Tovuz Dövlət Peşə Təhsili Mərkəzinin direktoru İlham Xasməmmədli bu vəzifəyə bu yaxınlarda təyin edilib. İlham müəllim 2009-2013-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetində Elektroenergetika mühəndisliyi üzrə ali təhsil alıb. 2014-2016-cı illərdə həmin universitetdə Elektrik təchizatı üzrə magistraturada oxuyub. Əmək fəaliyyətinə təhsil sahəsində başlayan İlham müəllim 2016-2024-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin Mühəndislik fakültəsinin Energetika kafedrasında müəllim kimi çalışıb. O, eyni zamanda 2021-ci ildə "Azərişıq" ASC-nin "Qərb" Regional Enerji Təchizatı və Satışı İdarəsinin Qazax Elektrik Şəbəkəsində aparıcı mühəndis, 2025-ci ildə isə Qazax Dövlət  Sosial-İqtisadi  Kollecində müəllim işləyib. Hazırda Tovuz Dövlət Peşə Təhsil Mərkəzinə rəhbərlik edir. Tovuz Dövlət Peşə Təhsili Mərkəzinin hazırda 157 işçi qüvvəsi vardır. Tələbə sayı isə 707 nəfərdir. İlham müəllim məlumat üçün onu da qeyd etdi ki, 150-yə yaxın şagirdin davamiyyəti qənaətbəxş olmadığı üçün məktəbdən kənarlaşdırılıb. Mərkəzdə dərzi, aşpaz, tikiş avadanlıqları operatoru, elektrik qaz qaynaqçısı, xalçaçı və s. ixtisaslar tədris olunur. Növbəti il üçün isə əlavə olaraq dronların təmiri və servisi, plastik qapı-pəncərə ustası ixtisasları sifariş edilmişdir. Burada çalışan nümunəvi müəllim və ustalardan tədris hissə müdiri Tahirə xanımın, Nigar, Şahnaz, İlahə, Könül xanımların, həmçinin Ülvi, Azər və başqalarının adını çəkmək yerinə düşərdi. Bu ilin aprel ayında Pəri Teymurova Mərkəzə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib. Mərkəz bütün lazımı avadanlıqlar və inventarlarla təchiz olunub. Bu isə şagirdlərin seçdikləri peşəni daha dərindən mənimsəməklə yanaşı, nəzəri olduğu kimi praktiki də öyrənməyə şərait yaradır. İlham müəllim onu da bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 2026-2030-cu illərdə Mərkəz üçün yeni məktəb binasının tikilməsi nəzərdə tutulub. İlham müəllim deyir: "Son dövrlərdə peşə tədrisi ilə bağlı fəaliyyət göstərən məktəblərə göstərilən diqqət və qayğı artıq öz bəhrəsini verməkdədir. Belə ki, peşə təhsili alan şagirdlərin peşələrini praktiki olaraq öyrənmələri üçün məktəblər  müasir tipli avadanlıqlarla təchiz edilir. Gələcəyin sənət sahiblərinin öz peşələrini nəzəriyyə ilə birlikdə praktiki öyrənmələri üçün təhsil aldıqları müəssisələrə müasir tipli avadanlıqlar verilir. Şagirdlərə ixtisaslarına uyğun avadanlıqların olmaması səbəbindən əvvəllər onlara yalnız nəzəriyyədən dərs keçirilirdi. İndi isə vəziyyət başqadır. Belə tədris ocaqlarında artıq müasir standartlara cavab verən avadanlıqlar, o cümlədən tikiş maşınları, kompyuterlər və s. şagirdlərin istifadəsinə verilib. Bütün bunlar isə şagirdlərin seçdikləri peşənin sirlərinə daha dərindən bələd olmaları üçün əvəzsiz vasitədir" Gənclərə dərzilik peşəsinin sirlərini öyrədən müəllim isə deyir: "Dəb aləmi həmişə öz gözəlliyi, parlaqlığı və zərifliyi ilə nəinki xanımları, hətta bütün insanları heyran edib. Diqqət çəkən məqamlardan biri də geyimlərin dizaynı və tikilişi ilə bağlıdır. Bəlkə elə buna görə də son zamanlarda şagirdlər arasında dərziliyə olan maraq daha da çoxalıb. Bizim kurslarda qadın baza geyimlərinin biçilməsi, həm də tikilməsi öyrədilir. Son mərhələ isə modelləşmədir. Bundan sonra tələbə istənilən modellə işləyə bilər. Lakin bəzi tələbələr üst geyimləri kimi mürəkkəb modelləri də həvəslə hazırlayırlar. Qavrama fərddən asılı olaraq dəyişir. Bu proses daha çox təcrübə tələb edir. Kurslarla yanaşı evdə də məşğul olmaq məsləhətdir. Başlanğıcda tikiş vurmaq, maşına və onun sürətinə öyrənmək çətindir. Lakin müasir sənaye maşınlarında sürəti tənzimləmək, azaltmaq və artıqmaq mümkündür. Bu isə işləri bir qədər asanlaşdırır. Daha bir maraqlı məqamı da qeyd etmək istəyərdim ki, dərzilik kurslarına müraciət edən xanımlar müxtəlif peşə sahibləri də ola bilərlər. Onlar dərziliyin sirlərini öyrənə-öyrənə dizaynerlik sənətinə də yiyələnə bilərlər. Çünki bizim sahəmiz maraqlı olduğu qədər də, cəlbedici və yaradıcıdır".

Gülağa CƏFƏROV,

Keçmiş SSRİ və Azərbaycan

Jurnalistlər Birliyinin üzvü üzvü

Daxil olundu: 19.08.2026 » Oxundu: 24
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!