstək göstərilir. Hətta fermerlərin bir sıra xərclərini dövlət öz üzərinə götürüb. Bunun üçün fermerlərə hər il subsidiya verilir. Lakin kənd təsərrüfatı məhsullarının əkilib-becərilməsi suvarmadan birbaşa asılıdır desək, yəqin ki, səhv etmərik. Odur ki, yazın gəlişi, torpağın əkinə hazırlanması ilə Suvarma Sistemləri idarəsinin məsuliyyəti bir az artır. Amma biz bütün çətinliklərin öhdəsindən bacarıqla gəlirik. Çünki təcrübəli, öz işinin məsuliyyətini dərindən anlayan və işini sevən insanlarla çalışırıq".

Hacıqabul Suvarma Sistemləri idarəsinin iş rejimi haqqında ətraflı məlumat verən Mafisət Cəfərov bildirdi ki, Qarasu magistral kanalından gələn su 5 yerə bölünür. Bunların hər biri 5-6-7 kilometrə kimi uzanır. Hacıqabulda suvarılan əkin sahələri Meyniman 2970, Abdulabad 2570, Nəvai 5521, Ələtli 1603, Qarasu-Padar 6200, Rəncbər 1788, bir sözlə, bunlar ümumilikdə 20652 hektardır. Pirsaat su kanalında su olmadığına görə Şirvandakı Cənub Elektrik stansiyası işlənmiş suyu axıtmaq üçün 25 km. boru xətti çəkilmişdir ki, Mişovdağ hündürlüyünə qaldırılan su oradan nasos vasitəsi ilə kəndlərə ötürülür. Təəssüf ki, bütün cəhdlərə baxmayaraq hələ də Ağacanlı kəndində su problemi yaşanmaqdadır. Yay mövsümündə Nəvai, Atbalaq, Qızılburun kəndlərində su qıtlığı yaransa da, qismən də olsa bu problemin aradan qaldırılmasına köməklik göstərilir. Hazırda Kür çayında suyun bol vaxtıdır. Ondan qənaətlə istifadə etmək lazımdır ki, yayda heç bir çətinlik yaranmasın.

Mafisət müəllim bəzi çətinliklərdən də söz açdı. Bildirdi ki, hazırda fermerlər taxılın və yoncanın 1-ci suvarılmasını başa çatdırıblar, lakin işin belə gərgin vaxtlarında aqrar sahənin mütəxəssislərinə ehtiyac duyulur.

Rayonun iri əkin sahələrindən Meyniman, Nəvai, Qarasu-Padar və sair kəndlərdə yerləşən fermer təsərrüfatlarının da adını çəkdi. Bu təsərrüfatlarda fermerlər hər il yüksək məhsul əldə etməklə əhalinin rifah halına müsbət təsir göstərirlər.

Bildiyimiz kimi ölkəmizdə aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri elan edilib. Kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar nəticəsində bu sahənin davamlı inkişafı təmin olunub. Pandemiya dövründə aqrar sektorun fəaliyyəti mövcud çağırışlara uyğun qurulub, kənd təsərrüfatı məhsullarının fasiləsiz istehsalı təmin edilib. Aqrar sektorun inkişafına dövlət tərəfindən hərtərəfli dəstək tədbirləri davam etdirilir. Fermerlərin dövlətin göstərdiyi dəstək mexanizmlərindən istifadə imkanları asanlaşdırılır, bu istiqamətdə şəffaflıq, hesabatlıq və əlçatanlıq təmin olunur. Dövlət dəstəyi kənd təsərrüfatının əsas istiqamətləri üzrə məhsul istehsalını artırmağa, ərzaq təhlükəsizliyinin təmin olunmasına imkan yaradır. Məhz görülən tədbirlər nəticəsində kənd təsərrüfatı üzrə müsbət inkişaf dinamikası bu il də davam edir.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 04.04.2022 » Oxundu: 2649
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!