Mövzuma anamın Heydər Əliyev üçün tez-tez səsləndirdiyi kəlamla başlamaq istəyirəm: “Günəşə hansı səmtdən baxsan, günəş elə günəşdir, onun hərarəti hamıya bəs edir...” . Ulu öndər Heydər Əliyev də Azərbaycan səmasında doğan elə bir günəşdir ki, hərarəti hər bir vətən övladının qəlbini isindirir, sevgisi vətən torpağının hər bir bucağını gülüstana çevirir.
Bu gün dahi şəxsiyyət Heydər Əliyevlə bağlı yazdığım bu kiçik məqalə sabah ona yazacağım tarixi dastanın başlanğıcı olacağına əminəm.
Heydər Əliyev zamanın fövqünə sığmayan elə bir dahi şəxsiyyətdir ki, o yalnız öz dövrü ücün yaşamayıb, yalnız öz dövrünün qayğıları ilə məşğul olmayıb. Ulu öndərin hər sahədə saysız-hesabsız xidmətləri dastanlara, kitablara sığmayacaq qədərdir. Onun ən böyük xidmətlərindən biri də Azərbaycan müstəqilliyinin qorunması və inkisafı yolunda gördüyü işlərdir.
1993-cü ildə Azərbaycan yeni tarixi sınaq qarşısında idi. Tarixdən oxuduğum faktlar göstərir ki, belə sınaqlar Azərbaycan həyatında dəfələrlə təkrar olunub. XX əsrin əvvələrində rus imperiyasının çöküşü zamanı Azərbaycan cahana günəş kimi doğdu.
Azərbaycan çar Rusiyasının ikibaslı qartalının caynaqları arasından çıxmağa çalışsa da, müstəqil bir dövlət, bütün Şərqdə ilk demokratik respublika yaratsa da, onu qoruyub saxlaya bilmədi. Bəli, XX əsrin sonlarında tarix yenidən təkrar olundu.
Gəlin müqayisə edək. XX əsrin 90-cı illərinin girişində sovet imperiyası dağıldı və yenidən Azərbaycan özünün müstəqilliyinə qovuşmaq imkanı qazandı.
Beynəlxalq qurumlar tərəfindən müstəqil dövlət kimi tanınmasına baxmayaraq, yenə də Rusiya Azərbaycana sahiblənmək niyyətindən əl çəkmədi. Nəinki xarici, daxili çəkişmələr belə ölkəni parçalanmaq təhlükəsi ilə üz-üzə qoydu. Necə də oxşar mənzərə idı. XX əsrin sonunda müstəqillik qazanan Azərbaycan əsrin əvvəllərində olduğu kimi onu itirməklə üz-üzə qaldı.
Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, siyasi vəziyyətin gərginləşməsi ölkəni təkrar müstəqilliyini itirməklə qarşı-qarşıya qoydu. Xalq yaxşı bilirdi ki, belə bir çətin vəziyyətdə milləti öz arxasınca aparmağa qadir liderə ehtiyac var. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir.
Əsən külək, axan su, düşən torpaq, çoşan çay,
Ürəkdən qopan səda,
Könüldən qalxan haray "O gəlməlidir!" dedi.
Onu zaman çağırdı, onu ürəkdə təpər, damarda qan çağırdı,
Ayağa durmaq üçün dizində hey qalmayan,
Azərbaycan çağırdı! O gəlməlidir dedi.
Əslində, bu bütün xalqın ürəyinin səsi idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı.
İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. "Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır", - deyən Ümummilli Lider öz xilaskarlıq missiyası ilə respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı, atəşkəsə nail oldu, ordu quruculuğunu möhkəmləndirdi, ilk milli konstitusiyamızı yaratdı, Azərbaycan dilini dövlət dili elan etdi, milli-mənəvi dəyərlərimiz olan bayramlarımızı dövlət səviyyəsində qeyd etməyimiz üçün qərarlar imzaladı və vaxt müddətindən adlarını sadalamadığım minlərlə xeyirli işlərin banisi oldu.
Heydər Əliyev yaxşı bilirdi ki, müstəqilliyi qorumaq yolunun başlanğıcı müharibəni dayandırmaqdan, daxili çəkişmələri aradan qaldırmaqdan aslıdır. Düşünürəm ki, bu onun zəka taktikası idi. Məhz buna görə də 1994-cü il mayın 12-də atəşkəs haqda müqavilənin imzalanmasına nail oldu. Uzaqgörən siyasətçi bundan sonra gələcək planlarını gerçəkləşdirmək üçün Azərbaycanda ordu quruculuğunu daha da sürətləndirdi. Qısa müddət ərzində Azərbaycan müstəqilliyinin qarantı olan güclü, qüdrətli Silahlı Qüvvələr yaradıldı. Bu gün tam inamla deyə bilərəm ki, Azərbaycanın tarixi torpaqlarının işğalçı ermənilərdən azad edilməsinin təməli Ulu öndər tərəfindən qurulmuş güclü Azərbaycan Ordusunun rəşadəti sayəsində mümkün oldu.
Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, onun gərgin əməyi sayəsində qanunsuz silahlı dəstələr ləğv olundu. Xalq sığındığı bu xilaskarın sayəsində rahat nəfəs ala bildi. Gəlin sizinlə birlikdə bu gün dünyada baş verənlərə baxaq: bacarıqsız və təcrübəsiz ölkə başçılarının səhvləri ücbatından ölkələrin- məsələn: Ukraniyanın, əlli ilə yaxındır ki, müharibə məngənəsində boğulan Əfqanıstanın və başqa dövlətlərin yox olmaq təhlükəsi ilə üz-üzə qaldığı durumlara nəzər yetirək. Vaxtı ilə Azərbaycan da belə fəlakətlərlə üz-üzə dayanmışdı. Lakin Heydər Əliyevin dərin zəkası və misilsiz xidmətləri ölkəni qısa zamanda bu bəlalardan xilas etdi. Bunu necə görməmək, necə dəyərləndirməmək olar?
20 sentyabr 1994-cü ildə ümummilli lider Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi - "Əsrin müqaviləsi" imzalandı. Bu müqavilə ilə Azərbaycan ilk dəfə olaraq dünya qarşısında sərvətlərinin mütləq sahibi olduğunu bir daha sübut etdi.
Müstəqilliyimizin möhkəm addımlarla irəliləməsi üçün sağlam qanunlar toplusunun vacibliyini dərk edən misilsiz düşüncə sahibi 1995-ci il noyabrın 12-də ümumxalq səsvermə yolu ilə ilk milli Konstitusiyamızı yaratdı. Bu konstitusiya müstəqilliyimizin davamlı inkişafını təmin etdi.
Bu müqəddəs yolda xalqın yaşamasında milli-mənəvi dəyərlərin qorunmasının və inkişafının önəmini dərk edən zəngin zəka sahibi doğma dilimizə diqqəti ön planda saxladı: "Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur"- deyən ulu öndər 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması qanununu təsdiq etdi.
Müdrik rəhbərin böyük əziyyətlər bahasına qurub-yaratdığı müstəqil Azərbaycan bu gün Ulu Öndərin siyasi irsinin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf etdirilir. Bu gün ölkəmizin üçrəngli bayrağı dünyanın ən nüfuzlu ölkələrinin bayraqları ilə bir sırada dalğalanır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqil dövlətçilik yollarındakı dönməz mövqeyi, yaradıcı dühası, yorulmaz fəaliyyəti ilə Heydər Əliyev epoxasını tamamlamış və yeni tarixi era yaratmışdır.
2020-ci ildə İkinci Qarabağ müharibəsində döyüşlərin getdiyi 44 gün ərzində cənab İlham Əliyev hərb meydanında müzəffər sərkərdəliyi ilə, diplomatik cəbhədə zəngin nitqi ilə, informasiya müharibəsində Azərbaycanın haqq səsini məharətlə dünyaya yaymaqla Heydər Əliyev ideyalarının yaşadığını və önun əkdiyi toxumların artıq bəhrə verdiyini bütün dünyaya nümayiş etdirdi.
Bu gün ulu öndərin sözü, işi, ideya və əməlləri gündəlik həyatımızın tərcümanıdır, həyatımızı, yaşam tərzimizi təyin edir, yol göstərir, təmin edir. Biz bu adla sabahlarımızı açır, milli dünənimizə önəm verir, gələcəyimizi müəyyən edirik. Bu adla müasir dünyanı fəth edir, qələbələr qazanırıq.
Çox böyük qürur hissi keçiririk ki, qədim, əzəli Azərbaycan torpaqlarına, Qarabağa qayıtmışıq.
Ümummilli lider Heydər Əliyevin bir zamanlar bütün dünyaya bəyan etdiyi kimi, “Azərbaycan vətəndaşının ən gözəl sabahları öndədir. Azərbaycan dövlətinin ən qüdrətli zamanları irəlidədir! Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir!”
Nağıyeva Ləman Nofik qızı
Xırdalan şəhər Veysəl Müsibov adına
5 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi,
Ulu öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi
