Yerli özünüidarəetmə üsullarından biri olan bələdiyyələr müvafiq qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində fəaliyyət göstərən bir sahədir. Yerli əhəmiyyətli məsələlərin həllini təmin edən, seçki yolu ilə formalaşan bələdiyyələrin əsas işi yerli büdcəni idarə etmək, ərazinin abadlaşdırılması, kommunal xidmətlərin təşkili, yerli infrastrukturun inkişafı və vətəndaşlara sosial-məişət xidmətlərinin göstərilməsidir. Yerli sakinlərin maraqlarını təmin etmək üçün müstəqil fəaliyyət göstərən bələdiyyələrin əsas məqsədi əhalinin rifahını daha da yüksəltmək, yaşayış səviyyəsini yaxşılaşdırmaqdır.
Bu haqda danışan Şəki rayon Qoxmuq bələdiyyəsinin sədri Əliheydər Abdullayev söhbətinə onu da əlavə etdi ki, Qoxmuq bələdiyyəsi də digər bələdiyyələr kimi yuxarıda göstərilənləri əsas tutaraq əhalinin rahatlığını təmin etmək üçün kəndin abadlaşdırılması ilə bağlı sakinlərin müraciətini daim diqqətdə saxlayır və maliyyə imkanları çərçivəsində lazımı işlər görür. Şəhid ailələrinin, qazilərin və aztəminatlı ailələrin daim diqqətdə saxlanılması və onlara müvafiq dəstəyin göstərilməsi də bələdiyyənin vacib hesab etdiyi məsələlərdəndir. Təyin olunmuş vergilərin vaxtında ödənilməsi isə sakinlərin bələdiyyənin inkişafına olan birbaşa dəstəyidir. Problemlərin həlli istiqamətində əməli tədbirlər görülməsi və zəruri ehtiyacların ödənilməsinin davamı bu məsələdən çox asılıdır.
Onu da qeyd edək ki, inzibati mərkəzi Qoxmuq kəndində yerləşən bələdiyyə özündə Qoxmuq, Zunud, İnçə, Aşağı Şabalıd və Baltalı kəndləri olmaqla 5 kəndi birləşdirir.
Bələdiyyə sədri Əliheydər müəllim dedi ki, Şəki dağ zonası olduğu üçün burada yağıntının miqdarı daha çoxdur. Məhz buna görə də yağan yağış və sel suları nəticəsində yollar tez-tez sıradan çıxır və çala-çuxurlar əmələ gəlir. Bu fəsadları aradan qaldırmaq və yolları qaydaya salmaq üçün yol işinə baxan podratçı təşkilatlarla müqavilə bağlayıb, cari təmir işləri görülür. Bələdiyyənin ərazisində artezian quyuları da vardır ki, kənd camaatı bu sudan istifadə edirlər. Təqdirəlayiq hallardan biri də odur ki, Zunud kəndində vətəndaşların köməyi ilə 2 km. yola işıq çəkilib. Buraya işıq çəkilməsində bələdiyyə ilə yanaşı rayon İcra Hakimiyyətinin və digər təşkilatların da dəstəyi olmuşdur.
Bütün milli bayramlarımızda şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı, həmçinin lazımı köməkliklər kənd camaatının bələdiyyənin işinə olan inamını gücləndirir. Ərizə ilə bələdiyyəyə müraciət edənlərin qaz, işıq pulu, xəstəlik və s. ilə əlaqədar hər hansı bir çətinliyi varsa, onlara da maddi yardım göstərilir.
Bir məqamı xüsusi vurğulamaq lazımdır ki, Qoxmuq kənd bələdiyyəsinin həyətində bir xatirə abidəsi inşa edilib. Burada Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin adlarını əbədiləşdirmək üçün 18 nəfərin adı və şəkilləri qara mərmərə həkk edilib. Bu isə kənd camaatının öz şəhidinə verdiyi qiymət və unudulmazlıq nişanəsidir.
Əliheydər müəllim onu da bildirdi ki, qarşıda görüləsi işlər və planlar çoxdur. Gəncliyin tükənməz gücü el-oba sevgisi ilə birləşəndə hər iş insana asan gəlir. Əliheydər müəllim də hələ çox gəncdir. O, 1997-ci ildə Şəki rayonunun Zunud kəndində anadan olub. Ali təhsil aldıqdan sonra doğulduğu rayona dönüb və 2019-cu ildə Zünud bələdiyyəsinin üzvü seçilib. 2020-ci ildən Zünud bələdiyyəsinin sədri olub .Bələdiyyələr birləşəndən sonra yəni 2025 ci ildə Qoxmuq bələdiyyəsinin üzvü seçilib.Elə həmən ildən Qoxmuq bələdiyyəsinin sədri vəzifəsində işləyir.
Gülağa CƏFƏROV
Keçmiş SSRİ və Azərbaycan
Jurnalistlər Birliklərinin üzvü
