Heydər Əliyev haqqında danışarkən həmişə qeyd olunur ki, ümummilli liderimiz hər şeydən əvvəl öz vətənini, xalqını və millətini sevən bir şəxsiyyət olmuşdur. Buna görə mən yazıma dilin saflığı və gözəlliyi uğrunda mübarizənin ön sıralarında gedən Ö.F.Nemanzadənin sözləri ilə başlamaq istəyirəm: “Millətimizi sevmək üçün ən irəli dilimizi sevməliyik. Həm də elə bir eşq ilə sevməliyik ki, heç bir şey ona əngəl ola bilməsin. Məhəbbətlərimizin ən üst qatına dil məhəbbətini çıxarmalıyıq. Dilimizi sevmək hamımızın ən birinci müqəddəs borcu olmalıdır. Biz özümüzü bilməsək, öz dilimizi bəyənməsək, kim bizə hörmət edəcək və nədən ötrü etsinlər?”. Bu mənada millətini sevən bir şəxsiyyətdən söhbət gedirsə, onun dilimizə, ədəbiyyatımıza, milli-mənəvi dəyərlərimizə olan münasibətindən danışmaq yerinə düşər. Heydər Əliyevin dil siyasətinin ana xətti “Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir” fikrinin üzərində qurulmuşdur.
70-ci illər respublikamızın həyatında elə bir dövr idi ki, Azərbaycan dili rəsmi məclislərdən, möhürlü idarələrdən daxmalar küncünə qovulmuşdu. Qapıların arxasında boynubükük qalan dilimiz yazıq-yazıq yad dildə gedən danışıqlara qulaq asırdı. M.Ə.Sabiri, C.Məmmədquluzadəni, Ö.F.Nemanzadəni göynədən yaralar 70-ci illərdə S.Rüstəmxanlını, X.R.Ulutürkü, B.Vahabzadəni göynədirdi. Zəncirləri qırmaq, bircə qərarla yad dili qovub milli dilin mənəvi hüququnu özünə qaytarmaq çox çətin idi. Bunun üçün yalnız incə, davamlı bir siyasət işlətmək, addım-addım məqsədə doğru irəliləmək lazım idi.
Sovet rejiminin tüğyan etdiyi belə bir dövrdə H.Əliyevin BDU-nun - Azərbaycanın ilk təhsil ocağının 50 illik yubileyində doğma ana dilində çıxışı, 1978-ci ildə qəbul olunmuş konstitusiyaya bir çox dövlətlərdən fərqli olaraq Azərbaycan dilinin dövlət dili olması haqqında maddənin salınması o dövr üçün inqilaba bərabər hadisə, cəsarətli bir addım idi. Bu haqda möhtərəm prezidentimiz belə deyirdi: “Yadımdadır, 1978-ci ildə biz Azərbaycan Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə Moskvadan bizim başımıza nə qədər oyunlar açıldı, nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük. Hələ 1978-ci ildə qəbul olunmuş konstitusiyada bir çox başqa dövlətlərdən fərqli olaraq Azərbaycan dili haqqında maddə yazdıq və Azərbaycanın dövlət dilinin Azərbaycan dili olduğunu orda göstərdik. Amma bu da bizdə Azərbaycan dilinin hakim dil olmasını təmin edə bilmədi. Çünki biz böyük bir dövlətin içində idik. Bütün işlər o dildə keçirilirdi”.
Böyük şairimiz B.Vahabzadə o dövrün mənzərəsini öz misraları ilə gözümüz önündə belə canlandırır:
Yadın fitvasıyla, öz gülləmizlə
Özgənin dilinə ov olan dilim.
Möhürlü, hüquqlu idarələrdən
Daxmalar küncünə qovulan dilim.

Ali təbəqələr səni dandılar,
Sən bir ümman ikən dayaz sandılar.
Özgənin dilində xoruzlandılar,
Sən ey öz sacında qovrulan dilim.

Xətai taxtında sən fərman oldun,
Dillərə hökm edən qəhrəman oldun.
Bəs niyə sən bu gün pərişan oldun,
Bilgə qılıncından od alan dilim.

Tarixin yolunu keçdin uğurlu,
Sənə batammadı bir qoluzorlu.
Dünəni möhtəşəm, sabahı nurlu,
İndisi tapdanıb ovulan dilim.
H.Əliyev Azərbaycan dilini gözəl bilirdi. O, daim şairlərlə, dilçi alimlərlə görüşür, dil tarixinin müxtəlif dövrlərinə aid yazılmış əsərləri oxuyur, alimlərimizin fikirlərinə hörmətlə yanaşır, onları yeni-yeni tədqiqat əsərləri yazmağa ruhlandırırdı. Müdrik prezidentimiz Türk dünyası yazarlarının III qurultayında demişdi:
“Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilirik. Burada mən Azərbaycan yazıçılarının, dilçilərinin, ədəbiyyatşünaslarının xidmətlərini xüsusi qeyd edirəm”.
70-ci illərdə “Azərbaycan” və “Ulduz” jurnallarının, “Ədəbiyyat” qəzetinin nüfuzu yüksəldilir, görkəmli söz ustalalarının yubileyləri keçirilirdi. Məhz bu illərdə Azərbaycan yazıçılarının qurultayları keçirilməyə başladı (1971, 1976, 1981-ci illərdə). Tənqidçilərimiz haqlı olaraq 70-80-ci illəri ən yeni dövr Azərbaycan ədəbiyyatının yüksəliş illəri kimi qiymətləndirirlər. Bütün bu tədbirlər, qurultayların keçirilməsi, şair və yazıçılara göstərilən qayğı müdrik siyasətçinin dil sahəsində apardığı siyasətin ayrı-ayrı, lakin elmi şəkildə birləşdirilən halqaları idi.
Azərbaycan müstəqillik əldə edəndən sonra Azərbaycan dilinin inkişafı sahəsində böyük işlər görüldü. Böyük Azərbaycan şairi M.Füzulinin 500 illik yubileyi YUNESKO səviyyəsində qeyd olundu. “Dədə Qorqud”un 1300 illiyi keçirildi. H.Əliyev fəxrlə deyirdi: “İndi biz Azərbaycan dilini, bizim ana dilimizi, millətimizin dilini hakim dil etmişik və bütün dünyaya nümayiş etdiririk ki, dünyada Azərbaycan xalqı var, Azərbaycan milləti var, Azərbaycan mədəniyyəti var və bu xalqın doğma ana dili – Azərbaycan dili vardır”.
18 iyun 2001-ci il tarixdə Azərbaycan xalqının və dilinin tarixində ən əlamətdar bir hadisə baş verdi. Dövlət başçımız “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” müstəsna dəyəri olan bir fərmana qol çəkdi. 4 iyul 2001-ci il tarixdə “Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının təşkilinin təsdiq edilməsi haqqında” sərəncam imzaladı. Həmin ilin 9 avqustunda “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsdiq edilməsi haqqında” fərman verildi. H.Əliyev fərmanın reallaşması istiqamətində ciddi işlər gördü. Bu işlər indi də prezidentimiz İ.Əliyev tərəfindən davam etdirilir. Lakin hələ görülməli işlərimiz çoxdur. Elmin, texnikanın inkişafı ilə bərabər dilimiz də inkişaf edir. Əminəm ki, dilimizin keşiyində duran dilçilərimiz bunu nəzərə alıb leksik, orfoqrafik və orfoepik lüğətləri yenidən işləyəcək və bu lüğətlər xalqın istifadəsinə veriləcək.
Bütün bunlarla yanaşı təəssüflə qeyd etməliyəm ki, bu qədər iş görülməsinə baxmayaraq, nöqsanlarımız da var. Bəzi ictimai yerlərdə, küçələrdə olan yazılarda orfoqrafik normaların pozulması hallarına rast gəlirik. Sözlər düzgün yazılmır. Tərbiyə, ehtiyac, ehtiyat kimi sözləri səhv olaraq iki “y” ilə yazırlar. Layihə sözünü 3-5 nəfər düzgün yazır və tələffüz edir. Əksəriyyət lahiyə deyir və yazır. Təəssüf doğuran haldır ki, bəzi ziyalılarımızın, televiziya aparıcılarımızın dilində, filmlərimizdə aktyorların danışığında səhvlərə yol verilir. Laqeydçilik, bədbəxtçilik, xoşbəxtçilik və s. kimi sözlər laqeydlik, bədbəxtlik, xoşbəxtlik yazılmalı və deyilməlidir. Bəzən vurğunu yerində işlətmirlər. Dilimizin qrammatik qaydalarının pozulması hallarına da tez-tez rast gəlirik. Bir sayının yanında işlənən isimlər təkdə olmalıdır. Bir işlər, bir məsələlər demək və yazmaq səhvdir. Qeyri-qəti gələcək zamanda işlənən feilləri səhv yazır və səhv tələffüz edirlər. Ar2 qeyri-qəti gələcək zaman şəkilçisidir. II və III şəxsin təkində və cəmində r-z əvəzlənməsi baş verir. Almazsan, bilməzsən olmalıdır. Belə misalların sayını artırmaq olar. Bu da bizdə narahatlıq doğurur. Dilimizi sevmək və qorumaq hamımızın borcudur. Ulu öndərimiz deyirdi ki, Azərbaycan dili Azərbaycan xalqının mənəviyyat bayrağıdır. Nə qədər ki, bu bayraq Azərbaycan adlı diyarda ucalır, deməli, Azərbaycan var, Azərbaycan xalqı yaşayır. Gəlin bir də Azərbaycan xalqının mənəviyyat bayrağını – Azərbaycan dilini həmişə uca tutaq. Bunu bizdən daima dilimizin qayğısına qalan, Azərbaycan dilinin inkişafında müstəsna xidmətləri olan ulu rəhbərimizin ruhu tələb edir.

Səhər Nəsib qızı Rzayeva
təqaüdçü müəllim

 

Daxil olundu: 31.07.2024 » Oxundu: 459
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!